Artıq bir neçə həftədir müəllimlərin sertifikasiya imtahanının test mərhələsi başa çatsa da, bu il ilk dəfə keçirilən tarix fənni üzrə sertifikasiya hələ də müzakirə mövzusu olaraq qalır.
Tarix müəllimləri imtahan suallarının həddindən artıq çətin və çaşdırıcı olduğunu bildirərək narazılıqlarını ifadə edirlər. Statistik göstəricilər də bu müzakirələri gücləndirir.
Belə ki, sertifikasiyada iştirak edən 5 571 tarix müəllimindən 1 377-si uğursuz nəticə göstərib, orta bal isə 39 olub. Halbuki digər fənlər üzrə bəzi müəllimlər imtahanı cəmi 30 dəqiqəyə yüksək nəticə ilə başa vurublar.
Maraqlıdır, tarix müəllimlərinin bu narazılığı nə dərəcədə əsaslıdır?
Mövzu ilə bağlı "AzEdu podkast"ında təhsil tədqiqatçısı Elmin Nuri fikirlərini bölüşüb.

E.Nuri qeyd edib ki, tarix fənninin kurikulum məzmun standartları digər fənlərlə müqayisədə daha geniş və mürəkkəbdir:
"Bu, Azərbaycan Respublikasının Təhsil İnstitutunun rəsmi saytında yerləşdirilən məzmun standartlarında da aydın şəkildə görünür. Həmin bölmələrdəki mövzulara nəzər saldıqda onların nə qədər şaxəli və əhatəli olduğu müşahidə edilir. Sertifikasiya imtahanının tarix müəllimləri üçün daha çətin keçməsinin əsas səbəblərindən biri də məhz budur.
Tarix fənni üzrə hazırlanan sualların məzmun standartlarını digər fənlərlə eyni səviyyədə qiymətləndirmək düzgün olmaz. Əlbəttə, hər bir fənnin özünəməxsus çətinlikləri var və bu danılmaz faktdır. Lakin qeyd etdiyim kimi, tarix fənni mürəkkəbdir və sırf buna görə də müəllimlər sualların çətinliyindən narazılıq edirlər".
Bəzi müəllimlər hətta tarix fənni üzrə qərəzli şəkildə daha çətin və çaşdırıcı sualların salındığını iddia edirlər:
"Mən isə bu yanaşmanı doğru hesab etmirəm. Bu, daha çox faktlara deyil, kulis söhbətlərinə söykənən mülahizələrdir", - deyə Elmin Nuri qeyd edib.