17-25 iyun tarixlərində dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib.
Test imtahanı mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbulu 26 iyul saat 12:00-da başa çatdıqdan sonra daxil olan bütün müraciətlər aidiyyəti üzrə ekspertlər tərəfindən yenidən nəzərdən keçirilib və test tapşırıqları ətraflı təhlil edilib. Ekspertlər bəzi suallarda texniki problemlərin olduğunu qeyd ediblər.
Balı artırılan müəllimlərdən biri də Sabunçu rayonu Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbin Tarix müəllimi Zülfiyyə Yusifova olub.
Zülfiyyə müəllimənin bal düzəlişlərindən əvvəl nəticəsi 59 bal olub. Texniki səhvlərlə bağlı aparılan düzəlişlərdən sonra isə onun balı 60-a yüksəlib. Beləliklə, Zülfiyyə Yusifova sertifikatlaşdırma imtahanında ölkə üzrə ən yüksək nəticə göstərən müəllimlər sırasında yer alıb.
AzEdu.az bu münasibətlə Zülfiyyə müəllimlə həmsöhbət olub və onun təəssüratlarını öyrənib.
Çətin bir hazırlıq dövründən keçdim, amma sonda əziyyətimin bəhrəsini gördüm:
“24 iyun tarixində keçirilən sertifikasiya imtahanda 59 bal topladım. Bir səhvim var idi və o da metodikadan idi. Həmin sualla bağlı apellyasiya müraciəti etmişdim. Nəticədə 1 bal əlavə olundu və yekun nəticəm 60 bal oldu.
İmtahanda xüsusilə metodika sualları vaxtımı çox aldı. Heç də asan suallar deyildi. Problemli suallarla bağlı edilən müraciətlər nəzərə alındı və nəticəsiz qalmadı. Təbii ki, 60 bal topladığımı görəndə çox sevindim.
İmtahana hazırlığa ötən ilin iyul ayından başlamışdım. Dərslikləri təkrar edib bitirdikdən sonra yanvar ayından etibarən test qruplarına qoşuldum. Həqiqətən də çətin bir dövr idi. Amma şükür ki, sonda əziyyətimin bəhrəsini gördüm. Hər kəsə işlərində uğurlar arzulayıram”.