Azedu.az

Direktor, müavin və müəllimlərin maaşları - Əlavələr bu hallarda ödənilir

Təhsil hüququ və qanunvericilik

27 Noyabr 2026, 12:13
Direktor, müavin və müəllimlərin maaşları - Əlavələr bu hallarda ödənilir

Məktəblərdə müəllimlərin, direktorların və direktor müavinlərinin vəzifə maaşları təhsil səviyyəsi, pedaqoji staj və vəzifəyə uyğun müəyyənləşdirilir. Müəllimlərə isə sinif rəhbərliyi, elmi dərəcə, fəxri ad və digər fəaliyyətlərinə görə əlavə ödənişlər nəzərdə tutulur.

AzEdu.az xəbər verir ki, bu qaydalar Nazirlər Kabinetinin 11 iyul 2016-cı il tarixli 270 nömrəli qərarı ilə təsdiqlənib.

Qərara 7 mart 2023-cü il tarixli 67 nömrəli qərarla dəyişiklik edilib.

Məktəb direktorları və müavinlərinin maaşları

Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 879 manat, direktor müavinlərinin maaşı isə 791 manat müəyyən edilib.

Müəllimlərin aylıq vəzifə maaşları

Diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin maaşı təhsil səviyyəsinə və pedaqoji stajına uyğun hesablanır. Bir stavka dərs yükü həftədə 18 saat olmaqla, ali təhsilli müəllimlərin aylıq vəzifə maaşı pedaqoji stajı 3 ilədək olduqda 607 manat, 3 ildən 8 ilədək olduqda 653 manat, 8 ildən 13 ilədək olduqda 686 manat, 13 ildən 18 ilədək olduqda 733 manat, 18 ildən çox olduqda isə 785 manat təşkil edir.

Orta ixtisas təhsilli müəllimlərin maaşı isə eyni staj ardıcıllığı ilə 554 manat, 587 manat, 607 manat, 647 manat və 700 manat müəyyənləşdirilib.

Çağırışaqədərki hazırlıq rəhbərlərinin maaşları

Qərarda gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşları da ayrıca göstərilib.

Belə ki, xüsusi hazırlıq keçmiş, tam orta təhsilli və pedaqoji stajı 5 ilədək olan rəhbərlərin maaşı 477 manatdır.

Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli və pedaqoji stajı 5 ildən çox olan, eləcə də orta ixtisas təhsilli və stajı 5 ilədək olan şəxslər üçün bu məbləğ 493 manat müəyyən edilib.

Orta ixtisas təhsilli və pedaqoji stajı 5 ildən 10 ilədək olan, həmçinin orta hərbi və ya ali təhsilli və stajı 5 ilədək olan rəhbərlərin aylıq maaşı 508 manatdır.

Ali təhsilli və pedaqoji stajı 5 ildən çox olan, orta ixtisas təhsilli və stajı 10 ildən çox olan, orta hərbi təhsilli və stajı 5 ildən çox olan, eləcə də ali hərbi təhsilli şəxslərin maaşı isə 539 manat təşkil edir.

Müəllimlərə verilən əlavə ödənişlər

Qərara əsasən, müəllimlərə müəyyən vəzifə və fəaliyyətlərinə görə əlavə ödənişlər də nəzərdə tutulub.

Sinif rəhbərliyinə görə aylıq 40 manat əlavə verilir. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərində, inteqrasiya təlimli internat tipli məktəblərdə (xüsusi siniflər istisna olmaqla), internat tipli sanator ümumtəhsil məktəblərində, internat tipli lisey və gimnaziyalarda, eləcə də lisey və gimnaziyalarda tədris edilən dərs saatlarına görə vəzifə maaşının 15 faizi məbləğində əlavə ödənilir.

Elmi dərəcəsi olan və ixtisası üzrə fənn tədris edənlərə, Azərbaycanın fəxri adlarına layiq görülmüş şəxslərə, ümumi təhsil müəssisələrində istifadə edilən dərslik və ya müəllimlər üçün metodik vəsaitlərin müəlliflərinə aylıq 45 manat əlavə müəyyən edilib.

Bədən tərbiyəsi üzrə şagirdlərlə sinifdənkənar işlərin aparılmasına görə isə məktəbdəki siniflərin sayından asılı olaraq 55, 110 və ya 165 manat əlavə ödənilir. Belə ki, 10-19 sinif olduqda 55 manat, 20-29 sinif olduqda 110 manat, 30 və daha çox sinif olduqda isə 165 manat nəzərdə tutulur. Bu iş iki və ya daha çox müəllim tərəfindən yerinə yetirildikdə əlavə ödəniş işin həcminə uyğun olaraq onlar arasında bölünür.

Diaqnostik qiymətləndirmədən keçməyənlər üçün fərqli hesablama

Qərarda bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış müəllimlərin aylıq vəzifə maaşının qiymətləndirmədən keçmiş müəllimlərin maaşından 25 faiz aşağı müəyyən edilməsi nəzərdə tutulur.

Diaqnostik qiymətləndirmədən keçməmiş gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşı isə qiymətləndirmədən keçmiş müvafiq kateqoriyadan olan rəhbərlərin maaşından 10 faiz aşağı hesablanır.

Türkiyə ayağa qalxdı! Gürcüstana sərt cavab - Ərdoğan hərəkətə keçdi
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox