Dərmanlara davamlı epilepsiya xəstələri üzərində sınaqdan keçirilən yeni gen terapiyası ümidverici nəticələr göstərib. Birbaşa beyinə tətbiq olunan eksperimental müalicə nəticəsində xəstələrdə aylıq epileptik tutmaların sayı 90 faizdən çox azalıb.
AzEdu.az xəbər verir ki, The New England Journal of Medicine jurnalında dərc olunan araşdırmada uzun illərdir epilepsiyadan əziyyət çəkən və standart dərman müalicəsindən fayda görməyən 3 yetkin xəstə iştirak edib.
Tədqiqat zamanı genetik modifikasiya edilmiş virus vasitəsilə tutmalara səbəb olan həddindən artıq aktiv beyin hüceyrələri hədəf alınıb. Həmin hüceyrələrin fəaliyyətini tənzimləmək məqsədilə xəstələrə klozapin adlı dərman preparatı da verilib.
Müalicədən sonra iki xəstədə aylıq epileptik tutmaların sayı 4,5-dən 0,5-ə düşüb. Üçüncü xəstədə isə tutmalar tamamilə dayanıb. Xəstələrdən birinin dərmanı təsadüfən qəbul etməyi dayandırmasından sonra yenidən tutma keçirməsi preparatın müalicədəki əhəmiyyətini ortaya qoyub.
Mütəxəssislər yeni üsulun mövcud cərrahi müdaxilələrə alternativ ola biləcəyini istisna etmirlər. Bununla belə, araşdırmanın cəmi üç xəstə üzərində aparılması nəticələrin hələlik məhdud olduğunu göstərir.
Alimlər müalicənin təhlükəsizliyini, effektivliyini və uzunmüddətli təsirlərini müəyyənləşdirmək üçün daha genişmiqyaslı klinik tədqiqatların aparılmasına ehtiyac olduğunu vurğulayırlar.