Azərbaycanda orta ixtisas təhsilinin gələcəyi, kolleclərin əmək bazarındakı yeri və məzunların iş imkanları ilə bağlı müzakirələr aktuallığını qoruyur. Gənclərin təhsil seçiminə təsir edən amillər arasında ixtisasın gələcək karyera perspektivləri, işə düzəlmə imkanları və ali təhsilə davam etmək şərtləri xüsusi yer tutur.
Bəs mövcud vəziyyət kolleclərə marağa necə təsir edir və bu təhsil pilləsinin cəlbediciliyini artırmaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Ramin Nurəliyev bildirlib.
O qeyd edib ki, bu gün kolleclərə marağın az olmasının əsas səbəbi məzunların iş tapmaqda və ali təhsil müəssisələrinə qəbul olmaqda üzləşdikləri çətinliklərdir. Bu baxımdan, gənclərin kollec təhsilini seçməsi üçün kifayət qədər stimul yoxdur.
"Hazırda kolleclərə marağın artırılması və orta ixtisas təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün yeni ixtisaslar açmaqdan əvvəl mövcud ixtisaslar üzrə təhsilin əmək bazarına nə dərəcədə uyğun olduğunu müəyyənləşdirmək lazımdır. Bu gün kolleclərdə əmək bazarının tələblərinə cavab verən ixtisaslar olsa da, təəssüf ki, işəgötürənlər kollec məzunlarına üstünlük vermirlər.
Tibb sahəsi istisna olmaqla, digər ixtisaslar üzrə kollec məzunlarının əmək bazarına daxil olması daha çətindir. Əvvəllər kolleclərin əsas üstünlüklərindən biri subbakalavr dərəcəsi alaraq ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq imkanı idi. Lakin son qəbul illərində bu imkanın da müəyyən qədər məhdudlaşması kolleclərin perspektivlərini zəiflədib.
Kollec məzunları əmək bazarında özlərinə yer tapa bilməyəcəklərsə, gənclər niyə bu təhsil pilləsini seçməlidirlər? Şəxsən mən 9-cu sinifdən sonra təhsil seçimi ilə bağlı müraciət edən şagirdlərə kollecə qəbul olmağı tövsiyə etmirəm. Onlara ali məktəbə hazırlaşmağı məsləhət görürəm. Eyni yanaşmanı 11-ci sinif məzunlarına da aid edirəm.
Universitetə qəbul olmaq imkanları məhdud olan şagirdlərə isə kollec əvəzinə peşə təhsilini seçməyi tövsiyə edirəm. Çünki peşə təhsili alan şəxs konkret bir peşəyə yiyələnərək əmək bazarına daxil ola və dolanışığını təmin edə bilər. Halbuki bəzi hallarda kollec məzunları təhsil aldıqları ixtisas üzrə iş tapmaqda və karyera qurmaqda çətinlik çəkirlər".
Bu gün işəgötürən eyni ixtisas üzrə kollec və universitet məzunları arasında seçim etməli olsa, universitet məzununa üstünlük verər:
"Məsələn, mühasibatlıq ixtisası üzrə kollec bitirən şəxsin diplomu ilə universitet məzununun diplomu eyni səviyyədə qiymətləndirilmir. Bu da kollec məzunlarının əmək bazarındakı imkanlarını məhdudlaşdırır və kolleclərin gələcəyini sual altına qoyur.
Bəs nə etmək lazımdır? İlk növbədə, kollec məzunlarına əmək bazarında müəyyən üstünlüklər verilməlidir. Kolleclərə tələbatı artırmaq üçün bir sıra addımlar atıla bilər.
Birincisi, kolleclərdəki bəzi ixtisaslar ixtisar edilməli, əmək bazarında tələbat olan ixtisasların sayı isə artırılmalıdır. Məsələn, hesab edirəm ki, mühasibatlıq ixtisası üzrə kolleclərdə təhsilin məqsədəuyğunluğu yenidən nəzərdən keçirilməlidir. Çünki məzunlar bu sahədə iş tapmaqda çətinlik çəkir, işə başlaya bilsələr belə, karyera yüksəlişi üçün çox vaxt ali təhsilə ehtiyac duyurlar. Buna görə də bəzi ixtisasların kollec səviyyəsində tədris proqramından çıxarılmasının tərəfdarıyam.
İkinci addım kollecləri bitirənlərin ali təhsil almaq imkanlarını genişləndirmək ola bilər. Dövlət İmtahan Mərkəzi qəbul zamanı kollec məzunları üçün ayrıca plan yerləri müəyyənləşdirə bilər. Məsələn, hər il kollecləri və peşə təhsili müəssisələrini müəyyən sayda məzun bitirirsə, onların ali təhsilə qəbulunu dəstəkləmək üçün ayrıca yerlər ayrıla bilər.
Bundan başqa, akademik göstəriciləri yüksək olan məzunlar üçün xüsusi qəbul mexanizmi tətbiq edilə bilər. Məsələn, təhsil müddətində orta müvəffəqiyyət göstəricisi 80 və ya 85 baldan yuxarı olan məzunların müvafiq ali təhsil müəssisəsinə imtahansız qəbul olunması imkanına baxıla bilər. Belə bir mexanizm kolleclərdə təhsilə marağı və tələbələrin oxumağa motivasiyasını artıra bilər.
Bu gün kolleclərə marağın az olmasının səbəblərindən biri məzunların iş tapmaq, digəri isə ali təhsilə davam etmək imkanlarının məhdud olmasıdır. Buna görə də kolleclərin cəlbediciliyini artırmaq üçün məzunlara müəyyən güzəştlər və real perspektivlər yaradılmalıdır”.