2025–2026-cı tədris ilində Azərbaycan ali təhsil müəssisələrində dünyanın 120-yə yaxın ölkəsindən əcnəbi tələbə təhsil alıb.
AzEdu.az xəbər verir ki, Azərbaycanı təhsil üçün seçən tələbələrin coğrafiyası Asiya və Afrika ilə məhdudlaşmayıb. Türkiyə, Çin Xalq Respublikası, Hindistan, Nigeriya, Pakistan, Somali, Uqanda və Ruanda ilə yanaşı, Böyük Britaniya, Almaniya, Niderland Krallığı, Bolqarıstan, Latviya və Litva kimi Avropa ölkələrindən, həmçinin ABŞ, Kanada, Meksika və Kolumbiyadan olan gənclər də Azərbaycan universitetlərində təhsil alıblar.
Cari tədris ili üçün də dünyanın müxtəlif regionlarından olan tələbələr Azərbaycan ali təhsil müəssisələrinə qəbul olunur və ölkəmizə gəlirlər.Müxtəlif qitə və ölkələri təmsil edən gənclərin Azərbaycan universitetlərini seçməsi ölkəmizin ali təhsil məkanının beynəlxalq coğrafiyasının genişləndiyini göstərir.
“Study in Azerbaijan” çərçivəsində Azərbaycanın ali təhsil imkanlarının beynəlxalq auditoriyaya təqdim olunması, xarici tələbələr üçün mövcud təhsil imkanlarının tanıdılması və ölkəmizin beynəlxalq təhsil istiqaməti kimi mövqeyinin gücləndirilməsi istiqamətində fəaliyyət davam etdirilir.