Azedu.az

Stanford Universitetində yeni təhsil modeli hazırlanır

Ali təhsil

9 Noyabr 2026, 17:44
Stanford Universitetində yeni təhsil modeli hazırlanır

ABŞ-nin Stanford Universiteti süni intellektin sürətlə inkişaf etdiyi dövrdə ali təhsilin məzmununu və tədris yanaşmalarını yeniləmək üçün 10 milyon dollarlıq təşəbbüsə başlayır.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, universitetin noyabrın 3-də açıqladığı məlumata əsasən, yeni təşəbbüs çərçivəsində bakalavr ixtisaslarının tədris proqramları süni intellekt dövrünün tələblərinə uyğunlaşdırılacaq.

Proqramın əsas məqsədi tələbələrin süni intellekt alətlərindən düzgün istifadə etməklə yanaşı, müstəqil düşünmə, təhlil aparma və qərarvermə bacarıqlarını da inkişaf etdirməkdir.

2027-ci ilin qış semestrindən etibarən bakalavr təhsili verən akademik fakültə və proqramlar yeniliklərin tətbiqi üçün qrantlara müraciət edə biləcəklər. Hər bir layihəyə dəyişikliklərin miqyasından asılı olaraq 250 min dollardan 750 min dollaradək vəsait ayrılması nəzərdə tutulur.

Təşəbbüs çərçivəsində universitet yalnız ayrı-ayrı fənlərin deyil, bütövlükdə ixtisasların tədris modelinin yenidən nəzərdən keçirilməsini planlaşdırır. Buraya dərslərin məzmununun, fənlərin ardıcıllığının, qiymətləndirmə üsullarının və məzunlardan gözlənilən bilik və bacarıqların yenilənməsi daxildir.

Diqqət çəkən məqamlardan biri də süni intellektdən istifadənin bütün dərslərdə məcburi olmayacağıdır. Bəzi fənlərdə tələbələrin texnologiyadan istifadə etmədən biliklərini nümayiş etdirməsi üçün şifahi imtahanlar və auditoriya daxilində praktiki tapşırıqlar kimi qiymətləndirmə üsullarının tətbiqi də nəzərdə tutulur.

Universitetin prorektoru Cey Hamiltonun sözlərinə görə, tələbələr süni intellektin geniş yayıldığı dünyada fəaliyyət göstərəcəklər. Buna görə də onlar texnologiyadan düzgün istifadə etməyi öyrənməli, lakin süni intellektin verdiyi məlumatı anlamaq və müstəqil düşünmək bacarığını itirməməlidirlər.

Stanford Universitetinin yeni təşəbbüsü çərçivəsində ümumilikdə təxminən 15 və ya daha çox akademik fakültə və proqramın dəstəklənməsi gözlənilir. Layihələrin 2026–2027-ci tədris ilində başlanması və 2028–2029-cu tədris ilinin sonunadək davam etməsi planlaşdırılır.

Azərbaycandakı strateji koordinatlar İrana ötürüldü - ŞOK İDDİA!
Son xəbərlərDaha çox