Azərbaycanda fəaliyyət göstərən məktəbəqədər tədris müəssisələrinin beynəlxalq təcrübədən qazanacağı 3 böyük özəllik var: uğurlu məzmun xətti, qəbul qaydaları və tədris zamanı tətbiq olunan davranış qaydaları.
Lakin təəssüf ki, bu detallar heç də tamlıq kəsb etmir. Təhsili yüksək inkişafda olan ölkələrdə məktəbəqədər təhsilə olan baxış getdikcə, həm də sürətlə inkişaf edir. Azyaşlı oradaca bir çox bilik və bacarıqlardan istifadə edir ki, bu da onun gələcək özünüinkişaf planında müstəsna rol oynayır.
Yaxın gələcəkdə keçiriləcək bağça müəllimlərinin sertifikatlaşdırılması prosesində də namizədlərin bu istiqamətdə təkmilləşdirilməsi sözsüz ki, xüsusi əhəmiyyətə səbəb ola bilər. Beynəlxalq təcrübənin müsbət çalarlarını bilən və onu tətbiq etmək bacarığına malik namizəd təbii ki, sertifikatlaşdırılmada da uğurlu nəticə göstərə biləcəkdir. Əks halda isə...
AzEdu.az-ın bir neçə ölkə nümunəsindən istifadə edərək, təqdim etdiyi örnəklər bizim yerli məktəbəqədər təhsil mühitimizdə də müəyyən inkişaf yaratmaq gücündədir. Lakin bir detalı da xüsusi qeyd etmək lazımdır: hər hansı beynəlxalq nümunəni olduğu kimi yox, onu özümüzünküləşdirərək, milli çalarları, mental aspektləri əlavə edərək tətbiqini həyata keçirmək lazımdır. Təbii ki, bir də reallığı...
Məsələn, Yaponiyada universitet və məktəblərdə də uşaq bağçaları təşkil edilir. Əgər ailə öz uşağını bağçaya göndərmirsə, o zaman bu ailə bağçada uşaqlara zəruri olaraq öyrədilənlərin hamısını öyrətməyə borcludur. Bunun üçün ailə başçıları xüsusi kurslara gedib zəruri biliklər öyrənirlər. Özəl uşaq bağçalarının sayı daha çoxdur – təqribən 80%. Dövlət və özəl məktəbəqədər təhsil müəssisələrinin təlim-tərbiyə sistemləri arasında ciddi bir fərq yoxdur. Məktəbəqədər təhsil sistemlərində ödəniş haqqı valideynlərin gəlirlərinin miqdarı, evdəki uşaqlarının sayı, neçənci uşağın bağçaya getməsi ilə müəyyən edilir.
Yaponlarda erkən yaşlı uşaqların təlim-tərbiyə edilməsinin öz fəlsəfəsi, öz prinsipləri, normaları var.
Məsələn, Körpənin 1 yaşı olanda artıq özünəinam hissi formalaşmalı, qorxu hissi yox edilməlidir. Yəni beşikdə, daha sonrakı dövrdə qaranlıqdan, tək qalmaqdan, bağlandığı adamdan ayrılmaqdan, üstünə qışqırmaqdan və s. qorxusu olmamlıdır.
2 yaşlı uşaqda əl işlərinə, bu sahədəki yaradıcılığa ciddi maraq məhz bağçada xüsusi metodlarla formaşmalıdır. Bunun üçün onunla xüsusi olaraq məşğul olmaq lazımdır. Misal üçün, müxtəlif rəngli kağız parçalarını, kubikləri, şarları, vərəqləri yan-yana qoyaraq hansısa bir fiqur düzəltmək, sonra bu işi ona təklif etməklə onun belə bacarıqlarını xeyli inkişaf etdirmək olar.
İngiltərədə “erkən təməl mərhələ” adlanan məktəbəqədər təhsil uşağın 6 ayından başlayır və 5 il davam edir. Amma bu təhsil məcburi deyildir. Elə ailələr var ki, uşağın ailədə tərbiyə olunmasına daha çox üstünlük verirlər. Amma təbii ki, İngiltərədə də uşağın 6 yaşına qədərki təlim-tərbiyə prosesinin əsas vəzifələri onun bir şəxsiyyət kimi formalaşması və məktəbəhazırlıq prinsipləri ilə müəyyən olunmuşdur. Həm məktəbəqədər təhsil sistemində, həm də evlərdə bu prinsiplər əsas götürülür.
Yaxşı, nüfuzlu bir məktəbdə təhsil almağa imkan qazanmaq üçün uşaqlar 3 ya, 4 yaşında müəyyən bir yoxlamadan keşməlidirlər. Bu yoxlama belə aparılır. Uşaqlar məktəbə yığılır, öz məharətlərini, öyrəndiklərini nümayiş etdirə bilən oyunlar oynayır, rəqs edir, bir-biri ilə söhbət edirlər. Müəllimlər isə onları müşahidə edirlər. Onların belə bir mühitdə necə davrandıqlarına, müəllimlərin onlardan soruşduqlarını nə dərəcədə başa düşüb, hansı səviyyədə cavab vermələrinə fikir verirlər. Bunun əsasında müəllimlər bu uşaqlardan hər birinin onların təmsil etdikləri məktəbdə təhsil almağa nə dərəcədə hazır olub-olmadıqlarını müəyyənləşdirirlər. Müəllimlərin seçimlərinə təsir edən əsas amil uşaqların qabiliyyətləri, bacarıqları, hazırlıq səviyyəsidir. Başqa amillər, məsələn , uşağın ailəsinin maddi imkanları bu seçimə demək olar ki, təsir etmir. Hər kəs öz məktəbinin nüfuzunu daha üstün tutur.
Bu metodlarla uşaqlara aşağıdakı istiqamətdə hazırlanmalıdırlar:
-Təhsilin nə olduğunu başa düşməlidirlər. Bilməlidirlər ki, təhsil nəyə lazımdır;
-Dünya, onun quruluşu haqda ilkin, sadə məlumat almalıdırlar;
-Öz emosiyalarını idarə etməyi, mədəni olaraq davranma qaydalarını öyrənməlidirlər;
-Başqaları ilə ünsiyyət qurmağı, kollektivin bir üzvü olmağı bacarmalıdırlar;
-Hər hansı bir işdə riskin nə olduğunu, ondan necə qorunmağı, öz səhvlərini təhlil etməyi, ondan nəticə çıxarmağı bacarmalıdırlar;
-Hər bir məsələdə yaradıcı düşünməyi bacarmalıdırlar;
ABŞ-da uşaq baxçalarında hər gün əvvəlcə bir saat ərzində uşaqların kifayət qədər oynaması ilə başlayır. Sonra onlar yuyunur və müəllimin başına yığışırlar. Xalçanın üzərində otururlar. Həmin gün hansı bir əlamətdar hadisələr olduğunu, onlar üçün maraqlı suallar ətrafında dostcasına, heç bir kompleks olmadan söhbət edirlər. Müəllim özü də bir əlamətdar hadisəni yada sala bilər. Onun niyə əlamətdar olduğunu izah edə bilər və uşaqların hər biri öz fikirlərini deyə bilərlər.
Daha sonra uşaqların hər biri əvvəlcədən ona verilmiş konkret tapşırıq əsasında çalışmağa başlayır. Bu tapşırıqlar oyun, yazı, şeir söyləmək, oxumaq, yazmaq öyrənmək, hansısa bir fiqur düzəltmək və s. ola bilər.
Bütün təhsil prosesi uşağın mühakimələr etməsinə, konkret məsələlərlə bağlı fikir yürütmələrinə, sərbəst seçim etmək, müstəqillik, azadlıq hisslərinin inkişaf etdirilməsinə yönəldilir.
Bundan sonra nahar yaxınlaşır və uşaqlar gəzintiyə çıxırlar. Bu zaman onlar evdən özləri ilə gətirdikləri yüngül yeməklər, meyvələr yeyə bilərlər.
Uşağı məktəbəqədər müəssisəyə yazdırmaq üçün valideynlər 4 ay əvvəldən ərizə ilə müraciət etməlidirlər. Sənədləri təqdim etməzdən əvvəl tibbi müayinədən keçmək lazımdır. Finlandiyanın məktəbəqədər müəssisələrində bəzən növbə olur, amma əvvəlcədən müraciət edilərsə, uşağın seçilmiş bağçaya düşmək şansı kifayət qədər yüksəkdir. Sənədlər təqdim edildikdən 4 ay sonra uşağa bağçada yer ayrılmalıdır. Valideynlərin uşağın bağçada olacağı müddətini seçmək hüququ, eyni zamanda müqaviləyə ciddi əməl etmək öhdəliyi vardır.
Bağçalarda uşaq sayı sərt qaydalarla tənzimlənir: 1 tərbiyəçiyə 3 yaşlı 4 uşaqdan çox, yaxud 3 yaşdan yuxarı 4 azyaşlıdan çox uşaq həvalə edilə bilməz. Üstəlik, qrupda uşaq sayı 21-dən artıq olmamalıdır. Buna görə də, bir qrupda 3-4 tərbiyəçinin olması təəccüblü deyil. Finlandiyada müxtəlif yaşda olan uşaqlar eyni qrupa qatıla bilər. 0-dan 3 və ya 3-dən 6 yaş arası uşaqların olduğu qruplar var. Finlərin fikrincə, bu, uşaqlarda əməkdaşlığı və ünsiyyət bacarıqlarını inkişaf etdirir.
Finlandiya məktəbəqədər təhsilinin vahid proqramı yoxdur, ancaq aşağıdakı prinsiplərə əsaslanır: sevgi, hörmət, həm uşaqlara, həm də onların tərbiyəçilərinə verilən fəaliyyət azadlığı.
Tərbiyəçilər hesabat vermirlər, onların fəaliyyəti təhsil idarəsi tərəfindən koordinasiya edilmir.
Sinqapurda hazırda uşaq bağçaları 10 nəfər və bundan çox uşağın olduğu tədris mərkəzi kimi tanınır. Bu mərkəzlər 18 aylıq -7 yaş arası olan uşaqlar üçün strukturlaşdırılmış, məktəbəqədər kompleks proqram təklif edir.
Erkən yaşda olan uşaqların inkişaf mərkəzində təhsil fəaliyyətləri məhz təhsil nazirliyi ilə zəruri razılaşma əldə edildiyi təqdirdə həyata keçirilir.
Məktəbəqədər təhsil dövründə təhsil fəaliyyyətini gerçəkləşdirən məktəbəqədər müəssisələrdə təlim iki proqram üzrə təklif olunur. Bu proqramlar üzrə təlim altı təhsil istqaməti əsasında qurulur: estetika və yaradıcı ifadə; dünyanı öyrənmək (kəşf etmək); dil və savad; motorika bacarıqlarının inkişafı; sayma bacarıqları,hesablama bacarığı; sosial və emosional inkişaf.
Bağçalarda çalışan əməkdaşlar üçün keçiriləcək sertifikasiyasının nəticələri indidən bütün təhsil cameəsinin xüsusi marağındadır. Çünki uzun illər təhsil idarəçiliyindən kənarda qalan, metodiki istiqamətləri zəifləyən məktəbəqədər seqment əməkdaşların özünüinkişafı baxımından da müəyyən çətinliklərlə üzləşir. Adıçəkilən, həmçinin yazıda qeyd olunmayan müsbət nümunələr isə namizədlərin öz işlərinə olan yanaşmalarında da müəyyən motivasiya rolunu oynaya bilər.