Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, sertifikasiyanın ikinci dövrəsində müəllimlər üçün yeni qiymətləndirmə çərçivələri tətbiq olunacaq və ilk mərhələdən əldə edilən nəticələr əsasında müəyyən boşluqlara daha çox diqqət yetiriləcək.
Maraqlıdır, sertifikasiyanın növbəti mərhələlərində sistemi hansı yeni çağırışlar gözləyə bilər? Xüsusilə, müəllimlərin ikinci və sonrakı dəfə sertifikasiyaya cəlb olunması ilə qiymətləndirmə mexanizmlərində hansı çətinliklər yarana bilər?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov qeyd edib ki, Azərbaycanda müəllimlərin sertifikatlaşdırılmasının birinci mərhələsi uğurlu nəticə verdi və qarşıya qoyulan məqsədə nail olunub:

"Çünki əsas məqsədlərdən biri sistemə müxtəlif yollarla daxil olmuş və peşəkar inkişafını təmin edə bilməyən müəllimləri müəyyənləşdirmək və zəruri hallarda onların fəaliyyətinə xitam vermək idi. Bu müəllimlərə iki dəfə şans verildi və hər iki imkandan istifadə edə bilməyənlərin əmək müqaviləsinə xitam verildi.Artıq ikinci mərhələdə düşünürəm ki, sertifikatlaşdırmadan keçərək özünü doğrultmuş müəllimləri mütəmadi olaraq yenidən bu prosesə cəlb etmək zəruri deyil.
Onların peşəkar vəziyyətini, məsələn, beş və ya altı ildən bir keçiriləcək qısa qiymətləndirmə vasitəsilə yoxlamaq olar. Lakin müəllimləri daim imtahan rejimində saxlamaq və davamlı imtahan stresi yaşatmaq, məncə, düzgün yanaşma deyil.
Növbəti mərhələdə diqqətimizi daha çox müəllim hazırlığına və müəllimlərin işə qəbuluna yönəltməliyik. Çünki inkişaf etmiş ölkələrin təcrübəsində müəllimlərin müntəzəm olaraq imtahan verməsindən daha çox onların davamlı peşəkar inkişafına üstünlük verildiyini görürük.
Heç vaxt bitməyən imtahan prosesi və imtahan stresi müəllim üçün əlavə yükdür. Onsuz da müəllimlik özü kifayət qədər stresli və məsuliyyətli peşədir. Buna görə də müəllimlər üçün əlavə və davamlı imtahan stressinin yaradılmasına ehtiyac yoxdur.
Növbəti mərhələdə müəllimlərin işə qəbulu, pedaqoji fakültələrdə müəllim hazırlığının keyfiyyətinin artırılması və ümumilikdə müəllim hazırlığı məsələlərinə daha çox diqqət yetirməliyik. Mövcud müəllimlərlə bağlı isə əsas diqqət davamlı peşəkar inkişafa yönəldilməlidir".