“İxtisası ehtiyacın olduğu bölgədə açmaq lazımdır ki, həmin bölgənin gənci orada təhsil alsın və gələcəkdə elə orada işləsin”.
Bu sözləri AzEdu.az-a açıqlamasında "Əməkdar müəllim" Sona Əliyeva deyib.

"Yeni ixtisas açmaq üçün əsas meyar universitetin istəyi deyil, ölkənin real kadr boşluğudur. Bu baxımdan bir neçə sahə xüsusilə kəskindir. Birincisi, baytarlıq və heyvandarlıq. Ölkədə baytarların orta yaşı 60-ı keçib, bəzi bölgələrdə ciddi baytar çatışmazlığı var. Gəncədəki Azərbaycan Dövlət Aqrar Universiteti əsas mərkəz olaraq qalır, ADA Universitetində isə İtaliya ilə birgə layihə çərçivəsində “Heyvandarlıq” proqramı fəaliyyət göstərir. Amma heyvandarlıq bölgələrində ali təhsil səviyyəsində kadr hazırlığı zəifdir. “Baytarlıq təbabəti” və “Zoomühəndislik” ixtisasları Naxçıvan Dövlət Universitetində və Qarabağ Universitetində açılmalıdır.
İkincisi, aqrar elmlər. “Aqronomluq”, “Torpaqşünaslıq və aqrokimya” kimi ixtisasları abituriyentlər çox vaxt yalnız aşağı bal topladıqları üçün seçirlər, şirkətlər isə xaricdən aqronom gətirirlər. Seleksiya üzrə isə təsnifatda ayrıca ixtisas yoxdur. Azərbaycan Dövlət Aqrar Universitetində yeni “Seleksiya və toxumçuluq” ixtisasının açılmasını vacib hesab edirəm. Lənkəran Dövlət Universitetində isə subtropik kənd təsərrüfatı üzrə “Aqronomluq” ixtisası gücləndirilməlidir.
Üçüncüsü, su və torpaq. Eroziya, şoranlaşma, səhralaşma və şirin su qıtlığı ölkənin əsas ekoloji problemləri sırasındadır. “Meliorasiya mühəndisliyi” ixtisası Qarabağ Universitetində və Mingəçevir Dövlət Universitetində açılmalıdır. Kür-Araz ovalığının suvarma sisteminin taleyi bu kadrlardan asılıdır.
Dördüncüsü, minatəmizləmə. Ali təhsil səviyyəsində bu sahə üzrə ayrıca proqram yoxdur. Halbuki Qarabağda bu ehtiyac on illərlə davam edəcək. Qarabağ Universitetində “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası daxilində minatəmizləmə ixtisaslaşması, magistratura səviyyəsində isə ayrıca proqram açılmalıdır.
Beşincisi, süni intellekt. Ölkədə süni intellekt strategiyası qəbul edilib, amma bakalavriatda ayrıca “Süni intellekt” ixtisası yoxdur, o, “Kompüter elmləri” və “Data analitikası” daxilində tədris olunur. Bu ixtisasın təsnifata daxil edilməsini və Azərbaycan Texniki Universitetində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, regionda isə Sumqayıt Dövlət Universitetində açılmasını təklif edirəm. Kibertəhlükəsizlik kadrı çatışmadığı üçün “İnformasiya təhlükəsizliyi” ixtisası da bu universitetlərdə genişlənməlidir.
Altıncısı, təhsildə psixoloji dəstək. Məktəblərdə psixoloq, loqoped, inklüziv təhsil mütəxəssisi çatışmır. “Təhsildə sosial-psixoloji xidmət” və “Xüsusi pedaqogika” ixtisasları Azərbaycan Dövlət Pedaqoji Universitetinin regional filiallarında, həmçinin Gəncə və Lənkəran dövlət universitetlərində açılmalıdır.
Yeddincisi, səhiyyə. Psixiatr və pediatrların sayı azalıb, regionlarda anestezioloq-reanimatoloq, travmatoloq, uşaq cərrahı çatışmır. Burada yeni ixtisas deyil, Azərbaycan Tibb Universitetinin rezidentura yerlərinin “Anesteziologiya-reanimatologiya”, “Psixiatriya”, “Uşaq və yeniyetmə psixiatriyası”, “Uşaq cərrahiyyəsi”, “Ailə təbabəti” üzrə artırılması və regional xəstəxanalarda rezidentura bazalarının yaradılması lazımdır.
İstənilən halda, yeni ixtisas yalnız laboratoriyası, ixtisaslı müəllimi və işəgötürənlə əlaqəsi olduqda nəticə verir. Deməli, ixtisası ehtiyacın olduğu bölgədə açmaq lazımdır ki, oranın gənci orada oxusun və orada işləsin".