Azedu.az

Minlərlə müəllim adını daşıyan var ki, heç zaman müəllim qarşısında oturmayıb - MÜSAHİBƏ

Müsahibə və reportajlar

9 Oktyabr 2026, 15:00
Minlərlə müəllim adını daşıyan var ki, heç zaman müəllim qarşısında oturmayıb - MÜSAHİBƏ

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərov AzEdu.az və Modern.az-a geniş müsahibə verib. Millət vəkili müsahibədə təhsillə bağlı xeyli maraqlı məqamlara toxunub.

- Anar müəllim, bu gün orta məktəblərdə həm müəllimlər, həm də şagirdlər üçün vahid geyim formasının tətbiqi məsələsi cəmiyyətdə müzakirə olunur. Bu məsələdə sizin mövqeyiniz necədir?

- Çox istərdim ki, bu suala cavabımı hamı oxusun: qəribə yanaşma var, bəzən, adama elə gəlir ki, o hər şeyi bilir. Sonda isə məlum olur ki, "hər şeyi bilirəm"  deyən əslində, heç nə bilmirmiş. Sadəcə, şəxsi mülahizələrini ortaya qoyur və yüzlərlə insanı yanlış yola çəkir. Biz özümüz də şagird olmuşuq. Mənə görə, sadə və vahid geyim forması tərbiyə mənbəyidir. Hər kəs bildiyi kimi geyinəndə çoxlarının diqqəti dağılır, dərs kənarda qalır. Bu da özlüyündə dərsin keyfiyyətinə təsir edir. Bu gün tələb olunan nədir? Kim deyir ki, milli geyim olan kəlağayını gənc qızlarımız bağlamasın?! Harada yazılıb bu?! Mən oxuyuram, deyir ki, qız uşağı başını bağlamamalıdır. Bunu haradan icad edirlər?! Verilən qərarları, qanunu oxumurlar, kimlərsə ortaya söz atırlar. Biz bir tədbirə, toya-düyünə, yaxud, idmana gedəndə geyimimiz fərqli olmurmu? İdmana gedəndə toy paltarı geyinsək, necə görünər? Məktəbə gedən şagird də nümunəvi  geyim geyinməklə həm əxlaqını nümayiş etdirir, həm də rahat olur. 

"Ümumi təhsil haqqında" qəbul etdiyimiz qanunda da şagird, validey və müəllimin maraqlarına zidd heç nə yoxdur. Mən çox xahiş edərdim ki, qanunu diqqətlə oxusunlar. Nə aydın olmasa sual versinlər. Biz həmin suallara cavab verək. Ondan sonra  o təbliğat yayanlar görəcəklər ki, şagirdin əleyhinə heç nə yoxdur. 

Amma gəlin düşünək, burada maraq nədir? Əgər bu, təkcə geyimdirsə, o zaman niyə dünyanın bəzi dövlətləri üzərimizə düşür? Deməli, onlar bunu siyasətə çevirirlər. Maraq olan yerdə də haqq-ədalət itir. Ona görə deyirəm ki, qəbul etdiyimiz qanun heç  zaman xalqımızın, valideynlərimizin, şagirdlərimizin əleyhinə ola bilməz. Çünki o şagird də, valideyn də, müəllim də Azərbaycan vətəndaşıdır. Bütün qanunlarımız onlara xidmət edir.

Milli Məclisdə qəbul edilən qanunlar xalqın maraqlarını təmin etmək üçündür. Azərbaycana yüz yerdən təzyiq var. Onun birini götürək, məsələn,  dini təzyiq... Yəni, cərəyanlarla bağlı olan təzyiq, məzhəblər arasında düşmənçilik yaradan təzyiq. Siz özünüz də şahidsiniz, bəzən məktəblərdə elə şagirdlərlə qarşılaşırqı ki, onlar elə geyim geyinirik ki, bircə gözləri görünür. Əgər biz bir ziyalı, müəllim olaraq belə olmaz deyiriksə, bunu xalqın, məktəbin lehinə deyirik.

Hər kəs - müəllim, şagird öz bildiyi kimi geyinəcəksə, diqqət geyimə yönələcək, dərs kənarda qalacaq.Həm də bir şeyi yaddan çıxartmamalıyıq ki, Azərbaycan dünyəvi dövlətdir. Din dövlətdən ayrıdır, ancaq vətəndaş dövlətdən ayrı deyil ki...

Biz “Ümumi təhsil haqqında” qanunu qəbul edərkən yüz dəfə ölçüb-biçdik. Milli maraqları, insanların istəyini nəzərə aldıq.Tövsiyəm odur ki, qanunları diqqətlə oxusunlar. Əgər nəyisə anlamaqda çətinlik olsa, bütün suallara cavab verməyə hazıram. Amma qanunla tanış olmadan mülahizə yürütmək doğru deyil, əksinə çox zərərlidir.

- Bu gün şahid oluruq ki, bəzi valideynlər birinci sinfə gedən qız uşaqlarını başıörtülü şəkildə məktəbə gətirirlər. Sizcə, bu nə dərəcədə doğrudur, məktəb mühitinə və uşağın yaşına nə qədər uyğundur?

- Bilirsiniz, məktəbə hərə bir ailədən gəlir. Hamının arzu və istəyi bir olmur. Hərə öz evinin arzuladığı geyimlə məktəbə gəlsə, siz təsəvvür edin ki, onun ümumi nəticəsi nə olacaq? Məktəb elə o birinci sinifdə olan fidanlarımıza öyrədir ki, yol budur, geyim budur. Bir də dünyanın inkişaf etmiş dövlətlərinə baxaq. Onlarda artıq geyimlə bağlı heç bir problem yoxdur. 

Vahid məktəbli formasının əsas məqsədi məktəbdə bərabərlik yaratmaqdır. Hamının geyimi eyni olmalıdır ki, heç bir şagird biri-birindən fərqlənməsin. Vahid geyim deyərkən biz milli adət-ənənəmizə imtina etmirik. Biz öz dinimizdən fərqli olaraq başqa dinin arxasına düşmürük. Heç zaman yaddan çıxartmamalıyıq ki, bu ölkənin əhalisinin böyük əksəriyyəti islam dinindən olan insanlardır. Avropada təhsil ala bilərik, o düşüncənin sahibi ola bilərik, amma unutmamalıyıq ki, biz azərbaycanlıyıq. 

Amma burada mənə maraqlı nədir, bilirsiniz? - “Din Kültürü” dərsliyi var. Bir təhsil adamı olaraq, bu gün də mənə səlahiyyət versələr, birinci o fənni orta məktəb fənləri arasına daxil edərəm. O fənn "valideynin haqqı nədir, hüququ nədir?",  "ata kimdir?", "ana kimdir?", "müəllim kimdir?", "niyə Allaha inanıram?", "halal nədir, haram nədir?", "təhsil nədir?" kimi məsələləri uşaqlara öyrədir.

- Anar müəllim, sizcə, Azərbaycan cəmiyyətində təhsilin keyfiyyəti ilə bağlı əsas problemlərdən daha çox, bəzən, forma və geyim kimi məsələlərə diqqət yetirilməsi nə dərəcədə əsaslıdır?

- Birincisi, heç vaxt yaddan çıxartmayaq ki, bizim üçün ilk ali təhsil müəssisəsinin əsası 1919-cu ildə qoyulub. Unutmayaq ki, Avropada artıq X-XII əsrlərdə çox böyük ali məktəblər var idi. İlk qəza məktəbimiz, dünyəvi məktəbimiz 1830-cu ildə Şuşada açılıb. Bunu rus açıb. Onda adama sual verərlər: “Bəs 1830-cu ilə qədər bizim işimizin adı nə idi?” Şübhəsiz, mənə deyə bilərsiniz ki,  mədrəsələr də buna daxil idi. Mən bunu qəbul edirəm. Amma bir də dönüb qonşunun həyatına baxırsan. Baxırsan, dillənmirsən, çünki onun yaratdıqları səninkindən çox-çox qabaq olub. 

Sualınızdan bir az kənara çıxım: tələbələrə həmişə deyirəm ki, hansı müstəvidə yanaşsanız, Şuşa Azərbaycanın tarixi şəhəridir. Amma Şuşa ilə bağlı nə yazmışıq? Baxın, bir rus gəlib Şuşada 2 il yaşadı və Şuşa qalasının tarixini yazdı. Axı bu necə oldu? Min illər boyu bu torpağın sahibi olduq, nəsə yazmadıq. Əgər zamanla qədim şəhərimiz olan Şuşayla bağlı kitablar yazsaydıq, daha yaxşı olmazdımı?!  Siz indi Qərbi Azərbaycan məsələsinə diqqət edin. Niyə bu məslələdə erməni laldır? Çünki Qərbi Azərbaycanla bağlı o qədər çox mənbələr, oranın bizim olması ilə bağlı o qədər kitab var ki, erməni nəsə deyə bilmir. Odur ki, hər bir məktəb ilk növbədə uşağı vətənə məhəbbət ruhunda yetişdirməlidir.

Bizim üçün ölçü nədir? Əsas buna cavab tapmalıyıq. Məsələn, "bu il bizim məktəbdən 10 nəfər ali məktəbə daxil olub" yanaşması ölçü olmamalıdır.  44 günlük Vətən müharibəsi göstərdi ki, aralarında heç bir ali təhsili olmayan, yaxud, dünənə qədər ali məktəbi çətinliklə bitirənlər də  Vətənin qəhrəmanı oldular.

Sizə maraqlı bir tarixi deyim: İkinci Dünya Müharibəsində 600 mindən artıq azərbaycanlı müharibəyə gedib, onun 300 mindən artığı dünyasını dəyişib. Onlardan 43 azərbaycanlı qəhrəman adını alıb, lakin heç birinin ali təhsili olmayıb. Qəhrəmanlıq üçün təhsil önəmli deyil. Bunun üçün təhsil yox,  cəsarət önəmlidir. Biz elə tələbə yetişdirməliyik ki, o dünyanı özünə cəlb edə bilsin. Minlərlə hüquqşünas, tarixçi var ki, onların faydalı iş əmsalı çox aşağıdır. Amma elə insanlar yetişdirilməlidir ki, onlar tarix yazsınlar. 44 günlük Vətən müharibəsi bunu göstərdi.

Əhməd bəy Ağaoğlu yazırdı ki, Şuşadan Tiflisə gimnaziyada oxumağa gedəndə gürcülər ondan soruşub ki, sən kimsən. Türk olduğunu deyəndə gürcülər təəccübləniblər ki, doğrudanmı türk də oxuya bilər? İndi baxın, biz hardan-haraya gəlmişik? Dünyanın ən nüfuzlu universitetlərində azərbaycanlı gənclər təhsil alır. Bununla fəxr etməliyik.

- Anar müəllim, sizcə, Azərbaycanda ibtidai təhsilə kifayət qədər diqqət yetirilirmi? Uşaqları yormadan, onların müstəqil düşünmə və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirən təhsil modelinə keçid üçün hansı addımlar atılmalıdır?

- Əlbəttə, tam qane etmir. Birincisi, özünüz təsəvvür eləyin. Azərbaycan torpaqlarının 20 faizi dünənə qədər işğal altında idi, 1 milyon insan qaçqın və köçkün idi. Onun məktəbi necə ola bilərdi?! SSRİ dağılandan sonra hərə bir məktəb açdı; çoxunun adı var, özü yox idi. Amma o məktəblər, universitetlər oxumayanlara diplom verdilər. Bu gün də minlərlə "müəllim" adını daşıyan şəxs var ki, o, heç bir zaman müəllim qarşısında auditoriyada oturmayıb. Sizə bir başqa çox acınacaqlı və dəhşətli tarix danışım: Mən Tiflisdə arxivdə çalışanda bir dəfə bir gürcü ilə mübahisəm düşdü.Yeri gəlmişkən,  orada çalışdığım beş il ərzində “gürcü kimdir?” sualının cavabını tapdım. Bir gün o mənə dedi ki, Anar Camaloviç, mən sizi bir yerə aparacağam, ondan sonra biz mübahisəmizi davam etdirəcəyik. Gürcüstanda on minlərlə azərbaycanlı təhsil alır.

Həmin dövrdə müəyyən işbazlar dünən mal ferması olan yeri təmir eləyib üzərinə “Marneuli Universiteti”, “Dmanisi Universiteti”, “Bolnisi Universiteti” yazmışdılar. Dəhşətlisi odur ki, hətta Azərbaycandan da minlərlə insan ora getdi, adını yazdırırdı. Təbii ki, rüşvətini verirdi. Guya, onlar oranı qurtardılar, diplom aldılar. Mən gürcüyə sual verəndə ki, bəs sən deyirsən, biz belə vicdanlıyıq, buna niyə icazə vermisiniz?!  Dedi ki, Anar Camaloviç, bizim nəyimizə lazımdır azərbaycanlı, türk gəlib burada təhsil alır?  Soruşdum ki, buradan qazancınız nədir, dedi ki, qazancları vergidir, siz itirirsiniz, biz heç nə itirmirik. Sonra onların böyük əksəriyyəti  Azərbaycana gəlib, müəllim oldular. Çünki birinci-ikinci sinif uşağını aldatmaq çox rahatdır, asandır. Ağzında “uşaq” deyirsən.

Ona görə, tam razıyam ki, təhsilin bünövrəsi bağçada, ibtidai təhsildə qoyulur. Bu gün də bu sahədə kifayət qədər çatışmazlıqlar, nöqsan və  boşluqlar var. Elə bilirsiniz, qəbul olunan qanunların hamısı, bütün müddəaları yerinə yetirilir? Xeyr. Çünki təhsildə əsas faktor müəllimlə bağlıdır. Elm və təhsil naziri Emin Əmurrulayev də bunu hər zaman vurğulayır: müəllim yerində olmalıdır. Müəllim peşəsinin vurğunu olmalıdır. Müəllimlik sənəti həqiqətən çətindir.

Bir məqama sevinirəm ki, artıq bir sıra məktəblərdə müəllim əməyinin yalnız dərs saatı əsasında qiymətləndirilməsindən tədricən uzaqlaşılır. Çünki müəllimin əməkhaqqısını yalnız keçdiyi dərs saatlarının sayı ilə müəyyənləşdirmək onun ümumi əməyini və məktəbdə sərf etdiyi vaxtı tam əks etdirmir. Digər peşələrdə olduğu kimi, müəllimin də iş yükü və əmək fəaliyyəti daha geniş şəkildə nəzərə alınmalıdır. Müəllim səhər saat 9-da işə başlayıb günün sonunda məktəbdən ayrılırsa, onun əməyinin yalnız keçdiyi dərs saatları ilə ölçülməsi nə dərəcədə ədalətlidir? Müəllimin dərs saatına görə nə qədər əməkhaqqısını artırsan, yenə də  ən aşağı maaş alacaq. Müəllimin də qayğıları var.

Müəllimin əməkhaqqısı qaldırılmalıdır. Ondan sonra keyfiyyət yüksələcək. Bacarmayanlar yola salınacaq. Özünüz də şahidsiniz, nə qədər insanın saxta diplomu üzə çıxdı. Bu baxımdam, müəllimlərin sertifikatlaşdırılması prosesi  müsbət rol oynadı. Baxın, müəllim gedir, bal toplaya bilmir və sonra utanmadan məktəbə qayıdır. Mənim əziz müəllimim, sən 20 il dərs deyirsənsə, 20 ildən sonra sertifikasiyanın test  imtahanına gedib  "iki" alırsan, sonra hansı üzlə geri dönürsən?!  Hələ onu demirəm ki, öz zəifliklərini ədalətsizlik kimi təqdim edirlər. Axı sən şagirdə nə öyrədəcəksən?!

Ardı var...

Arifə Kərimzadə Modern.az

Prezidentdən kritik xəbərdarlıq - Xəzərdə faciə baş verə bilər
Son xəbərlərDaha çox