Azedu.az

Şəhidin yoldaşı və qızı tələbə oldu: “Kaş ki, o da bu günü görəydi…”

Müsahibə və reportajlar

29 Avqust 2026, 13:10
Şəhidin yoldaşı və qızı tələbə oldu: “Kaş ki, o da bu günü görəydi…”

Şəhid Mixail Həmidovun ailəsində bu il ikiqat sevinc yaşanıb. Şəhidin qızı Mədinə Həmidova 536 balla Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinə qəbul olaraq bakalavr tələbəsi adını qazanıb. Həyat yoldaşı Qiymət Həmidova isə 38 yaşında magistraturaya qəbul olaraq illər sonra təhsil həyatına yenidən başlayıb. Ana və qızın eyni ildə tələbə adını qazanması ailə üçün həm qürur, həm də duyğusal anlarla yadda qalıb

AzEdu.az bu münasibətlə şəhidin ailə üzvləri ilə əlaqə saxlayaraq təəssüratlarını öyrənib.

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyin məzunu Mədinə Həmidova 3-cü qrup üzrə 536 bal toplayıb:

188538

"Buraxılış imtahanından 248, blok imtahanından isə, səhv etmirəmsə, 286 bal toplamışam. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinə qəbul olmuşam.Uşaqlıq arzum səfir olmaq idi. Elə Beynəlxalq münasibətlər ixtisasına da qəbul oldum, bununla da arzuma bir addım daha yaxınlaşdım.

Qəbul nəticələri açıqlananda ilk dəfə anamla birlikdə baxdıq. İlk sevincimi də anamla bölüşdüm. Çox sevindik, çünki Bakı Dövlət Universiteti kimi bir universitetə və istədiyim fakültəyə qəbul olmuşdum. Atam həmişə deyirdi ki, nə olursan ol, onu layiqincə et. Yəni onun üçün əslində nə olduğumun çox da önəmi yox idi. Sadəcə, bacardığımı görmək istəyirdi.

Abituriyent olduğum müddətdə sosial şəbəkələrdən demək olar ki, çox az istifadə edirdim, özümə limit qoymuşdum. Bizim məktəbdə 9-cu sinifdən 11-ci sinfə qədər abituriyentlər üçün dərs saatlarını mümkün qədər az saxlayırdılar ki, hamı hazırlıqlara çata bilsin. Ona görə məktəb və hazırlıq arasında balansı qoruya bilirdim".

Bir qədər tarix fənnindən çətinlik çəkirdim, amma blok imtahanında istədiyim nəticəni əldə etdim:

"Bu il ailəmizdə iki tələbə var. Anam magistraturaya hazırlaşırdı və onun nəticəsi mənim nəticəmdən təxminən bir ay əvvəl açıqlanmışdı. Onun qəbul xəbərini eşidəndə daha çox sevindik, çünki əslində bunu gözləmirdik. Anam çox qısa müddətdə hazırlaşmışdı və buna görə onun nəticəsinə daha çox sevindik.

Universitetlərimizin eyni olması çox maraqlı olardı, amma belə bir xəyalım olmayıb. Gələcəkdə bakalavr təhsilimi bitirdikdən sonra magistratura təhsili üçün Avropaya getmək istəyirəm. Bununla da səfir olmağa bir az daha yaxınlaşmaq istəyirəm. Hələlik planlarım bunlardır. Qohumlarımız arasında səfir olan yoxdur. Sadəcə uşaqlıqdan özümü bu sahəyə daha yaxın hiss etmişəm. Diplomatiya, səfirlik və bu tip məsələlər mənə çox maraqlı gəlir. Ona görə də səfir olmaq istəyirəm".

Şəhidin həyat yoldaşı Qiymət Həmidova qeyd edib ki, eyni dövrdə həm qızının bakalavr pilləsinə qəbul olması, həm də özünün magistraturaya qəbul olmasını öyrənmək böyük sevinc və qürur yaşadıb:

188536

"Bu, mənim üçün çox xüsusi və unudulmaz bir hissdir. Əslində, ikimiz də bir-birimiz üçün motivasiya olduq. Mən qızımın sevincini yaşadım, o da mənim uğuruma sevindi. Düşünürəm ki, bu, bizim üçün çox gözəl və yadda qalan bir başlanğıcdır.

Qızımın ilk universitet addımını atmasına sevinirəm, o da mənim illər sonra yenidən təhsilimi davam etdirməyimə çox sevinir. Düşünürəm ki, bu nəticələr bizim üçün sadəcə qəbul xəbəri deyil, bir-birimizə verdiyimiz dəstəyin gözəl nəticəsidir.Əslində, təhsilimi davam etdirmək fikri həmişə içimdə olub. Sadəcə iş, ailə və son olaraq Mixailin yanımızda fiziki olmaması səbəbilə ailənin bütün məsuliyyətlərinə görə bunu bir qədər təxirə salmışdım.

Uşaqların böyüməsi və Mədinənin universitetə hazırlaşması yenidən öz məqsədlərimə qayıtmaq üçün motivasiya verdi. Mixail də təhsilə, yeniliklərə həmişə önəm verib. Düşündüm ki, heç vaxt gec deyil və insan istədiyi halda özünü inkişaf etdirməyə davam edə bilər. Ona görə də bu il magistraturaya qəbul olmaq üçün qərar verdim".

Qızımın universitetə hazırlaşması mənim üçün həm çox qürurlu, həm də duyğusal bir dövr idi:

"Çünki onun bu yolda irəliləməsini görmək mənə çox böyük sevinc verirdi. Həyatımızda atası ilə bağlı böyük bir boşluq olsa da, mən həmişə çalışmışam ki, qızım özünü tək hiss etməsin və onun bütün uğurlarında yanında olum. Onun hər bir uğuru mənim üçün həm bir ana kimi böyük qürurdur, həm də Mixailin ruhuna verilən ən gözəl hədiyyələrdən biridir. O, universitetə qəbul olanda düşündüm ki, çəkdiyimiz bütün çətinliklərə baxmayaraq, biz bacardıq.

Hətta aramızda zarafat da edirdik ki, bu il ikimiz də tələbə olacağıq. Bir-birimizə deyirdik ki, görəsən, kim daha çox oxuyacaq, kim daha çox həyəcan keçirəcək. O vaxt bunu sadəcə bir zarafat kimi deyirdik, amma nəticədə həqiqətən də ikimiz tələbə olduq.İmtahanlara hazırlıq dövrü bizim üçün heç də asan keçmədi. Evdə bəzən çox gərgin və yorucu günlər olurdu. Hər ikimizin öz məsuliyyətləri və üzərimizdə böyük bir təzyiq var idi. Elə vaxtlar olurdu ki, ikimiz də yorulur, hətta bir-birimizə əsəbiləşirdik də".

Düşünürəm ki, qızımın güclü və məqsədinə çatmaq üçün mübarizə aparan tərəfini özündə görərdi:

"Mən onun bəzi xüsusiyyətlərini qızımda gördüyümü düşünürəm. Xüsusilə çətinliklər qarşısında sınmaması, məsuliyyətli olması və başladığı işi sona çatdırmağa çalışması mənə atasını xatırladır. İnanıram ki, Mixail bu gün yanımızda olsaydı, qızımızla çox fəxr edərdi.

Mənim üçün ən böyük məsuliyyət övladlarımı həm yaxşı insan, həm də həyatda öz ayaqları üzərində dayana bilən güclü insanlar kimi böyütmək olub. Mədinənin atasız böyüməsinin onun üçün böyük bir boşluq olduğunu bilirdim və çalışırdım ki, bu boşluğu heç olmasa sevgim və dəstəyimlə doldurum. Həm ana, həm də onun üçün güvənə biləcəyi bir dayaq olmağa çalışdım. Bu gün onun universitetə qəbul olması mənə göstərir ki, bütün çətinliklərə baxmayaraq, bu yolda əlimdən gələni etmişəm.

Demək olar ki, hər uğurunda bu hissi yaşayıram. Qızımın uğurunu görəndə ilk düşündüyüm insan atası olur. İstər-istəməz içimdən “Kaş ki, o da bu günü görəydi, qızının bu uğuruna şahid olaydı”,- deyirəm. Çünki bilirəm ki, onunla fəxr edərdi. Amma bir tərəfdən də düşünürəm ki, haradasa bizi görür və qızının uğurlarını görüb fəxr edir. Mənim üçün onun qızının bu gününü görməsini çox istəmək həm qürur, həm də heç vaxt keçməyən bir həsrətdir.

Bu yeni mərhələdən ən böyük gözləntim həm özümü inkişaf etdirmək, həm də qızıma yaxşı nümunə olmaqdır. 38 yaşında yenidən tələbə olmaq mənim üçün həm böyük məsuliyyət, həm də yeni bir başlanğıcdır. İstəyirəm ki, bu mərhələni uğurla başa vurum, həm təhsilimi davam etdirim, həm də qızıma göstərim ki, insanın arzularının və məqsədlərinin həyata keçməsi üçün heç vaxt gec deyil. Ən böyük istəyim isə bu yolu qızımla birlikdə uğurla davam etdirməkdir.

Mənim üçün magistratura sadəcə diplom deyil. Bu, illər sonra özüm üçün açdığım yeni bir qapıdır. Həyatın müəyyən mərhələsində insan ailəsinə, övladına və digər məsuliyyətlərinə daha çox vaxt ayırır. Amma bu, öz arzularından vaz keçmək demək deyil. Mən özümə sübut etmək istədim ki, aradan illər keçsə də, insan yenidən başlaya və öz məqsədlərinin ardınca gedə bilər. Bu təhsil mənim üçün yeni biliklər, yeni imkanlar və özümə olan inamımı daha da gücləndirmək deməkdir.

Düşünürəm ki, bizim hekayəmiz başqa qadınlara, xüsusilə də şəhid ailələrinə göstərir ki, həyatın qarşıya çıxardığı çətinliklər nə qədər ağır olsa da, insan öz arzularından vaz keçməməlidir. Mən istərdim ki, bizim eyni vaxtda tələbə olmağımız bir mesaj versin: heç vaxt “artıq gecdir” deməyin. Ana olmaq, ailə məsuliyyəti daşımaq və yaşadığınız çətinliklər arzularınıza maneə olmamalıdır. Əgər insanın daxilində istək və inam varsa, yenidən başlamaq həmişə mümkündür. Mən də istəyirəm ki, qızımla birlikdə bu yolda addımlamağımız başqa qadınlara və xüsusən şəhid ailələrinə bir az da olsa ümid və güc versin.

Həyat yoldaşımın şəhidliyi bizim üçün böyük bir itki olsa da, onun şərəfli adı hər zaman bizim üçün qürur mənbəyidir. Mən bir ana olaraq ən böyük arzularımdan birini onun adını və xatirəsini övladlarımın uğurları ilə yaşatmaq hesab edirəm. İstəyirəm ki, Mədinənin, Yusifin və Mələyin hər bir uğurlarında atasının adı da çəkilsin və onunla necə fəxr etdiyimizi hər zaman göstərək. Biz bu gün atamızın qoyduğu şərəfli adı başımızı uca tutaraq daşıyırıq və bundan sonra da belə olacaq".

188535

SON DƏQİQƏ! DİN kritik əməliyyat keçirdi - Saxlanılanlar var
Son xəbərlərDaha çox