16 illik pedaqoji staja malik fiziki tərbiyə müəllimi Mülahizə Qənbərova builki Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında 88.25 bal toplayaraq müsahibə mərhələsinə dəvət alıb.
Göyçay Dövlət İdarəetmə Texnologiya Kollecinin məzunu olan Mülahizə Qənbərova müsahibə mərhələsində ilk dəfə iştirak edib.
Namizəd AzEdu.az-a müsahibə təəssüratlarını bölüşüb.
O bildirib ki, müsahibə mərhələsi onun üçün şəffaf və obyektiv keçib:
"Bu gün MİQ müsahibəsində iştirak etdim. Müsahibə çox şəffaf, çox obyektiv idi. Hər müəllimin səviyyəsinə uyğun, cavablandıra biləcəyi suallar verilirdi. Razı qaldım. İnanıram ki, inşallah, uğurlu nəticələnər".
Mülahizə Qənbərovanın sözlərinə görə, müsahibə zamanı psixoloji, ixtisas və özünü təqdimetmə ilə bağlı suallar səsləndirilib.
“Müsahibədə psixoloji və ixtisasla bağlı suallar verildi, özünü təqdimetmə oldu. Ümumilikdə çox obyektiv və şəffaf müsahibə mərhələsi keçdi"-, deyə o qeyd edib.
16 illik pedaqoji təcrübəyə malik müəllim gələcək fəaliyyətini Ağsu rayonunun ümumtəhsil məktəblərindən birində davam etdirmək istəyir.
O, müsahibə mərhələsində iştirak edən müəllimlərin həyəcanlanmasına da ciddi əsas görmür:
"Heç bir qorxuya səbəb yoxdur. Müəllimlərin həyəcan keçirməsinə ehtiyac yoxdur. Burada qorxulacaq, həyəcan yaradacaq bir şey yoxdur".
Mülahizə Qənbərova müsahibə mərhələsinin nəticəsinin də uğurlu olacağına ümid etdiyini bildirib.