2026-2027-ci tədris ili üzrə müəllimlərin işə qəbulu (MİQ) müsahibə mərhələsində iştirak edən İngilis dili müəllimi Nəzakət Aslanova müsahibə prosesi ilə bağlı təəssüratlarını AzEdu.az-a bölüşüb.
"27 ildən çox iş təcrübəm var. Bu müddət ərzində müxtəlif siniflərdə və fərqli yaş kateqoriyalarında, həm Azərbaycan, həm də rus bölmələrində çalışmışam. Hazırda Kembric bölməsində də fəaliyyət göstərirəm.
Magistratura təhsilimi fərqlənmə diplomu ilə başa vurmuşam. Xarici Dillər Universitetində İngilis dili ixtisası üzrə təhsil almışam və universiteti bitirdikdən dərhal sonra müəllimlik fəaliyyətinə başlamışam.
İlk iş yerim Məktəbəqədər Pedaqoji Kollec olub. Orada 10 il çalışmışam. Bu, mənim üçün çox gözəl və faydalı təcrübə olub.
Daha sonra Bakıda tanınmış özəl məktəblərdən birində fəaliyyətə başlamışam və hazırda da həmin məktəbdə çalışıram.
MİQ imtahanında ikinci dəfə iştirak edirəm. İlk dəfə 88 bal toplamışdım və öz fənnim üzrə bütün suallara düzgün cavab vermişdim. Bu dəfə isə 77 bal topladım.
Kurikulumla bağlı suallar mənə əvvəlki imtahanla müqayisədə daha rahat gəldi. Mən imtahana xüsusi hazırlıq keçməmişdim. Yəni imtahana hazırlıq kursuna getməmişəm, hansı biliklərim varsa, həmin biliklərlə imtahanda iştirak etmişəm.
Müsahibə mərhələsinə də xüsusi hazırlığım olmayıb. Sadəcə bəzi mövzuları oxumuşam, yaddaşımı təzələmişəm və öz üzərimdə işləmişəm.
Müsahibə mərhələsi isə mənim üçün çox xoş və müsbət atmosferdə keçdi. Müsahibədə uyğun suallar verildi. İlk olaraq özümü ingilis dilində təqdim etdim. Daha sonra mənə ingilis dilində əlavə suallar verildi və onları da cavablandırdım.
Metodikaya aid sual da oldu. Həmçinin müxtəlif situasiyalarla bağlı, məsələn, müəyyən vəziyyətdə şagirdlə necə davranacağım barədə suallar verildi.
Psixoloq tərəfindən psixoloji suallar da ünvanlandı. Mən isə bütün bu suallara cavab verərkən illər ərzində öz təcrübəmdə tətbiq etdiyim yanaşmalardan və qarşılaşdığım vəziyyətlərdə istifadə etdiyim həll yollarından danışdım. Yəni qeyri-adi nələrsə deməyə çalışmadım, sadəcə uzun illər ərzində qazandığım pedaqoji təcrübəni və həmin təcrübədə tətbiq etdiyim üsulları münsiflərə çatdırdım.
Nəticəmin uğurlu olacağını düşünürəm. Verdiyim cavablardan sonra münsiflərin məmnun qaldığını hiss edə bildim və buna görə də müsbət nəticə gözləyirəm.
Gələcək fəaliyyətimi Bakı şəhərində davam etdirmək istəyirəm. İstəyirəm ki, illər ərzində öyrəndiyim, bildiyim və öz təcrübəmdə tətbiq etdiyim bilik və bacarıqlardan yalnız özəl məktəbdə deyil, dövlət məktəblərində təhsil alan uşaqlar da yararlana bilsinlər.
Düşünürəm ki, qazandığım təcrübəni daha geniş şəkildə şagirdlərin inkişafına yönəltmək mənim üçün çox dəyərlidir".