Azedu.az

“Növbəti sertifikasiyada çox sərt yeniliklər olacaq? - PROQNOZ

Sertifikasiya

23 Sentyabr 2026, 17:22
“Növbəti sertifikasiyada çox sərt yeniliklər olacaq? - PROQNOZ

“2021–2026-cı illərdə keçirilən birinci mərhələ sertifikatlaşdırma suallar baxımından və digər şərtlərə görə nisbətən asan idi. Növbəti mərhələdə isə çətinliyin artırılması gözlənilir”.

Bu sözləri “AzEdu podkast”ında təhsil tədqiqatçısı Elmin Nuri müəllimlərin sertifikatlaşdırılması prosesi barədə danışarkən deyib.

O bildirib ki, son dövrlərdə keçirilən görüşlərdə təhsil sahəsi ilə bağlı bir sıra tənqidi fikirlər və problemlər səsləndirilib. Onun sözlərinə görə, müəllimlərin sertifikatlaşdırılması da bu məsələlərdən biri olub:

“Əvvəllər mediaya açıqlamalarımda və sosial şəbəkə hesablarımda bu barədə danışanda müəllimlərin ciddi reaksiyası ilə qarşılaşırdıq. O zaman bizim nəsə deməyimiz hər hansı qərarı dəyişdirmirdi. Sadəcə, ehtimal irəli sürürdük. Lakin 14 sentyabrda keçirilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev də bu məsələyə münasibət bildirdi və gözləntimiz özünü doğrultdu.

İkinci mərhələdə, yəni 2027–2032-ci illəri əhatə edəcək beşillik dövr üçün keçiriləcək sertifikatlaşdırmada müəyyən yeniliklərin tətbiqi gözlənilir. Bu yeniliklərin əsas istiqamətlərindən biri sualların nisbətən mürəkkəbləşdirilməsidir. Düşünürəm ki, belə də olmalıdır.

Gəlin, etiraf edək ki, 2021–2026-cı illəri əhatə edən birinci mərhələdə sertifikatlaşdırma suallar baxımından və digər şərtlərə görə nisbətən asan idi. Nazir özü də qeyd etdi ki, onlardan humanist yanaşma tələb olunmuşdu və onlar da bu yanaşmanı tətbiq ediblər. Növbəti sertifikatlaşdırmanın isə daha çətin olacağı bildirildi”.

Elmin Nuri qeyd edib ki, sertifikatlaşdırma imtahanlarının çətinlik səviyyəsi ilə bağlı müəllimlər arasında fərqli fikirlər səslənir:

“İndi müəllimlər bizi izləyəcəklər və böyük ehtimalla narazılıqlarını bildirəcəklər. Soruşacaqlar ki, əgər humanist yanaşma var idisə, bəs imtahandan kəsilən minlərlə müəllim necə olsun? Bu, artıq tamam başqa problemdir. Həmin müəllimlərin bəzilərinin əmək müqaviləsinə xitam verilib, çünki iki dəfə ardıcıl olaraq imtahandan keçə bilməyiblər. Buna təəssüf edirik.

Bütün bunlara rəğmən, gəlin, etiraf edək ki, eyni imtahan zalından çıxan müəllimlərin sualların çətinliyi ilə bağlı fikirləri tamamilə fərqli ola bilir. Eyni zalda imtahan verən iki müəllimdən biri deyir ki, suallar o qədər asan idi ki, hətta 7-ci sinifdə oxuyan şagird də onları cavablandıra bilərdi. Digəri isə sualların həddindən artıq çətin olduğunu və belə bir nəticə gözləmədiyini bildirir.

Bu fikirlərin hər ikisinə hörmətlə yanaşırıq. Amma sual yaranır: hansının yanaşması daha doğrudur? Mənim fikrimi soruşsanız, sualların asan olduğunu bildirən müəllimlərin yanaşması ilə daha çox razıyam. Çünki bu fikirdə olanların sayı daha çoxdur”, – deyə o əlavə edib.

TƏCİLİ! Rusiyadan Ərdoğana etiraz - Bunu edə bilmərik!
Son xəbərlərDaha çox