Keçən il Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanından cəmi 1 balla uğursuz olan Gəncə şəhər sakini Nicat Cəfərov bu il yenidən imtahana qatılaraq 78.75 bal toplayıb və müsahibə mərhələsində iştirak edib.
Gəncə Dövlət Universitetinin fiziki tərbiyə müəllimliyi ixtisası üzrə bakalavr məzunu olan Nicat Cəfərovun pedaqoji fəaliyyət təcrübəsi yoxdur.
O, MİQ-də ilk dəfə iştirak etdiyini və imtahana hazırlaşmaq üçün bir il ərzində öz üzərində çalışdığını bildirib.
Nicat Cəfərov müsahibə mərhələsindən sonra AzEdu.az-a təəssüratlarını bölüşüb.
Onun sözlərinə görə, müsahibədə əsasən psixoloji, həmçinin dünyagörüşü və təhsillə bağlı suallar səsləndirilib:
"Daha çox psixoloji suallar idi. Dünyagörüşündən təhsillə bağlı suallar verdilər. Daha sonra psixoloji suallar səsləndirildi. Bunlar əsasən müəllim-şagird və şagird-valideyn münasibətləri ilə bağlı situasiyalar idi".
Nicat Cəfərov müsahibə zamanı heç bir həyəcan hiss etmədiyini deyib:
"Heç bir həyəcan hissi yox idi. Sadəcə öz fikirlərimi və mənə verilən sualları açıq-aydın şəkildə cavablamağı düşünürdüm. Buna da nail oldum".
"1 balla kəsilmişdim, amma küsmədim"
Nicat Cəfərov gələcəkdə MİQ imtahanında iştirak edəcək namizədlərə də öz təcrübəsindən çıxış edərək tövsiyə verib. O, keçən il uğursuz nəticə ilə üzləşməsinə baxmayaraq, imtahandan və müəllimlik hədəfindən vaz keçmədiyini vurğulayıb:
"Mən özüm keçən il hazırlaşmışdım, 1 balla kəsilmişdim. Amma yenə də küsmədim. Yenidən hazırlaşdım. Elə insanlar var ki, kəsilir və təhsildən küsür, yaxud özü həvəsdən düşür. Mən isə yenə hazırlaşdım. Çox şükür, bəhrəsini gördüm".
İmtahanın bu mərhələsini də uğurla tamamlayacağına inanan Nicat Cəfərov gələcək pedaqoji fəaliyyətini Kürdəmir rayonunda davam etdirmək istəyir.
O, Kürdəmir şəhəri Dəyirmanlı kəndində yerləşən Tahir İslamov adına tam orta məktəbdə fəaliyyət göstərməyi planlaşdırır.