Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə start verilib. Artıq test mərhələsində uğurlu nəticə göstərən müəllimlər növbəti mərhələdə öz pedaqoji və metodik bacarıqlarını nümayiş etdirirlər.
Onlardan biri də Şamaxı rayonunun Bahadur Osmanov adına Qaleybuğurd kənd tam orta ümumtəhsil məktəbinin təsviri incəsənət müəllimi Ruqiyə Nəhmətovadır.
AzEdu.az Ruqiyə Nəhmətova ilə həmsöhbət olub.
Müəllim qeyd edib ki, müsahibə mərhələsindən yüksək bal gözləyir:
"Müəllimlərin sertifikasiyası prosesinin test imtahanı mərhələsində iştirak edərək 53 bal toplamışam və uğur qazanaraq müsahibə mərhələsinə dəvət olunmuşam. Ayın 21-də də müsahibə mərhələsində iştirak etdim.
Sertifikasiyanın həm test, həm də müsahibə mərhələsi mənim üçün ən ciddi mərhələlərdən biri idi. Bir müəllim olaraq əlbəttə ki, öz üzərimdə çalışmışdım. Test imtahanında uğur qazandıqdan sonra müsahibəyə dəvət olundum. İnanıram ki, müsahibə mərhələsi də yaxşı keçdi və yaxşı bir nəticə əldə edəcəyəm.
Müsahibə mərhələsi şəffaf keçdi. Mənə özümü təqdimetmə daxil olmaqla, hazırladığım icmal və mövzular üzrə suallar ünvanlandı. Təlim nəticəsi və qiymətləndirmə meyarları haqqında soruşdular. Komissiya üzvləri mülayim davranır, çox yaxşı rəftar edirdilər. Normal səviyyədə suallar verildi, mən də bildiyim və bacardığım qədər həmin sualları cavablandırdım. Müsahibə mərhələsindən yüksək bal - 30 baldan çox gözləyirəm".
Sertifikasiya imtahanına hazırlaşmaq üçün kursa və ya repetitor yanına getmədim:
"Hazırlıq üçün əlavə dəstək almamışam, hansısa kursa və ya repetitor yanına getməmişəm. Öz üzərimdə müstəqil şəkildə çalışmışam. Sertifikasiyanın keçirilməsi ilə razıyam və bunu dəstəkləyirəm. Çünki müəllimlər öz üzərilərində çalışır, məlumatlarını inkişaf etdirirlər. Bu mərhələyə müsbət baxıram və davamlı olaraq keçirilməsini gözləyirəm.
Uğurumun sirri bir müəllim olaraq öz üzərimdə çalışmağım, şagirdlərimin mənə olan sevgisi və hörmətidir. Şagirdlərimin günü-gündən çalışması və onların uğurları mənə motivasiya verir".