ABŞ alimlərinin apardığı yeni araşdırma qısa müddətli aclığın bağırsaqların zədələnmədən sonra bərpasına necə təsir etdiyini ortaya qoyub. Məlum olub ki, cəmi 24 saatlıq aclıq bağırsaqlarda faydalı bakteriyalardan birinin artmasına və toxumaların yenilənməsini dəstəkləyən mexanizmlərin aktivləşməsinə səbəb ola bilər.
AzEdu.az “ScienceDaily” nəşrinə istinadən xəbər verir ki, Texas Universitetinin MD Anderson Xərçəng Mərkəzinin tədqiqatçıları aclıq və bağırsaq mikrobiomu arasındakı əlaqəni araşdırıblar. Tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” (PNAS) elmi jurnalında dərc olunub.
Araşdırma zamanı müəyyən edilib ki, 24 saatlıq aclıq nazik bağırsaqda Akkermansia muciniphila adlı faydalı bakteriyanın miqdarını artırır. Bu bakteriya propionat adlı maddə istehsal edir. Həmin maddə bağırsaq hüceyrələrində müəyyən dəyişikliklərə səbəb olaraq onların zədələnmədən sonra daha sürətli bərpasına şərait yaradan genetik mexanizmləri aktivləşdirir.
Alimlər müəyyən ediblər ki, aclıq zamanı bağırsaq hüceyrələrinin bir qismi mümkün zədələnməyə qarşı əvvəlcədən hazırlıq vəziyyətinə keçir. Radiasiya təsirindən sonra isə bu hüceyrələr çoxalaraq zədələnmiş bağırsaq qatının yenidən formalaşmasına kömək edir.
Tədqiqatın mühüm nəticələrindən biri də Akkermansia muciniphila bakteriyasının bu prosesdə əsas rol oynamasıdır. Alimlər təcrübə zamanı həmin bakteriyanı aradan qaldırdıqda aclığın qoruyucu və bərpaedici təsirinin də zəiflədiyini müşahidə ediblər. Bakteriya yenidən orqanizmə əlavə edildikdə isə müsbət təsir bərpa olunub.
Araşdırmanın müəllifləri hesab edirlər ki, əldə olunan nəticələr xüsusilə xərçəng xəstələrinin şüa terapiyası zamanı sağlam toxumaların qorunması üçün yeni imkanlar yarada bilər. Belə ki, qarın nahiyəsinə tətbiq edilən radiasiya yalnız xərçəng hüceyrələrinə deyil, ətrafdakı sağlam toxumalara, o cümlədən bağırsaqlara da zərər verə bilər.
Alimlər gələcəkdə bu mexanizmin insanlarda da eyni nəticəni verib-vermədiyini araşdırmağı planlaşdırırlar. Eyni zamanda, aclıq tətbiq etmədən, faydalı bakteriyalar və ya onların istehsal etdiyi maddələr vasitəsilə oxşar bərpa prosesini stimullaşdırmaq imkanları da nəzərdən keçirilir.
Qeyd edək ki, araşdırma hələlik heyvanlar üzərində aparılıb. Buna görə də nəticələr 24 saatlıq aclığın insanlarda bağırsaq xəstəliklərini müalicə etdiyini və ya belə qidalanma rejiminin hər kəs üçün təhlükəsiz olduğunu göstərmir.