Danimarkanın Kopenhagen İnformasiya Texnologiyaları Universitetində (ITU) süni intellektin təhsil prosesində istifadəsinə dair yeni tədqiqat layihəsinə 7,1 milyon Danimarka kronu (təxminən 1 milyon avro) vəsait ayrılıb.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Danimarka Müstəqil Tədqiqat Fondunun dəstəklədiyi beşillik layihənin əsas məqsədi süni intellekt çatbotlarının tələbələrdə tənqidi düşünmə və müstəqil qərarvermə bacarıqlarını inkişaf etdirməsinə nail olmaqdır.
Tədqiqat çərçivəsində ənənəvi süni intellekt yanaşmasından fərqli modelin tətbiqi nəzərdə tutulur. Belə ki, texnologiyanın istifadəçilərə bütün sualların hazır cavablarını təqdim etməsi əvəzinə, onları düşünməyə, suallar verməyə və müxtəlif fikirləri müqayisə etməyə təşviq etməsi araşdırılacaq.
Layihə çərçivəsində süni intellektin bəzən açıq və tam olmayan cavablar verməsi də nəzərdə tutulur. Tədqiqatçıların fikrincə, düzgün pedaqoji yanaşma ilə tətbiq edilən bu üsul tələbələri müxtəlif ehtimalları qiymətləndirməyə, arqumentləri təhlil etməyə və müstəqil mövqe formalaşdırmağa sövq edə bilər.
Araşdırmanın əsas nəticələrindən biri Diffrakt adlı süni intellekt əsaslı təhsil çatbotunun hazırlanması olacaq. Çatbot xüsusilə süni intellekt etikası üzrə tədrisi dəstəkləmək üçün nəzərdə tutulub. Sokratik metoddan ilhamlanan sistem tələbələrə hazır nəticələr təqdim etməkdənsə, suallar vasitəsilə müzakirə və düşünmə prosesini stimullaşdıracaq.
Layihənin rəhbəri, professor Jichen Zhu hesab edir ki, təhsildə öyrənmə prosesi yalnız düzgün cavabı əldə etməkdən ibarət deyil. Əsas məqsəd düşünmək, sual vermək və mövzunu dərindən anlamaq bacarıqlarını inkişaf etdirməkdir.
Tədqiqat ilkin mərhələdə Kopenhagen İnformasiya Texnologiyaları Universitetinin tələbələri arasında sınaqdan keçiriləcək. Alimlər əldə ediləcək nəticələrin gələcəkdə ali təhsil müəssisələrində və digər təhsil pillələrində süni intellektdən istifadə yanaşmalarına töhfə verəcəyini gözləyirlər.