Azedu.az

Müəllimlərin imtahan narazılığı - Onları narahat edən nədir?

Sertifikasiya

7 Oktyabr 2026, 11:23
Müəllimlərin imtahan narazılığı - Onları narahat edən nədir?

Müəllimlərin sertifikasiya prosesi ilə bağlı müzakirələr son illərdə də davam edir. Bəzi müəllimlər imtahanın çətinliyi ilə bağlı narazılıqlarını ifadə edir, digərləri isə müəllimlərin müxtəlif mərhələlərdə tez-tez imtahan və qiymətləndirməyə cəlb olunmasının yaratdığı yükdən danışırlar.

Bəs, görəsən narazılıq imtahanın çətinliyi ilə, yoxsa müəllimlərin çoxsaylı imtahan və qiymətləndirmələrə cəlb olunması ilə bağlıdır?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Elmin Yaqubbəyli qeyd edib ki, müəllimlərin narazılığını yalnız imtahanın çətinliyi ilə əlaqələndirmək düzgün olmaz:

190752

"Burada hər iki məqam müəyyən qədər rol oynayır. Lakin əsas məsələ, fikrimcə, müəllimin il ərzində üzləşdiyi qiymətləndirmələrin sayı və bu proseslərin bir-biri ilə nə dərəcədə əlaqələndirilməsidir. Müəllim də digər peşə sahibləri kimi öz bilik və bacarıqlarını müəyyən mərhələlərdə qiymətləndirməlidir. Sertifikasiya prosesinin özü müəllimin peşəkar inkişafı və təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından əhəmiyyətlidir. Ona görə də müəllimlərin qiymətləndirilməsinə prinsip etibarilə qarşı çıxmağı doğru hesab etmirəm.

Amma burada çox vacib bir məqam var: qiymətləndirmənin məqsədi nədir? Əgər məqsəd müəllimin hansı səviyyədə olduğunu müəyyənləşdirmək, inkişaf etməli tərəflərini üzə çıxarmaq və onun peşəkar inkişafına istiqamət verməkdirsə, bu, faydalı prosesdir. Lakin müəllim eyni zamanda müxtəlif imtahanlar, monitorinqlər, daxili qiymətləndirmələr və hesabatlarla davamlı şəkildə qarşılaşırsa, müəyyən mərhələdən sonra bu proses onun əsas fəaliyyətinə – dərs deməyə və şagirdlə işləməyə – əlavə yük yarada bilər.

Mənim fikrimcə, müəllimlərin narazılığının əsas səbəbi daha çox qiymətləndirmənin özündən deyil, qiymətləndirmələrin necə və nə qədər tez-tez təşkil olunmasından qaynaqlanır. Müəllim istəyir ki, qarşısına qoyulan meyarlar əvvəlcədən aydın olsun və onun nəticəsinin hansı mərhələdə, hansı məqsədlə istifadə ediləcəyi bəlli olsun.

Digər tərəfdən, sertifikasiya imtahanının çətinliyi məsələsinə də yalnız sualların çətinliyi kimi yanaşmaq olmaz. İmtahan müəllimin real peşə fəaliyyətini nə dərəcədə əks etdirir - əsas suallardan biri də budur. Çünki yüksək nəticə göstərmək üçün test həll etmək bacarığı ilə sinifdə effektiv müəllim olmaq eyni anlayış deyil. Müəllimin fənn biliyi ilə yanaşı, şagirdlə ünsiyyəti, sinfi idarəetməsi, fərdi yanaşması, pedaqoji metodlardan istifadə bacarığı da onun peşəkarlığının göstəricisidir.

Bu səbəbdən düşünürəm ki, sertifikasiya prosesində obyektivlik və praktik yanaşma daha da gücləndirilməlidir. Müəllimin biliyi qiymətləndirilməlidir, amma onun real pedaqoji fəaliyyəti də diqqətdən kənarda qalmamalıdır. Əslində müəllimlər qiymətləndirilməyə qarşı deyillər. Onların əsas gözləntisi qiymətləndirmənin ədalətli, şəffaf, məqsədyönlü və real fəaliyyətə uyğun olmasıdır. Əgər bu balans qorunarsa, sertifikasiya müəllim üçün əlavə təzyiq vasitəsi deyil, öz üzərində işləməyə və peşəkar inkişafına stimul verən mexanizmə çevrilə bilər.

Mənim mövqeyim bundan ibarətdir ki, məsələ sertifikasiyanın olub-olmamasında deyil, onun hansı formada həyata keçirilməsindədir. Müəllimi inkişaf etdirən qiymətləndirmə lazımdır, amma müəllimin əsas fəaliyyətinə maneə yaradan və onu davamlı imtahan yükü altında saxlayan qiymətləndirmə mexanizmləri mütləq şəkildə optimallaşdırılmalıdır".

TƏCİLİ! Gərginlik artdı - Türkiyə ordusu hərəkətə keçdi
Son xəbərlərDaha çox