Plastik qida qablaşdırmalarında istifadə olunan və təhlükəsiz alternativ kimi təqdim edilən DINCH adlı kimyəvi maddənin körpələrin aşağı doğum çəkisi və dölün inkişafında problemlərlə əlaqəli olduğu müəyyən edilib.
AzEdu.az xəbər verir ki, Nyu-York Universitetinin (NYU) Langone Sağlamlıq Mərkəzinin ABŞ-nin federal səhiyyə məlumatları əsasında apardığı araşdırma bu kimyəvi maddənin istehsalçıların iddia etdiyi qədər təhlükəsiz olmaya biləcəyini göstərib.
Son illərdə geniş istifadə olunan ftalat tipli plastikləşdiricilərin sağlamlıq riskləri ortaya çıxdıqdan sonra sənayedə DINCH adlı kimyəvi maddədən istifadəyə başlanılıb. İstehsalçılar onu toksik olmayan və daha təhlükəsiz alternativ kimi təqdim ediblər.
ABŞ və Avropa İttifaqında yumşaq plastik qida qablaşdırmalarında geniş istifadə olunan DINCH uşaq oyuncaqlarında, tibbi cihazlarda, tekstil məhsullarında, döşəmə örtüklərində və digər istehlak mallarında da mövcuddur. Bu maddə plastik materialları daha elastik və davamlı etmək üçün istifadə edilir.
Tədqiqatçılar ABŞ Milli Səhiyyə İnstitutlarının (NIH) ECHO proqramı çərçivəsində toplanmış 6 600-dən çox hamiləliyə dair məlumatları təhlil ediblər. Nəticələrə görə, qadınların 70 faizədək hissəsinin sidik nümunələrində DINCH izləri aşkarlanıb.
Araşdırmada kimyəvi maddəyə məruzqalma səviyyəsinin artması ilə körpələrin aşağı doğum çəkisi ilə dünyaya gəlməsi riski arasında əlaqə müəyyən edilib. DINCH-ə məruzqalmanın 10 dəfə artması yenidoğulmuşların doğum çəkisinin orta hesabla 27 qram azalması ilə əlaqələndirilib. Qeyd edək ki, yenidoğulmuşların orta doğum çəkisi təxminən 3 400 qramdır.
Tədqiqat müəllifləri bildirirlər ki, dölün inkişafındakı problemlər gələcəkdə ürək xəstəlikləri, öyrənmə çətinlikləri, piylənmə və digər sağlamlıq problemlərinin yaranma riskini artıra bilər.
Heyvanlar və insan hüceyrələri üzərində aparılan əvvəlki araşdırmalar DINCH-in parçalanması nəticəsində yaranan maddələrin dölün inkişafını tənzimləyən hormonların fəaliyyətinə təsir göstərə biləcəyini ortaya qoyub.
NYU tədqiqatının aparıcı müəlliflərindən Leonardo Trasande kimyəvi maddələrin bazara çıxarılmazdan əvvəl təhlükəsizlik baxımından yoxlanılmasının vacibliyini vurğulayıb.
Araşdırma həmçinin təhlükəli kimyəvi maddələrin oxşar xüsusiyyətlərə malik alternativlərlə əvəzlənməsi problemini gündəmə gətirib. Belə ki, ABŞ və Avropa İttifaqında 2000-ci illərdə toksik ftalatlara qarşı məhdudiyyətlər tətbiq edildikdən sonra DINCH-in istifadəsi genişlənib.
Almaniyanın kimya şirkəti BASF bu maddənin əsas istehsalçıları sırasındadır. DINCH-in qlobal istehsal həcmi 2002-ci ildə 25 min ton olduğu halda, 2024-cü ildə 400 min tona çatıb.
Tədqiqatçılar qadınlara və ailələrə plastik maddələrlə təması azaltmaq üçün qida alış-verişində şüşə qablaşdırmaya üstünlük verməyi, plastik saxlama qablarını şüşə və ya taxta məhsullarla əvəz etməyi, eləcə də uşaqlar üçün mümkün qədər plastik tərkibli olmayan oyuncaqlar və geyimlər seçməyi tövsiyə edirlər.
Mütəxəssislər DINCH-in sağlamlığa uzunmüddətli təsirlərini müəyyənləşdirmək üçün əlavə araşdırmaların aparılmasının vacibliyini qeyd edirlər.