Azedu.az

Sertifikasiyanın müsahibəsi: Hansı müəllimlər uğursuz ola bilər?

Sertifikasiya

4 Sentyabr 2026, 09:14
Sertifikasiyanın müsahibəsi: Hansı müəllimlər uğursuz ola bilər?

Sertifikasiya prosesinin müsahibə mərhələsində uğursuz nəticə göstərən müəllimlərin sayı nisbətən az olsa da, onların hansı meyarlar əsasında qiymətləndirilməsi və hansı hallarda müsahibədən keçə bilməməsi maraq doğurur.

Maraqlıdır, müsahibə mərhələsində bəzi müəllimlərin uğursuz nəticə göstərməsinə səbəb nədir?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil üzrə mütəxəssis Ramin Nurəliyev bildirib ki, çox az sayda müəllimin müsahibə mərhələsində uğursuz nəticə göstərəcəyi qənaətindədir:

188769

"Ümumiyyətlə, məsələyə belə yanaşıram. Müəllim yalnız savadlı olmamalıdır. Təkcə müəllimlikdə deyil, bütün sahələrdə savadlı olmaq kifayət etmir. Savadla yanaşı, bilik və bacarıqları qarşı tərəfə, xüsusilə də şagirdə düzgün şəkildə aşılamaq və ötürmək bacarığı da böyük əhəmiyyət daşıyır.

Xüsusilə pedaqoji ixtisaslarda bu məsələ daha önəmlidir. Müəllim nə qədər savadlı olursa-olsun, əgər öz biliyini şagirdə çatdırmaqda çətinlik çəkirsə, onun müəllim kimi uğurlu fəaliyyət göstərə bilməyəcəyini söyləmək olar.

Məsələn, elə müəllim var ki, orta səviyyədə biliyə malikdir, amma şagirdləri onu çox sevir və o, şagirdlərinə lazım olan bilik və bacarıqları uğurla ötürə bilir. Digər tərəfdən, çox savadlı müəllim var, lakin sinfində ciddi narazılıq yaranır və o, öz bilik və bacarıqlarını şagirdlərə çatdırmaqda çətinlik çəkir. Deməli, müəllimin yalnız savadlı olması onun müəllimlik peşəsində uğur qazanması və yaxud ideal müəllim kimi qəbul edilməsi üçün kifayət deyil.

Müəllim savadlı olmaqla yanaşı, peşəkar olmalı, bilik və bacarıqları şagirdə ötürməyi bacarmalı, şagirdin çətinlik çəkdiyi məqamları təhlil etmək qabiliyyətinə malik olmalı və sinif idarəetməsinə hakim olmalıdır. Sinifdə baş verən müxtəlif situasiyalarla bağlı düzgün və operativ qərar vermək bacarığına sahib olmalı, metodiki biliklərini də yüksək səviyyədə bilməlidir.

İmtahandan sonrakı müsahibə mərhələsi də məhz bu istiqamətdə formalaşdırılır. Burada müəllimin metodiki bilikləri yoxlanılır, xüsusilə metodika ilə bağlı suallar verilir. Eyni zamanda, müəllimin sinifdə müxtəlif situasiyalarla qarşılaşdığı zaman necə davranacağı, hansı qərarları verəcəyi, sinif idarəetməsi ilə bağlı bacarıqları qiymətləndirilir. Müəllimin öz bilik və bacarıqlarını şagirdə və bütövlükdə sinfə ötürə bilib-bilməyəcəyi də təhlil olunur.

Bu baxımdan müsahibə mərhələsinin keçirilməsi, əlbəttə ki, çox vacibdir. Biz "müəllim sertifikasiya imtahanından keçdi və bununla da iş bitdi" yanaşması ilə kifayətlənməməliyik. Eyni fikri MİQ imtahanı ilə bağlı da söyləmək olar. Müəllimin yalnız imtahandan keçməsi onun yaxşı müəllim olacağına zəmanət vermir".

Həmsöhbətimiz bildirib ki, müəllimin biliyi və savadı ilə yanaşı, onun metodiki və pedaqoji qabiliyyətləri də mütləq yoxlanılmalıdır:

"Ona görə də hesab edirəm ki, hazırda sertifikasiya prosesində müsahibə mərhələsinin həyata keçirilməsi çox önəmli və vacib amillərdən biridir. Müəllimlərin yalnız savadı deyil, eyni zamanda onların pedaqoji qabiliyyətləri, bilik və bacarıqları da qiymətləndirilməli və məhz bundan sonra onların məktəblərdə tədris prosesinə cəlb olunmasına qərar verilməlidir.

Mən özüm də uzun müddət müəllim işləmişəm və bu sahəni yaxşı bilirəm. Elə müəllimlər görmüşəm ki, tədris etdiyi fənni arzuolunan səviyyədə bilmirdi, amma həmin fənni şagirdə çox rahat və effektiv şəkildə öyrədə bilirdi. Məncə, məhz belə müəllim uğurlu müəllimdir. Niyə? Çünki onun şagirdləri tədris etdiyi fənni yaxşı mənimsəyirdi.

Digər tərəfdən, çox savadlı, hətta həddindən artıq savadlı müəllim də ola bilər, amma laqeyd yanaşma nümayiş etdirə bilər. Məsələn, Azərbaycan ədəbiyyatı müəllimi dərsdə əsər haqqında uzun-uzadı danışır, əsəri geniş təhlil edir, lakin şagirdə həmin mərhələdə lazım olan əsas məqamları çatdırmır. Daha dərin və əlavə məlumatlar verir, amma həmin məlumatların şagirdin qarşısına çıxacaq imtahanda və ya onun biliklərinin formalaşmasında praktik əhəmiyyəti olmur.

Burada əsas məsələ müəllimin nəyi və necə təhlil etməli olduğunu, şagirdə hansı biliklərin verilməsinin zəruri olduğunu düzgün müəyyənləşdirməsidir. Müəllim şagirdə lazım olan məlumatı düzgün seçməli və onu tam, aydın və anlaşıqlı şəkildə çatdırmalıdır. Əlavə və lazımsız məlumatlarla şagirdi yükləmək isə hər zaman səmərəli yanaşma deyil.

Ona görə də düşünürəm ki, sertifikasiya imtahanından sonra müsahibə mərhələsinin keçirilməsi olduqca vacibdir. Ümid edirəm ki, bu proses nəticəsində ən yaxşı, ən peşəkar və həm biliyi, həm də pedaqoji bacarığı ilə seçilən müəllimlərimiz ümumi təhsil məktəblərində tədris prosesinə cəlb olunacaq və şagirdlərimizin daha keyfiyyətli təhsil almasına öz töhfələrini verəcəklər".

Putindən əhaliyə kritik çağırış - Hazır olun
Son xəbərlərDaha çox