Ali təhsil müəssisələrinə qəbul prosesi artıq yekunlaşıb və sentyabrın 15-dən yeni tədris ili başlayacaq. Lakin qəbul ola bilməyən abituriyentlər də az deyil. Belə hallarda bəzi valideynlər övladlarının təhsilini xaricdə davam etdirməsi üçün xaricdə təhsil şirkətlərinə müraciət edirlər.
Xaricdə təhsil adı altında abituriyent və valideynlərin aldadılması hallarına son illərdə tez-tez rast gəlinir. Bəzən isə reallığa uyğun olmayan vədlərlə böyük məbləğdə ödənişlər alınır.
Maraqlıdır, xaricdə təhsil adı altında ən geniş yayılmış fırıldaqçılıq halları hansılardır və valideynlər bu tələlərə düşməmək üçün nələri mütləq yoxlamalıdırlar?
Mövzu ilə bağlı AzEdu.az-a xaricdə təhsil üzrə mütəxəssis Mürsəl Əliyev açıqlama verib.

O qeyd edib ki, tələbəni potensialına uyğun olmayan ixtisasa yönləndirmək 1-2 il sonra onun təhsilini yarımçıq qoymasına səbəb ola bilər:
“Ümumiyyətlə, bu məsələ ilə bağlı çox ciddi problemlər var. Artıq 15 ilə yaxındır ki, bu sahədə fəaliyyət göstəririk. Ən böyük problem valideynlərə yanlış məlumatların verilməsi və onların səhv universitetlərə yönləndirilməsidir. Tələbələr bəzən ixtisasını belə tanımadıqları, keyfiyyətli təhsil ala bilməyəcəkləri ali təhsil müəssisələrinə yönləndirilirlər.
Bəli, attestatla qəbul mövcuddur və bu, tamamilə qanunidir. Hətta Azərbaycan universitetləri də xaricdən gələn tələbələri attestat əsasında qəbul edirlər. Tibb fakültələri də daxil olmaqla, müxtəlif ixtisaslara attestatla qəbul mümkündür. Bu, dünyanın bir çox ölkəsində tətbiq olunan normal praktikadır və Azərbaycanda da eyni qaydada həyata keçirilir.
Azərbaycanda, Gürcüstanda, Özbəkistanda, eləcə də bir sıra Avropa ölkələrində universitetlərə qəbul üçün yalnız attestat kifayət edir. Sadəcə olaraq, əlavə mərhələdə abituriyentin ingilis dili səviyyəsi yoxlanılır. Yəni heç bir qəbul imtahanı vermədən, yalnız dil biliyinin qiymətləndirilməsi əsasında universitetə qəbul olmaq mümkündür.
Son 2-3 il ərzində müəyyən bir tendensiya formalaşıb. Belə ki, bəzi valideynlər övladlarının Bakıda qalmasını, xaricə getmədən təhsil almasını, eyni zamanda xarici universitet diplomu əldə etməsini və həmin diplomun Azərbaycanda tanınmasını istəyirlər. Lakin bu cür gözləntilər reallığı əks etdirmir və praktik baxımdan mümkün deyil.
Bu cür yanaşma tamamilə əsassızdır və reallığı əks etdirmir. Təəssüf ki, son illərdə bu mövzu ətrafında çox sayda yanlış məlumat yayılıb. Müxtəlif “onlayn universitetlər”, həqiqəti əks etdirməyən vədlər və aldadıcı təkliflərlə bir çox insanın etibarından sui-istifadə olunub.
Bundan əlavə, əyani formada təhsil alan tələbələrlə bağlı da belə bir problem yaşanır ki, onlar səhv ixtisasa yönləndirilirlər. Nəticədə tələbə həmin universitetdə 1-2 il təhsil alır, lakin təhsili davam etdirə bilmədiyi üçün geri qayıtmalı olur. Bu zaman isə valideynin təhsil üçün ödədiyi vəsait də itkiyə məruz qalır.
Məsələn, DİM imtahanında 50-100 bal toplayan tələbəni mühəndislik, fizika və digər daha ağır ixtisaslara yönləndirirlər. Halbuki həmin tələbə bu ixtisaslarda təhsil almaqda çətinlik çəkə bilər. İxtisas seçiminin düzgün aparılmaması nəticəsində də belə hallar baş verir”.
Valideyn həm universiteti, həm də təhsil şirkətini əvvəlcədən araşdırmalıdır:
“Digər məsələ isə burasındadır ki, burada hər iki tərəfin günahı var. Böyük məsuliyyət, əlbəttə ki, təhsil şirkətlərinin üzərinə düşür. Lakin valideynlərin də bu məsələdə ciddi məsuliyyəti var. Hətta bəzi hallarda valideynlərin məsuliyyəti daha çoxdur.
Valideynlər bəzən övladının potensialını nəzərə almadan, onun “oxuyacağam” vədinə əsaslanaraq universitet xəyallarını gerçəkləşdirməyə çalışırlar. Amma nəticədə nə baş verir? Uşaq iki-üç il həmin universitetdə oxuya bilmir, imtahanlarını verə bilmir və valideynin bundan heç xəbəri olmur. Bir müddət sonra isə məlum olur ki, uşaq birinci kursda olsa da, heç bir imtahanı keçməyib, hətta universitetə belə getmir.
Universitet də bağça deyil ki, valideynə uşağın dərsə gəlib-gəlmədiyi barədə mütəmadi məlumat versin. Nəticədə uşaq bir neçə il həmin ölkədə boşuna qalır, valideynin vəsaiti xərclənir və sonda hər iki tərəf ciddi itki ilə üzləşir.
Belə hallar həddən artıq çoxdur. Təəssüf ki, bunun tam qarşısını almaq mümkün deyil. Dünyanın hər yerində bu cür hallara rast gəlinir. Amma bunun qarşısını mümkün qədər almağın əsas yolu valideynlərin məlumatlı olmasıdır. Valideyn həm universiteti, həm təhsil şirkətini, həm də övladının hansı şirkət vasitəsilə xaricdə təhsil almağa göndərildiyini əvvəlcədən araşdırmalıdır”.
Ucuz xidmətə aldanan valideyn sonda daha böyük problemlərlə üzləşir:
“Problemin kökü nədir? Məsələn, köklü və böyük şirkətlər bu işlərin görülməsi üçün müəyyən xidmət haqqı alırlar və yüksək məbləğ qarşılığında prosesin bütün mərhələlərini həll edirlər. Çünki bura qarşılanma, yerləşdirilmə, qeydiyyat, zəmanət və digər xidmətlər daxildir.
Amma kiçik şirkətlər həmin məbləğin yarısını, bəzən isə onun da yarısını, hətta üçdə birini tələb edərək uşağın sadəcə qəbulunu həyata keçirirlər. Ya da qəbul alındıqdan sonra digər zəruri işlərin heç birini görmürlər. Nəticədə isə uşaq ortada qalır.
Çünki qəbuldan sonra da görülməli çox böyük işlər var. Sənədlərin təsdiqlənməsi, qeydiyyat və digər prosedurlar həyata keçirilməlidir. Bu işlər görülmədikdə isə proses yarımçıq qalır və nəticədə tələbə ciddi problemlərlə üzləşir.
Burada bəzən valideynlərin də günahı olur. “Ucuz ətin şorbası olmaz” deyiblər. Burada da eyni məsələdir. Valideynlər keyfiyyətli və peşəkar xidmətə müəyyən qədər daha yüksək məbləğ ödəmək əvəzinə, daha ucuz xidmətə üstünlük verirlər.
Amma təəssüf ki, hər il belə hallar daha da çoxalır. Hər il bununla bağlı xəbərlərdə məlumatlar yayılır, açıqlamalar veririk, amma nəticə dəyişmir. Çünki hər il yeni şirkətlər yaranır. Adını bilmədiyimiz, tanımadığımız, bəzən heç bir yerdə qeydiyyatda olmayan şirkətlər fəaliyyətə başlayır. Altı ay, bir il, hətta bəzən cəmi üç-dörd ay, əsasən də mövsüm ərzində işləyirlər, daha sonra fəaliyyətlərini dayandırır, telefonlarını söndürürlər. Uşaq ortada qaldıqdan sonra isə həmin şirkətlərə çatmaq mümkün olmur.
Mənim də tez-tez qarşılaşdığım hal budur ki, bizə müraciət edirlər, lakin təklif etdiyimiz xidmət haqqı ilə razılaşmayaraq daha ucuz şirkətə müraciət edirlər. Nəticədə sentyabr-oktyabr aylarında yenidən bizimlə əlaqə saxlayaraq deyirlər: “Müəllim, bizə kömək edin, ortada qalmışıq. Şəhərdəyik, bilmirik hara gedək. Türkiyədəyik, bizi qarşılayan da yoxdur, yerləşdirən də”.
Belə vəziyyətdə isə artıq bizim də çox şey etmək imkanımız olmur. Çünki iş-işdən keçmiş olur, qəbul müddəti də başa çatır. Bu səbəbdən valideynlər və uşaqlar xidmət seçərkən bütün bu məqamları nəzərə almalıdırlar ki, nə valideyn pis vəziyyətdə qalsın, nə uşaq çətin vəziyyətə düşsün, nə də nəticədə tələbə təhsilini davam etdirə bilməsin.
Çünki tələbənin universitetə qəbulunu təşkil etmək nisbətən asandır. Əsas məsələ qəbuldan sonra görülməli olan işlər və prosedurlardır. Valideynlər isə bəzən bunları bilmədikləri üçün düşünürlər ki, “qəbul aldım vəssalam, digər işləri özüm görərəm”. Əslində isə məsələ bununla bitmir”.