Təhsil sahəsində real iş təcrübəsi qazanmaq və gələcək karyera istiqamətini müəyyənləşdirmək istəyən gənclər üçün “Maarifçi” təcrübə proqramı mühüm imkanlar yaradır. Proqram çərçivəsində iştirakçılar təhsil müəssisələri və idarəetmə strukturlarının fəaliyyəti ilə yaxından tanış olur, nəzəri biliklərini praktiki mühitdə tətbiq etmək imkanı əldə edirlər.
“Maarifçi” proqramının məzunlarından biri də Aygün Qəhrəmanovadır. Mingəçevir Dövlət Universitetində Xarici dil müəllimliyi (ingilis dili) ixtisası üzrə bakalavr təhsili alan və universiteti fərqlənmə diplomu ilə bitirən Aygün xanım hazırda həmin universitetdə Xarici dilin tədrisi metodikası ixtisası üzrə magistratura təhsilini davam etdirir.
AzEdu.az Aygün Qəhrəmanova ilə həmsöhbət olub.
Müsahibəni təqdim edirik:
- Aygün xanım, ilk olaraq özünüzü təqdim edərdiniz. Təhsiliniz və hazırkı fəaliyyətiniz barədə nələri qeyd edə bilərsiniz?
- 2003-cü ildə Bərdə şəhərində anadan olmuşam. Bakalavr təhsilimi Mingəçevir Dövlət Universitetində Xarici dil müəllimliyi (ingilis dili) ixtisası üzrə almışam və universiteti fərqlənmə diplomu ilə bitirmişəm. Hazırda isə həmin universitetdə Xarici dilin tədrisi metodikası ixtisası üzrə magistratura təhsili alıram. Magistraturanın ikinci kurs tələbəsiyəm.
Hazırda Bərdə şəhərinin Qarabağ qəsəbəsində yaşayıram. Mingəçevir Dövlət Universitetini seçməyimin səbəblərindən biri də yaşadığım əraziyə yaxın olması idi. Eyni zamanda, hazırda Qarabağ Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunda, təhsilin təşkili və idarə olunması istiqaməti üzrə təcrübə keçirəm.
- Bəs, “Maarifçi” proqramına müraciət etmək qərarını necə verdiniz? Sizi bu proqrama gətirən əsas motivasiya nə oldu?
- “Maarifçi” proqramı ilə ilk tanışlığım digər maarifçilər vasitəsilə olub. Qrup yoldaşlarımdan biri “Maarifçi” proqramı haqqında mənə məlumat verdi və proqramın üstünlüklərindən danışdı. Əsas diqqətimi çəkən məqam real iş təcrübəsi qazanmaq, real iş mühitində təcrübə keçmək imkanının olması idi. Mənim üçün bu, böyük fürsətdir.
Uşaqlıqdan tədrisin təşkili və idarə olunmasına böyük marağım olub. Təkcə təhsil sahəsində fəaliyyət göstərmək deyil, eyni zamanda təhsil prosesinin necə təşkil və idarə olunması da həmişə maraq dairəmdə olub. Düşündüm ki, “Maarifçi” proqramı mənim üçün böyük fürsət olacaq və bilik və bacarıqlarımı praktiki şəkildə tətbiq etməyimə imkan yaradacaq.
- Proqrama müraciət etməzdən əvvəl “Maarifçi” haqqında hansı təsəvvürünüz var idi?
- “Maarifçi” proqramına müraciət etməzdən əvvəl proqram haqqında əsasən digər maarifçilərdən məlumat almışdım. Onların dedikləri qədər təsəvvürüm var idi və proqram haqqında müsbət fikirlər eşitmişdim. Əsasən, təcrübə baxımından çox üstünlüklü bir proqram olduğunu düşünürdüm.
- Seçim mərhələləri necə keçdi? Hansı mərhələ sizin üçün daha çətin oldu?
- Seçim mərhələlərində mənim üçün ən çətin mərhələ müsahibə oldu. Test mərhələsi isə daha rahat keçdi. Çünki magistratura təhsili aldığım üçün informatika və məntiq fənləri ilə əvvəlcədən tanışlığım var idi. Buna görə test mərhələsi mənim üçün uğurlu keçdi.
Müsahibə mərhələsində isə daha böyük məsuliyyət hiss edirdim. Müsahibə onlayn görüş formatında təşkil olunmuşdu və ilk vaxtlar həyəcanlandığım məqamlar oldu. Lakin müsahibəni keçirən şəxslər çox səmimi və rahat mühit yaratmışdılar. Buna görə də müsahibə davam etdikcə özümü daha rahat hiss etdim və sualları, demək olar ki, uğurla cavablandırdım.
Müsahibə zamanı təhsil sahəsinə marağımın necə yarandığından, şagirdlərlə iş prinsipimdən danışdım. Həmçinin əvvəlki iş təcrübəmi də bölüşdüm. Müəllim köməkçisi və ingilis dili müəllimi kimi fəaliyyət göstərmişəm və bu təcrübələrin də “Maarifçi” proqramına seçim zamanı mənə fayda verdiyini düşünürəm.
- “Maarifçi” proqramının qalibi olduğunuzu öyrəndiyiniz zaman ilk reaksiyanız necə oldu?
- “Maarifçi” proqramının qalibi olacağımı gözləyirdim. Çünki müsahibə mərhələsinin, dediyim kimi, çox uğurlu keçdiyini düşünürdüm. Sualların böyük qisminə, mənə görə, uyğun və yaxşı cavablar vermişdim. Ona görə də bu nəticəni gözləyirdim.
Amma nəticəni eşidəndə yenə də çox sevindim. Həqiqətən, “Maarifçi” proqramının qalibi olmaq mənim üçün böyük qürur hissi idi. Bu, gələcək fəaliyyətimi bu istiqamətdə davam etdirməyim üçün mənim üçün ilk qapılardan biri oldu. Ona görə də nəticəni eşidəndə çox sevindim. Tez valideynlərimlə və yaxın ətrafımla bölüşdüm. Onlar da məni təbrik etdilər.
- Proqram müddətində əldə etdiyiniz ən böyük təcrübə nə oldu?
- Əsasən, Qarabağ Regional Təhsil İdarəsində təcrübə keçmək mənim üçün çox maraqlı idi. Özüm Bərdə şəhərində yaşayıram və bu qurum hər zaman mənim üçün maraqlı olan yerlərdən biri olub. Ona görə də məhz burada təcrübə keçəcəyimi biləndə daha çox sevindim. Bura mənim istədiyim yer idi.
Qarabağ Regional Təhsil İdarəsində real təhsil mühitində bir çox təcrübələr qazanıram. Məsələn, təhsilin təşkili ilə bağlı prosesləri öyrənirəm. Bundan əlavə, vətəndaş qəbulunda da iştirak edirəm və həmin prosesləri yaxından izləmək mənim üçün çox maraqlı olur. Bu, həqiqətən, əvəzolunmaz bir təcrübədir.
- Real təhsil mühitində olmaq sizin təhsilə baxışınızı necə dəyişdi?
- Bu yaxınlarda Xankəndi şəhərində cənab nazirin vətəndaş qəbulu keçirildi və orada da iştirak etmək fürsətim oldu. Bununla dövlət qulluqçularının vətəndaşlara münasibətini daha yaxından görmək imkanım yarandı. Dövlət qurumlarında vətəndaşların problemlərinə həqiqətən yaxından maraq göstərildiyinin və onların həlli üçün böyük səylə çalışıldığının öz gözlərimlə şahidi oldum. Bunlar mənim üçün çox maraqlı təcrübələrdir. Düşünürəm ki, gələcək fəaliyyətimdə də burada qazandığım təcrübələrin hər birini real iş mühitində tətbiq edəcəyəm.
- “Maarifçi” proqramı gələcək karyera planlarınıza necə təsir edib?
- Gələcəkdə də bu istiqamətdə, yəni təhsilin təşkili və idarə olunması sahəsində fəaliyyətimi davam etdirmək istəyirəm. Həmçinin dövlət qulluğu sahəsində çalışmağı düşünürəm. Bu baxımdan “Maarifçi” proqramının mənim üçün böyük əhəmiyyət kəsb edəcəyinə və bu yolda əsas dəstəkçilərimdən biri olacağına inanıram.
Hazırda magistratura təhsilimi davam etdirirəm və eyni zamanda dövlət qulluğuna hazırlaşıram. İlk hədəfim dövlət qulluğu üzrə sertifikat almaq, müsahibə mərhələsini uğurla keçmək və iş fəaliyyətimi Qarabağ Regional Təhsil İdarəsində davam etdirməkdir.
Magistratura təhsili almağımın əsas məqsədlərindən biri də gələcəkdə dövlət qulluğu ilə yanaşı, ali təhsil müəssisələrindən birində müəllim kimi fəaliyyət göstərməkdir.
Aygün Qəhrəmanovanın gələcək planları yalnız dövlət qulluğu ilə məhdudlaşmır.
- Gələcəkdə müəllimlik fəaliyyətini hansı formada davam etdirməyi düşünürsünüz?
- İngilis dilini çox sevirəm və mütəmadi olaraq öz üzərimdə işləyirəm. Vaxtım olduqca dil biliklərimi daha da inkişaf etdirməyə çalışıram. Gələcəkdə ingilis dili üzrə IELTS sertifikatı almağı da planlaşdırıram.
Əlbəttə, gələcəkdə şərtlər və imkanlar uyğun olarsa, xaricdə fəaliyyət göstərmək və beynəlxalq səviyyədə ingilis dili müəllimi kimi çalışmaq da arzularımdan biridir. Amma hazırda əsas prioritetim dövlət qulluğu sahəsində fəaliyyət göstərmək, eyni zamanda imkan olduqca ali təhsil müəssisələrindən birində müəllim kimi çalışmaqdır.
- “Maarifçi” proqramının sizdə yaratdığı əsas dəyişiklik nə oldu?
- “Maarifçi” proqramının məndə yaratdığı əsas dəyişiklik isə məsuliyyət hissimin və nizam-intizamımın daha da artması oldu. Əvvəllər də, hətta uşaq vaxtımdan, məktəb illərimdən məsuliyyət hissimin yüksək olduğunu düşünmüşəm. Amma bu proqramla birlikdə məsuliyyət hissimin və nizam-intizamımın daha da artdığını hiss etdim. Çünki olduğum yerin və üzərimə düşən məsuliyyətin əhəmiyyətini daha dərindən dərk etməyə başladım. Buna görə də məsuliyyət hissim daha da artıb və gələcək karyeramla bağlı özümdə daha böyük inam yaranıb.
- “Maarifçi” proqramına müraciət etmək istəyən, amma özünə kifayət qədər güvənməyən gənclərə nə deyərdiniz?
- Əvvəlcə “Maarifçi” proqramına müraciət etmək istəyən gənclərə özlərinə inanmalarını və güvənmələrini tövsiyə edirəm. Çünki insanın istədiyi zaman bir çox şey, demək olar ki, özündən asılıdır. Kifayət qədər motivasiyamız, inancımız və ən əsası, iradəmiz varsa, istədiyimiz bir çox şeyə nail ola biləcəyimizə inanıram.
Başqaları bacarıbsa, niyə biz də bacarmayaq? Mən özüm də belə düşünürdüm. Məsələn, “Maarifçi” təcrübə proqramında qalib olan tanışlarım var idi. Onların təcrübələrini dinləyirdim və düşünürdüm ki, o bacarıbsa, mən niyə bacarmayım?
Əsas olan iradəli və səbirli olmaqdır. Hətta müsahibə mərhələsindən sonra nəticələrin açıqlanması bir qədər uzun çəkdi. Amma mən səbirlə gözlədim və özümə inanırdım ki, nəticə yaxşı olacaq. Düşünürdüm ki, bu qədər səbrimin sonunda sevindirici bir xəbər alacağam və düşündüyüm kimi də oldu.
- “Maarifçi” məzunu kimi proqramın ən böyük üstünlüyünü bir cümlə ilə necə ifadə edərdiniz?
- “Maarifçi” məzunu kimi proqramın ən böyük üstünlüyünü bir cümlə ilə ifadə etməli olsam, deyərdim ki, bu, gələcək karyeranın başlanğıcıdır. Düşünürəm ki, burada atılan ilk addımlar həm də sağlam və möhkəm addımlardır.
- Gələcək “Maarifçi”lərinə və Azərbaycan təhsilində dəyişiklik yaratmaq istəyən gənclərə hansı mesajı vermək istərdiniz?
- Mən həmişə istədiyim yolda inamla davam etməyə, heç nədən çəkinmədən addım atmağa və nəticələrin pis tərəflərindən çox, yaxşı tərəflərini düşünməyə üstünlük vermişəm. Gənclərə də özlərinə inanmağı, iradəli və səbirli olmağı tövsiyə edirəm.
Əgər qarşınıza məqsəd qoymusunuzsa, həmin məqsədə çatmaq üçün çalışmaq lazımdır. Başqalarının bacardığını düşünərək özümüzə “mən niyə bacarmayım?” sualını verməliyik. İnanıram ki, kifayət qədər motivasiya, iradə və səbr olduqda insan istədiyi məqsədlərə nail ola bilər.