Azedu.az

Övlad böyüdərkən valideynlərin ən çox etdiyi SƏHVLƏR

AzEdu Təhsil Platforması

11 Noyabr 2026, 17:41
Övlad böyüdərkən valideynlərin ən çox etdiyi SƏHVLƏR

Son zamanlar bir çox valideynlər övladlarının yeniyetməlik dövrünü çətin keçirməsindən şikayətlənir. Bu mərhələdə uşaqların davranışlarında və xarakterində ciddi dəyişikliklər müşahidə olunur. Dərslərə marağın azalması, məsuliyyətdən yayınma, valideynlərlə mübahisələr, qapanıqlıq və heç nəyə həvəs göstərməmək ailələri narahat edən əsas məsələlərdəndir.

Yeniyetməlik dövründə valideynlərin yol verdiyi ən böyük səhvlər hansılardır və uşaqlarla münasibətdə nələrdən çəkinmək lazımdır?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən psixoloq Gülnar Orucova qeyd edib ki, son dövrün yeniyetmələri əvvəlki illərin yeniyetmələrindən əsaslı şəkildə fərqlənirlər:



"Ümumiyyətlə, son dövrün yeniyetmələri əvvəlki illərin yeniyetmələrindən əsaslı şəkildə fərqlənirlər. Bunun səbəblərindən biri valideynlərin övladlarının hər istəyini yerinə yetirməsi, onların özlərinin edə biləcəyi işləri belə əvəzlərindən görməsidir. Valideyn övladına məsuliyyət hissi aşılamırsa, nəticədə uşaq məsuliyyətsiz böyüyəcək.

Əgər istəyirsinizsə ki, övladınız məsuliyyətli olsun, kiçik yaşlarından etibarən onun üzərinə müəyyən məsuliyyətlər qoymalısınız. Davranış pozuntularının yaranmaması, intizamlı və məsuliyyətli olması üçün uşağa erkən yaşlardan məsuliyyət hissi aşılanmalıdır.

Məsələn, bu gün uşaqlar məktəbə gedəndə valideynlərin davranışına diqqət yetirirəm. Mən də valideynəm. Bəzi valideynlər hətta uşaqlarının məktəb çantalarını daşımaq üçün kimsə tutur, yəni övladının çantasını başqasına daşıtdırır. Halbuki bu, gələcəkdə də həmin yanaşmanın davam edəcəyinin göstəricisidir. Bu gün övladının çantasını onun əvəzinə daşıyan valideyn sabah övladının həyat yoldaşının və uşaqlarının məsuliyyətini də öz çiyinlərində daşımalı olacaq. Bu, məhz belə bir yanaşmanın nəticəsidir. Ona görə də valideynlər indidən bu məqamı nəzərə almalıdırlar".  

Valideyn övladına yalnız sevgi göstərməklə kifayətlənməməli, ona sərhədləri, məsuliyyəti və hörmət etməyi də öyrətməlidir:

"Digər tərəfdən, yeniyetmələrə telefon alınması məsələsi də var. Mən demirəm ki, uşaqlara telefon alınmasın və ya ümumiyyətlə telefon verilməsin. Amma valideynlər nəzərə almalıdırlar ki, telefonlardan istifadə, xüsusilə də oradakı oyunlar uşaqların sinir sisteminə, yuxusuna və davranışlarına mənfi təsir göstərə bilər. Yəni telefon istifadəsi də yeniyetmələrdə davranış pozuntularının yaranmasına təsir edən amillərdən biridir.  

Demək istədiyim odur ki, valideynlər, ilk növbədə, övladlarına məsuliyyət hissi aşılamalıdırlar. İkinci vacib məqam isə valideynlərin övladları ilə dost münasibətində olsalar belə, müəyyən sərhədləri qorumasıdır. Uşaq bilməlidir ki, bu, mənim anamdı və mən ona hörmətlə yanaşmalıyam.

Marketlərdə tez-tez azyaşlı uşaqların analarını incitdiyini, döydüyünü, əşyalar atdığını, hətta ayaqqabılarını çıxarıb tulladığını görürəm. Belə hallarla qarşılaşanda çox təəccüblənirəm. Halbuki bu davranış pozuntuları kiçik yaşlardan etibarən aradan qaldırılmalı idi. Valideyn isə artıq uşağı elə bir yaşa çatdırıb ki, yeddi yaşında uşaq etdiyi hərəkətləri dərk edir. Uşaqlar, belə deyək, kiçik manipulyatorlardır. Onlar valideynlərini manipulyasiya edir, valideynlər isə uşaqların hər istəyini yerinə yetirirlər. Nəticədə də davranış pozuntuları ortaya çıxır.

Əgər valideyn övladının hər hansı davranışını düzəltməkdə çətinlik çəkirsə və ya bunun zəruri olduğunu düşünmürsə, mütəxəssisə müraciət etməlidir. Məsələn, bu gün ödənişsiz konsultasiyalar keçirən, valideynləri maarifləndirən müəssisələr də var.

Hətta bu yaxınlarda bir valideynə övladının davranışında problem olduğunu bildirmişdim. Ancaq həmin valideyn nəinki bununla maraqlandı, hətta mənə cavab belə yazmadı. Təsəvvür edirsiniz? Deməli, valideyn hələ də övladının davranışında problem olduğunu qəbul etmir. Mən bunu bildirdikdə belə, məsələyə aqressiv yanaşmaq əvəzinə, heç bir cavab verməməyi, bir növ, inkar etməyi üstün tutdu. Təəssüf ki, belə valideynlər də var.

Çünki bəzi hallarda valideynin öz davranışında da problemlər olur. O, özü həmin hərəkətləri etdiyinə görə uşağının da eyni davranışları göstərməsini normal hesab edir. Bəzi ailələrdə cəmiyyət tərəfindən qəbul olunmayan davranışlar ailədaxili mühitdə adi hal kimi qarşılanır.

Ona görə də bütün bunlara diqqət yetirmək və övladı kiçik yaşlarından etibarən düzgün istiqamətdə formalaşdırmaq lazımdır. Uşağı gələcəyə hazırlamaq, ona müəyyən məqsədlər aşılamaq vacibdir. Böyüyəndə kim olacağını, hansı peşənin sahibi olacağını, harada yaşayacağını, nələrə sahib olmaq istədiyini düşünməyi öyrətmək lazımdır".

Valideyn uşağını müstəqil həyata hazırlamalıdır, çünki o, övladının əvəzinə ömür boyu yaşaya bilməz:

"Valideynlər bəzən övladlarını gələcəyə hazırlamadan, onlara müstəqil olmağı öyrətmədən böyüdürlər. Uşaq isə düşünür ki, valideynləri həmişə onun yanında olacaq, bütün ehtiyaclarını qarşılayacaq və hər şeyi onun əvəzinə edəcək.

Bu gün kifayət qədər imkanlı, tanınmış insanların, hətta aktyorların övladlarının davranışlarını görürük və təəccüblənirik ki, belə bir aktyorun necə belə övladı ola bilər? Halbuki həmin valideyn övladını həddindən artıq sevərək onun edə biləcəyi hər şeyi öz üzərinə götürüb. Nəticədə bu gün belə hallarla qarşılaşırıq.

Uşaqlarda davranış pozuntuları kiçik yaşlardan müşahidə olunduqda psixoloqa müraciət etmək lazımdır. Çünki bu problemlər zamanında aradan qaldırılmadıqda sonradan onların düzəldilməsi daha çətin olur".  

Valideyn övladında problem olduğunu bu gün qəbul etmirsə, sabah həmin problemi həll etmək daha çətin olacaq:

"Bir gün bir tədris mərkəzində baş verən hadisə məni çox təəccübləndirdi. Əslində, konsultasiyaların ödənişini rəhbərlik qarşılayır. Yəni rəhbərlik konsultasiyaları valideynlər üçün ödənişsiz təşkil etsə də, biz öz əməyimizin qarşılığını alırıq. Sadəcə, ödəniş uşaq sayına görə deyil, gündəlik işimizə görə hesablanır.

Valideynlərin əlaqə nömrələri olur və rəhbərlik bizə bildirir ki, həmin nömrələrə səsli mesaj göndərək, özümüzü təqdim edək. Məqsəd odur ki, valideyn psixoloqu Google-da axtararkən onun haqqında məlumat tapa bilsin və övladına sıradan bir psixoloqun deyil, tanınmış, öz işini bilən mütəxəssisin baxdığını anlasın. Eyni zamanda, valideynin övladını həmin psixoloqun qəbuluna yazdırması nəzərdə tutulur.

Çünki biz əslində bu işlə birbaşa məşğul olmuruq, tədris mərkəzinin öz psixoloqları var. Onların məqsədi də problemli uşaqları müəyyənləşdirmək və onlarla psixopedaqoji iş aparmaqdır. Mərkəz aylıq əməkhaqqı ilə psixoloq işə götürür və həmin mütəxəssisdən əməkhaqqının qarşılığında müvafiq işi həyata keçirməsini gözləyir.

Amma əsas problem valideynlərin övladlarında hər hansı problemin olduğunu qəbul etməməsidir. Məsələ də məhz bundadır: valideyn bu gün övladında problem olduğunu qəbul etmir. Halbuki söhbət tədris müəssisəsindən, məktəbə gedən uşaqdan gedirsə, problem vaxtında aradan qaldırılmalıdır. Əgər biz bu gün həmin problemi həll edə bilmiriksə və ya bunun üçün lazımi addımları atmırıqsa, valideyn bir məqamı başa düşməlidir: uşaq böyüdükcə onun problemi də böyüyür. Yəni təkcə uşaq böyümür, onun problemi də onunla birlikdə böyüyür".

İrandan müharibə anonsu - Zərbə endirəcəyik!
Son xəbərlərDaha çox