Müəllimlərin sertifikasiyası və uzunillik pedaqoji təcrübənin peşə bilikləri ilə uzlaşması təhsilin keyfiyyəti baxımından müzakirə olunan məsələlərdəndir.
Deputat Anar İsgəndərovun 20 il müəllim işləyən şəxsin sertifikasiyadan keçə bilmədiyi halda şagirdlər qarşısında dayanmasının nə dərəcədə doğru olması ilə bağlı fikri bu mövzunu yenidən gündəmə gətirir.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Ramin Nurəliyev qeyd edib ki, ümumtəhsil məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil almış, eləcə də öz ixtisasını kifayət qədər bilməyən müəllimlərin fəaliyyət göstərdiyinin şahidi olmuşuq:

“Müxtəlif dövrlərdə pedaqoji hazırlığı yetərli olmayan şəxslər də məktəblərdə müəllim kimi çalışıblar. Sertifikasiya imtahanları isə bu problemləri üzə çıxardı və bəzi müəllimlərin öz ixtisaslarını lazımi səviyyədə tədris edə bilmədiklərini göstərdi.
Düşünürəm ki, müəllimin sertifikasiya imtahanında 50 faiz nəticə əldə edə bilməməsi ciddi məsələdir. Belə müəllimlər özləri də nəticələri barədə düşünməli və məktəbdə fəaliyyətlərini davam etdirməyin nə dərəcədə doğru olduğunu qiymətləndirməlidirlər. Axı söhbət övladlarımızı yetişdirən müəllimlərdən gedir. Öz ixtisasını kifayət qədər bilməyən müəllim şagirdlərə necə bilik verə, onların gələcəyinin formalaşmasına necə töhfə verə bilər?
Məhz buna görə sertifikasiya imtahanlarını çox mühüm və əhəmiyyətli hesab edirəm. Uzun illər öz ixtisası üzrə dərs dediyi halda, sertifikasiya imtahanında həmin fənn üzrə 50 faiz nəticə əldə edə bilməyən müəllimin məktəbdə işləməsini doğru hesab etmirəm. Bu, mənim şəxsi fikrimdir.
20 il müəllim işlədikdən sonra sertifikasiyadan keçə bilməyən şəxsin şagirdlər qarşısında dayanmasının nə dərəcədə doğru olması məsələsinə gəlincə, hesab edirəm ki, bu, birmənalı olaraq doğru deyil. Lakin Elm və Təhsil Nazirliyi həmin müəllimlərə daha bir şans verərək növbəti bir il ərzində hazırlaşmaq və təkrar imtahanda iştirak etmək imkanı yaradıb. Ola bilər ki, müəllim imtahan zamanı stres keçirib, səhhətində problem yaranıb və ya müəyyən səbəblərdən yaxşı nəticə göstərə bilməyib”.
Nazirliyin onlara yenidən fürsət verməsini müsbət təşəbbüs hesab edirəm:
"Təəssüf ki, bəzi müəllimlər bu imkandan da yararlana bilməyərək təkrar sertifikasiya imtahanından keçməyiblər. Belə olan halda, onların əmək fəaliyyətinə xitam verilməsini düzgün hesab edirəm. Bu yanaşma bütün müəllimlərə şamil olunmalıdır. Müəllimin bir, beş və ya 20 il işləməsinin fərqi olmamalıdır. Hər kəsə bərabər yanaşılmalı, sertifikasiyadan keçə bilməyən müəllimlərə təkrar imtahan imkanı yaradılmalı, müsbət nəticə əldə edənlər fəaliyyətlərini davam etdirməli, nəticə göstərə bilməyənlərin isə əmək müqaviləsinə xitam verilməlidir.
Çünki cəmiyyətimizin daha savadlı kadrlara, bilikli və peşəkar müəllimlərə ehtiyacı var. Heç bir valideyn istəməz ki, övladına öz ixtisasını kifayət qədər bilməyən müəllim dərs desin. Bu baxımdan sertifikasiya təhsilin keyfiyyətinin qorunması üçün mühüm vasitədir".