Dövlət Proqramı İdarəetmə Qrupunun (DPİQ) rəhbəri Qədir Xəlilov Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində Honq-Konqun nüfuzlu ali təhsil müəssisələri - Honq-Konq Universiteti (The University of Hong Kong – HKU), Honq-Konq Çin Universiteti (The Chinese University of Hong Kong – CUHK) və Honq-Konq Politexnik Universiteti (The Hong Kong Polytechnic University – PolyU) ilə görüşlər keçirilib.
AzEdu.az xəbər verir ki, görüşlərdə ali təhsil müəssisələrinin rəhbər heyəti, o cümlədən Honq-Konq Politexnik Universitetinin Tətbiqi fizika departamentinin professoru, Təbiət elmləri fakültəsinin elmi tədqiqatlar üzrə dekan müavini Yanq Çay və Honq-Konq Çin Universitetinin Qəbul və maliyyə yardımı ofisinin direktoru Ann Sin Nqa Lau iştirak ediblər.
Görüşlər zamanı Dövlət Proqramı İdarəetmə Qrupunun əsas fəaliyyət istiqamətləri, Dövlət Proqramının prioritet ixtisas sahələri və qarşıya qoyduğu məqsədlər barədə məlumat verilib. Dövlət Proqramının ölkənin yüksəkixtisaslı insan kapitalına olan tələbatının qarşılanmasında və gənclərin dünyanın qabaqcıl universitetlərində təhsil imkanlarına çıxışının təmin edilməsində oynadığı rol diqqətə çatdırılıb.
Gündəlikdə olan əsas məsələlərdən biri Dövlət Proqramının prioritet ixtisas istiqamətləri üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrində azərbaycanlı namizədlər üçün təhsil proqramı seçimlərinin genişləndirilməsi olub.
Görüşlər zamanı akademik tərəfdaşlığın genişləndirilməsi istiqamətində Azərbaycan və Honq-Konqun ali təhsil müəssisələri arasında birgə ikili diplom proqramlarının yaradılması perspektivləri də müzakirə olunub. Bu çərçivədə universitetlərin mövcud akademik potensialından qarşılıqlı faydalanılması və birgə tədris təşəbbüslərinin formalaşdırılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşlərin digər mühüm istiqamətini Dövlət Proqramı iştirakçılarının akademik və peşəkar inkişafının dəstəklənməsi təşkil edib. Tələbələrin universitetlərin təqdim etdiyi elmi tədqiqat, təcrübə və karyera inkişafı imkanlarından daha geniş yararlanması, akademik mühitə inteqrasiyasının dəstəklənməsi və mövcud dəstək mexanizmləri üzrə əlaqələndirmənin gücləndirilməsi perspektivləri nəzərdən keçirilib.
Səfər çərçivəsində əldə olunan mühüm nəticələrdən biri Dövlət Proqramı İdarəetmə Qrupunun Honq-Konq Universitetinin Qəbul üzrə Məsləhət Şurasında (Admissions Advisory Board) təmsil olunmaq üçün rəsmi dəvət alması olub. Dünyanın müxtəlif ölkələrindən təhsil sahəsi üzrə mütəxəssisləri bir araya gətirən bu platforma ali təhsil pilləsinə qəbul sahəsində beynəlxalq tendensiyaların müzakirəsi, qabaqcıl təcrübələrin paylaşılması və gələcək çağırışlara uyğun qəbul yanaşmalarının formalaşdırılması məqsədi daşıyır.
DPİQ-in sözügedən platformada iştirakı beynəlxalq ali təhsil mühitində baş verən dəyişikliklərin yaxından izlənilməsi, universitetlərə qəbul prosesləri üzrə qabaqcıl təcrübələrlə tanışlıq və Dövlət Proqramı çərçivəsində namizədlərin akademik imkanlarının genişləndirilməsinə yönəlmiş yeni əməkdaşlıq əlaqələrinin qurulması baxımından əhəmiyyətli imkanlar yaradacaq.
Qeyd edək ki, DPİQ-in Honq-Konqun aparıcı universitetləri ilə həyata keçirdiyi görüşlər qurumun beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi, azərbaycanlı gənclər üçün yeni təhsil və peşəkar inkişaf imkanlarının yaradılması, eləcə də Azərbaycan ilə Honq-Konqun ali təhsil müəssisələri arasında uzunmüddətli akademik əməkdaşlığın təşviqi istiqamətində görülən işlərin davamıdır.