2018-ci ildən etibarən Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında iştirak edən Sumayə Rüstəmbəyli bu il 91.3 bal toplayaraq Ağcabədi rayonunda məktəb seçiminə nail olub.
Ağcabədi rayon sakini olan namizəd Bakı Dövlət Universitetində Biologiya müəllimliyi ixtisası üzrə bakalavr, Gəncə Dövlət Universitetində isə 2020-2022-ci illərdə Genetika ixtisası üzrə magistratura təhsili alıb.
Sumayə Rüstəmbəyli builki MİQ imtahanında 91.3 bal topladığını və yaşadığı rayonda Ağcabədi şəhər 1 nömrəli tam orta məktəbdə vakansiya seçimində məqbul nəticə əldə etdiyini bildirib.
Müsahibə mərhələsində iştirak edən namizəd AzEdu.az-a təəssüratlarını bölüşüb.
Onun sözlərinə görə, müsahibə zamanı dünyagörüşü, psixoloji və ixtisasla bağlı suallar səsləndirilib:
"Ümumi olaraq dünyagörüşü, psixoloji suallar, eyni zamanda ixtisasdan da bir neçə sual verildi. Düşünürəm ki, müsbət nəticə əldə edəcəyəm. Suallar rahat idi".
Sumayə Rüstəmbəyli hesab edir ki, müəyyən pedaqoji təcrübəsi olan müəllimlər bu sualları daha rahat cavablandıra bilərlər.
"Həyəcan ora gedənə qədərdir"
Namizəd müsahibə mərhələsində özünü rahat hiss etdiyini və komissiya tərəfindən yaradılan mühitin həyəcanını azaltmağa kömək etdiyini deyib:
"Xeyr, o qədər xoş qarşılanırsan ki, həyəcan falan unudulur. Həyəcan ora gedənə qədərdir, belə deyək".
O, əvvəlki illərdəki müsahibə təcrübəsi ilə builki mərhələni də müqayisə edib.
Bildirib ki, ilk illərdə təcrübəsinin az olması səbəbindən müsahibə ona daha çətin və həyəcanlı gəlirdi:
"Öz üzərimdə müqayisə etsəm, əvvəl təcrübəm az idi deyə daha həyəcanlı idim, daha çətin gəlmişdi mənə. Amma hazırda daha xoş aurada, rahat keçdiyini düşünürəm. Burada həm münsiflər heyətinin, həm də komissiya üzvlərinin namizədləri necə qarşılaması da rol oynayır".
"Nəticə əldə etməyəcək deyə bir şey yoxdur"
2018-ci ildən MİQ təcrübəsi olan Sumayə Rüstəmbəyli gələcəkdə imtahanda iştirak edəcək namizədlərə də tövsiyələrini verib.
O qeyd edib ki, imtahan və müsahibə zamanı müəyyən həyəcanın olması təbiidir:
"Nə desək ki, həyəcanımız olmasın, bu, qeyri-mümkün bir şeydir. Bioloji olaraq o həyəcanı yenmək insanın öz əlindədir, amma müəyyən qədər də olsa, həyəcan olur. Əsas odur ki, üzərində yetərincə çalışasan. İstər test mərhələsində, istərsə də müsahibə mərhələsində çalışdıqda nəticə əldə etməyəcək deyə bir şey yoxdur. Müsbət nəticələr əldə etmək mümkündür".