Azedu.az

Dövlətçilik ənənələri və Vətən sevgisi məktəb mühitində yaşadılmalıdır

AzEdu Təhsil Platforması

9 Noyabr 2026, 12:21
Dövlətçilik ənənələri və Vətən sevgisi məktəb mühitində yaşadılmalıdır

"Məktəblərdə əsas məqsəd şagirdlərə yalnız dövlət bayrağına hörmət etməyi öyrətmək deyil, həm də təhsil vasitəsilə onlarda milli kimlik, dövlətçilik ənənələrinə bağlılıq və Vətən qarşısında məsuliyyət hissi formalaşdırmaqdır".

Bu sözləri AzEdu.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Vasif Qafarov bildirib.



"Dövlət Bayrağı Günü yalnız üçrəngli bayrağımızın tarixinin xatırlanması deyil, həm də gənc nəslə milli kimliyin, dövlətçilik ənənələrinin və Vətənə bağlılığın aşılanması baxımından mühüm əhəmiyyət daşıyır. Məktəblərdə şagirdlərə üçrəngli bayrağımızın 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən dövlət bayrağı kimi qəbul edilməsi, dövlət bayrağının müstəqilliyin və suverenliyin rəmzi olması, bayraqdakı rənglərin ifadə etdiyi mənalar və dövlət rəmzlərimizin tarixi haqqında dolğun məlumat verilməlidir.

Bu mövzunun tədrisində Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinə xüsusi yer ayrılmalıdır. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız dövlət bayrağı kimi qəbul edilmiş və ilk dəfə Ali Məclisin binası üzərində ucaldılmışdır. Bu, sovet hakimiyyətinin hələ mövcud olduğu bir dövrdə milli müstəqilliyə doğru atılmış mühüm siyasi addım idi".

Məktəblərdə keçirilən açıq dərslər, tarixi ziyarətlər və maarifləndirici tədbirlər vasitəsilə şagirdlərə bayrağımızın tarixini öyrətməklə yanaşı, onlarda müstəqilliyə, dövlətçiliyə və Vətənə bağlılıq hissi formalaşdırılmalıdır:

"Digər mühüm məqam Dövlət Bayrağı Gününün təsis edilməsidir. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Həmin il Bakıda Dövlət Bayrağı Meydanının yaradılması ilə bağlı qərar da qəbul edilmiş, 2010-cu il sentyabrın 1-də meydanın açılışı olmuşdur. Bu qərarlar dövlət bayrağımıza verilən yüksək qiymətin və milli rəmzlərimizə ehtiramın göstəricisidir.

Eyni zamanda, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, üçrəngli bayrağımızın Qarabağda və Şərqi Zəngəzurda dalğalanması xüsusi vurğulanmalıdır. Şagirdlər anlamalıdırlar ki, bu bayraq Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, dəmir iradəsi və sərkərdəlik məharəti, minlərlə şəhidimizin qanı, qazilərimizin qəhrəmanlığı və xalqımızın birliyi hesabına bu gün ölkəmizin bütün ərazisində qürurla dalğalanır.

Məktəblərdə açıq dərslər, tarixi viktorinalar, inşa və rəsm müsabiqələri, bayraq yürüşləri təşkil edilməli, şagirdlərin tarixi məkanlara, Bayraq və Zəfər muzeylərinə və Şəhidlər xiyabanına ziyarətləri təmin olunmalıdır. Xüsusilə Vətən müharibəsi və Zəfər tariximizlə bağlı sənədli materialların nümayişi də faydalı olar.

Əsas məqsəd uşaqlara bayrağa hörmət etməyi öyrətməklə kifayətlənməmək, onlarda bu bayrağın təmsil etdiyi müstəqilliyə, suverenliyə və dövlətçiliyə bağlılıq yaratmaqdır. Çünki bayrağı sevmək həm də Vətəni sevmək, dövlətin qanunlarına hörmət etmək və onun gələcəyi üçün məsuliyyət daşımaq deməkdir".

Liderlərdən Şuşada düşmənlərə ağır zərbə - Əliyev Türkiyəyə gedir!
Son xəbərlərDaha çox