“Oğlum yaralandığını belə bizdən gizlətmişdi”.
AzEdu.az xəbər verir ki, bu sözləri Texniki-Humanitar Liseydə 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən tədbirdə şəhid Aqşin Novruzovun anası Elnarə Novruzova deyib.

O, oğlunun həyat yolu, təhsili və Vətən müharibəsində şəhid olması ilə bağlı xatirələrini bölüşüb.
Elnarə Novruzova bildirib ki, Aqşin Novruzov 1998-ci il avqustun 15-də Bakı şəhərində anadan olub. İbtidai təhsilini 159 nömrəli məktəbdə aldıqdan sonra Texniki-Humanitar Liseydə təhsilini davam etdirib. 11 illik orta təhsilini başa vurduqdan sonra Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında oxuyub. Ali təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb:
“Oğlum cəmi üç ay idi hərbi xidmətdə idi ki, müharibə başladı. Oktyabrın 1-də yaralandı və 12 gün xəstəxanada müalicə aldı. Oktyabrın 12-də xəstəxanadan çıxaraq yenidən hərbi hissəsinə qayıtdı. Ertəsi gün isə şəhid oldu. Oğlum Daşkəsən-Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı.
Sonuncu dəfə oktyabrın 13-də səhər saatlarında zəng etmişdi, atası ilə danışmışdı. Heç nə hiss etdirməmişdi. Müharibə bölgəsində, cəbhədə olduğunu, yaralandığını bizdən gizlətmişdi. Hətta onun yaralanmasından belə xəbərimiz olmayıb.
Oktyabrın 13-də, şəhid olduğu gün bizə Aqşinin yaralı olduğu və gətirildiyi barədə məlumat verdilər. Lakin sonda oğlumun şəhid olduğunu öyrəndik”.
Şəhid anası Zəfərimizin altıncı ildönümü münasibətilə fikirlərini də bölüşüb. O, qazanılan Qələbənin Azərbaycan xalqı üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb:
“Bu gün Zəfərimizin altıncı ildönümüdür. Artıq Qarabağ torpaqlarında Azərbaycan vətəndaşları gəzir. Vaxtilə tapdaq altında olan torpaqlarımız azaddır. İndi rahat və başıuca gəzə, hər yerdə sözümüzü müstəqil şəkildə deyə bilirik. Bu Qələbəni igid oğullarımızın və qazilərimizin sayəsində qazandıq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Torpaqlarımız həmişə var olsun, xalqımız rahat və sağlam yaşasın. Arzum budur ki, dünyada əmin-amanlıq olsun və biz də bu dünyada rahat yaşayaq. Zəfər bayramımız mübarək!”