Azedu.az

Üçrəngli bayrağımızın daşıdığı dəyərlər - Gənc nəslə hansı mesajlar ötürülməlidir?

AzEdu Təhsil Platforması

9 Noyabr 2026, 09:33
Üçrəngli bayrağımızın daşıdığı dəyərlər - Gənc nəslə hansı mesajlar ötürülməlidir?

Bu gün Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 

Azərbaycanın üçrəngli Dövlət Bayrağı xalqımızın milli kimliyini, müstəqilliyini və dövlətçilik tarixini özündə əks etdirən ən mühüm rəmzlərdən biridir.

Bayrağa sevgi və hörmətin gənc nəslə aşılanması, onun daşıdığı mənəvi dəyərlərin şagirdlərə və tələbələrə öyrədilməsi xüsusi əhəmiyyət daşıyır.

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, "ADA Universiteti"nin prorektoru, professor Fariz İsmayılzadə qeyd edib ki, Azərbaycan bayrağının mənası və daşıdığı dəyərlər hər bir şagirdə aşılanmalı, onlarda bayrağımıza sevgi və vətənpərvərlik hissi formalaşdırılmalıdır:

187626

"Təbii ki, bu mövzu bizə doğmadır. Hər bir azərbaycanlı, gənc, şagird, ümumilikdə hər bir vətəndaş Azərbaycan bayrağını tanımalı, onun mənasını bilməli, sevməli və ona hörmətlə yanaşmalıdır. Bayrağa qarşı vətənpərvərlik münasibəti nümayiş etdirməlidir.

Bəzən görürük ki, məsələn, Türkiyədə bayraq yerə düşdükdə onu mütləq götürüb yenidən qaldırırlar. Təbii ki, bizim bayrağımız da çox dərin məna daşıyır. Cümhuriyyətin baniləri bu bayrağa böyük məna yükləyiblər. Burada islamçılıq, müasirlik və türkçülük ideyaları öz əksini tapır. Bütün bunlar bizim milli kimliyimizin ifadəsidir və bu dəyərlər mütləq tələbələrə aşılanmalıdır".

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Elnarə Akimova bildirib ki, bayrağa sevgi yalnız onu yüksəklikdə dalğalandırmaqla bitmir. Onu qorumaq, ucaltdığı dövlətin adına layiq olmaq, milli birliyimizi və müstəqilliyimizi yaşatmaq hər birimizin vətəndaşlıq borcudur:

189627

"Azərbaycan bayrağı  xalqımızın azadlıq iradəsinin, milli kimliyinin, tarixi yaddaşının və dövlətçilik əzminin ifadəsidir. Bu bayraqda Azərbaycanın keçmişi, bu günü və gələcəyə baxışı birləşir. Mavi rəng türk kimliyimizi, qırmızı müasirlik və inkişaf amalımızı, yaşıl rəng milli-mənəvi dəyərlərimizi və mədəni irsimizi təcəssüm etdirir. Ay-ulduz isə bu mənəvi bütövlüyün rəmzi kimi üçrəngli bayrağımıza xüsusi məna verir.

Bayrağımızın taleyi Azərbaycanın mürəkkəb və şərəfli dövlətçilik tarixindən ayrı deyil. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi üçrəngli bayraq milli istiqlalımızın rəmzinə çevrildi. Sovet hakimiyyəti illərində bu rəmz tariximizin səhifələrinə çəkilsə də, xalqın yaddaşından silinmədi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyətli mövqeyi ilə üçrəngli bayrağımız Naxçıvanda yenidən ucaldıldı, müstəqillik ideyamızın dövlətçilik səviyyəsində ifadəsinə çevrildi. Sonradan müstəqil Azərbaycanın Dövlət Bayrağı statusu qazandı.

Bu tarixi varisliyi Prezident İlham Əliyev yeni mərhələyə daşıdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası nəticəsində üçrəngli bayrağımız bütün Qarabağda və Şərqi Zəngəzurda, Azərbaycanın hər qarışında dalğalandı. Beləliklə, vaxtilə milli azadlığımızın simvolu olan bayrağımız bu gün həm də tarixi ədalətin, dövlət suverenliyimizin və Zəfərimizin rəmzidir.

Bu gün Azərbaycan bayrağına münasibət də yeni məzmun və miqyas qazanıb. O, yalnız dövlət binalarının üzərində deyil, şəhərlərimizin küçələrində, dağlarımızın zirvəsində, beynəlxalq tədbirlərdə, idman arenalarında, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın qəlbində dalğalanır. Bayrağımıza hörmət Azərbaycanın müstəqilliyinə, suverenliyinə və xalqımızın milli ləyaqətinə hörmət deməkdir.

Mənə görə, bayrağa sevgi yalnız onu yüksəklikdə dalğalandırmaqla bitmir. Onu qorumaq, ucaltdığı dövlətin adına layiq olmaq, milli birliyimizi və müstəqilliyimizi yaşatmaq hər birimizin vətəndaşlıq borcudur.

Bu gün üçrəngli bayrağımızın dalğalandığı hər zirvə bir tarix, hər qarış torpaq bir qürur, onun kölgəsində birləşən hər azərbaycanlı isə milli birliyimizin ifadəsidir.

Dövlət Bayrağı Günümüz mübarək olsun! Bayrağımız daim uca, dövlətimiz qüdrətli, xalqımız bir olsun!".

Moskvada DƏHŞƏTLİ OLAY - Yüzlərlə şəxs təxliyə edildi
Son xəbərlərDaha çox