2026- 2027-ci tədris ili üzrə müəllimlərin işə qəbulu (MİQ) müsahibə mərhələsində iştirak edən Gülşən Məmmədli müsahibə prosesi ilə bağlı təəssüratlarını AzEdu.az-a bölüşüb.
"26 yaşım var, Bakı şəhərində yaşayıram. 2017-2021-ci illərdə Azərbaycan Dillər Universitetində İngilis dili ixtisası üzrə bakalavr təhsili almışam.
2021-2023-cü illərdə isə həmin universitetdə İngilis dili müəllimliyi ixtisası üzrə magistratura təhsili almışam.
Bu il MİQ-də ilk dəfə iştirak etmişəm və test mərhələsində 78 bal toplamışam. MİQ-ə hazırlaşarkən xüsusi hazırlıq kursuna getməmişəm, özüm hazırlaşmışam.
Müsahibə mərhələsi çox yaxşı keçdi. Mənə İngilis dili ixtisası üzrə suallar verildi. Suallar ixtisası hərtərəfli əhatə edirdi və düşünürəm ki, verilən suallara düzgün cavab verdim. Komissiya üzvləri də çox gülərüz və xoş münasibət göstərirdilər.
Proses şəffaf və obyektiv şəkildə həyata keçirildi. İxtisasımla bağlı suallar proqram üzrə bütün istiqamətləri əhatə edirdi və ümumilikdə hər şey çox yaxşı keçdi.
Müsahibə zamanı məni xüsusilə təəccübləndirən və ya fərqli hesab etdiyim hər hansı sual və ya situasiya ilə qarşılaşmadım. Suallar gözlədiyim formada idi.
Nəticəmi uğurlu gözləyirəm. İnanıram ki, nəticəm müsbət olacaq və bu mərhələni də uğurla başa vuracağam.
Gələcək fəaliyyətimi Bakı şəhərində deyil, rayonda davam etdirmək istəyirəm. Şamaxı Peşə Liseyində işləməyi və pedaqoji fəaliyyətimi orada davam etdirməyi planlaşdırıram".