İnsanların emosiyalarını idarə etmək qabiliyyətinin beyinin müəyyən hissələrinin fəaliyyəti ilə əlaqəli olduğu uzun müddətdir elmi müzakirə mövzusudur. Lakin yeni araşdırma bu sahədə qəbul edilmiş yanaşmalardan birinə yenidən baxılmasının vacibliyini ortaya qoyub.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, “Nature” elmi jurnalında oktyabrın 28-də dərc olunan araşdırmada alimlər emosiyaların idarə olunması qabiliyyətinin beyinin konkret bölgələrinin fəaliyyəti ilə müəyyənləşdirilməsi fikrini şübhə altına alıblar.
Tədqiqat çərçivəsində 2 175 nəfərin iştirak etdiyi, 40 funksional maqnit-rezonans tomoqrafiyası (fMRT) məlumat bazası təhlil edilib. Alimlər insanların emosiyalarını yenidən qiymətləndirmə və mənfi hisslərin təsirini azaltma qabiliyyətini ölçmək üçün geniş istifadə olunan üç göstəricini araşdırıblar.
Nəticələr göstərib ki, bu göstəricilər bir-biri ilə gözlənilən səviyyədə uzlaşmır. Həmçinin emosiyaların idarə olunmasında mühüm rol oynadığı düşünülən prefrontal korteksin fəaliyyəti ilə insanların bu qabiliyyəti arasında gözlənilən əlaqə aşkarlanmayıb.
Tədqiqatçılar müəyyən ediblər ki, insanın emosiyalarını nə dərəcədə yaxşı idarə etdiyini yalnız beynin müəyyən bölgəsindəki aktivliyə əsasən qiymətləndirmək düzgün yanaşma deyil. Araşdırmanın nəticələri emosional özünənəzarətin ölçülməsi, psixoloji müdaxilələrin hazırlanması və beyin fəaliyyətinin təhlili ilə bağlı mövcud yanaşmaların yenidən nəzərdən keçirilməsinə əsas yaradır.
Alimlərin fikrincə, emosiyaların idarə olunması daha mürəkkəb prosesdir və onu beynin ayrı-ayrı bölgələrinin fəaliyyəti ilə izah etmək mümkün deyil.
Qeyd edək ki, araşdırma 32 elmi tədqiqat qrupunun məlumatları əsasında aparılıb. Tədqiqatın nəticələri sağlam yetkin iştirakçıların məlumatlarına əsaslandığından, onların klinik qruplara şamil edilməsi üçün əlavə araşdırmalara ehtiyac var.