Azedu.az

"Peşə məktəbi məzunu kollec tələbəsindən daha asan iş tapır"

Peşə təhsili

10 Oktyabr 2026, 10:40
"Peşə məktəbi məzunu kollec tələbəsindən daha asan iş tapır"

"Reallıq göstərir ki, peşə təhsili müəssisəsində oxuyan tələbənin gələcək əmək bazarı və işlə təmin olunma perspektivi kollec tələbəsindən daha yüksəkdir".

Bu sözləri "AzEdu Podkast"da təhsil tədqiqatçısı Elmin Nuri söyləyib. 

Hazırda ölkəmizdə 60-dan çox kollec fəaliyyət göstərir. Bunların bir kısmı Ali Təhsil Müəssisələrinin (ATM) bazasındadır. Məsələn, ADNSU-nun tərkibində 2, UNEC-in bazasında 3, Azərbaycan Texniki Universitetinin tərkibində 2, Memarlıq və İnşaat Universitetinin bazasında isə 1 kollec var. Digər böyük əksəriyyət isə həm Bakıda, həm də bölgələrdə yerləşən ümumi təyinatlı və çoxspektrli təhsil müəssisələridir.

Bu gün kolleclərin ciddi optimallaşdırılmasına böyük ehtiyac yaranıb. Tibb ixtisasları istisna olmaqla, kolleclərin əmək bazarındakı yeri hazırda kifayət qədər zəifdir. Tibb kollecləri yeganə sahədir ki, yüksək rəqabət sayəsində öz aktuallığını qoruyub saxlayır. Digər ixtisaslarda isə reallıq göstərir ki, peşə təhsili müəssisəsində oxuyan tələbənin gələcək əmək bazarı və işlə təmin olunma perspektivi kollec tələbəsindən daha yüksəkdir. Kolleclər istehsalat dünyası ilə əməkdaşlıq və memorandumların imzalanması məsələsində peşə təhsilinə ciddi şəkildə uduzur. Bir çox peşə məktəbləri il ərzində 10-dan çox istehsalat obyekti ilə müqavilə bağlayaraq tələbələrini təcrübəyə göndərir və onların işlə təmin olunmasını təmin edir.

Bir ixtisasın həm universitetdə, həm də kollecdə olması da kollec məzunlarının şansını azaldır. Məsələn, mühasibat işi ixtisası həm kollecdə, həm də 10-dan çox universitetdə var. Kollec tələbəsi özünü nə qədər inkişaf etdirsa belə, işəgötürən psixoloji olaraq universitet diplomlu şəxsə üstünlük verir. Əksinə, ortopedik stomatologiya və ya mamalıq işi kimi ixtisaslar ancaq kolleclərdə olduğu üçün əmək bazarı bu sahədə mütəxəssis ehtiyacını birbaşa kollecdən qarşılayır.

Kollecləri mövcud durumdan çıxarmaq, orada ömrünü bu sahəyə həsr edən minlərlə pedaqoqu və on minlərlə tələbəni xilas etmək üçün iki əsas addım atılmalıdır. Birincisi, kolleclər ümumi təyinatlı yox, sırf müəyyən sahə üzrə (məsələn, sırf mühəndislik və ya texniki istiqamətdə) ixtisaslaşmalıdır. Müəyyən ixtisaslar yalnız kolleclərdə var olmalıdır ki, əmək bazarı ehtiyac duyduğu mütəxəssisi yalnız oradan ala bilsin və kolleclə hesablaşsın. İkincisi, kolleclər peşə təhsilinə uduzacaqsa, ya onların statusu peşə təhsili müəssisəsinə dəyişdirilməli, ya da zəif fəaliyyət gösterənlər ləğv olunub birləşdirilməlidir. Beş zəif kollecdənsə, bir-iki güclü və ixtisaslaşmış kollecin fəaliyyət göstərməsi daha məqsədəuyğundur.

Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...
Son xəbərlərDaha çox