“Əsas məsələ universitetlərdə tibb və hüquq ixtisaslarının açılması deyil, bu ixtisasların tələb olunan standartlara uyğun tədrisini təmin edə biləcək potensialın və imkanların mövcud olmasıdır”.
Bu sözləri "AzEdu Podkast"da təhsil tədqiqatçısı Elmin Nuri söyləyib.
"Sumqayıt Dövlət Universitetində tibb və hüquq ixtisaslarının açılması ilə bağlı planlar ictimaiyyətdə müsbət qarşılanıb. Bununla belə, bu, bütün universitetlərdə həmin ixtisasların yaradılmasının zəruri olduğu anlamına gəlmir.
Bu məlumatın ictimaiyyətdə müsbət qarşılanmasının səbəblərindən biri də abituriyentlərin hüquq və tibb ixtisaslarına böyük maraq göstərməsidir. Belə ki, III ixtisas qrupunu seçənlərin əksəriyyəti hüquqşünaslıq, IV qrup üzrə imtahan verənlərin isə böyük hissəsi tibb ixtisaslarına üstünlük verir. Bu baxımdan əlavə təhsil imkanlarının yaradılması həmin istiqamətlərə maraq göstərən abituriyentlərin qəbul şanslarını da artıra bilər.
Digər tərəfdən, məsələyə universitetlərin profili və təsnifatı baxımından yanaşmaq lazımdır. Ali təhsil müəssisələri arasında klassik universitet modeli mövcuddur. Bu model müxtəlif elm və təhsil istiqamətləri üzrə geniş ixtisas seçimini əhatə edir. Məsələn, Naxçıvan Dövlət Universitetində birinci, ikinci, üçüncü, dördüncü və hətta beşinci ixtisas qrupları üzrə proqramlar mövcuddur. Sumqayıt Dövlət Universiteti də bir neçə istiqamət üzrə təhsil proqramları ilə bu modelə yaxınlaşır".
Bu gün klassik universitet modelinə doğru inkişaf edən ali təhsil müəssisələrinin belə ixtisasları açması daha məqsədəuyğun görünür:
"Klassik universitet modelinin əsas istiqamətlərindən biri də hüquq və tibb ixtisaslarıdır. Bu baxımdan həmin ixtisasların SDU-da açılması universitetin klassik universitet modelinə doğru inkişafının göstəricisi kimi qiymətləndirilə bilər. Bu, həm ölkədə belə universitetlərin sayının artmasına, həm də hüquq və tibb sahələrində təhsil almaq istəyən abituriyentlərin imkanlarının genişlənməsinə xidmət edə bilər.
Lakin bu, hər bir universitetdə mütləq şəkildə hüquq və tibb ixtisaslarının açılmalı olduğu demək deyil. Xüsusilə tibb təhsili ciddi infrastruktur, klinik imkanlar və müvafiq maddi-texniki baza tələb edir. Bundan əlavə, ixtisaslı kadr heyətinin formalaşdırılması da vacib şərtlərdəndir. Bu tələbləri nəzərə almadan yeni ixtisasların yaradılması təhsilin keyfiyyəti ilə bağlı problemlərə səbəb ola bilər.
Vaxtilə ölkəmizdə fəaliyyət göstərən bəzi özəl universitetlərdə də tibb və hüquq ixtisasları mövcud olub. Lakin həmin proqramların keyfiyyəti və səmərəliliyi ilə bağlı suallar yaranıb, nəticədə bəziləri bağlanıb. Bu təcrübə göstərir ki, əsas məsələ yalnız ixtisas açmaq deyil, onun tələb olunan standartlara uyğun tədrisini təmin etməkdir.
Ona görə də bu gün klassik universitet modelinə doğru inkişaf edən ali təhsil müəssisələrinin belə ixtisasları açması daha məqsədəuyğun görünür. Çünki bunun üçün universitetin müvafiq öhdəlikləri yerinə yetirə biləcək potensialı və imkanları olmalıdır. Məsələnin diqqətdən kənarda qalan əsas tərəfi də məhz budur".