Son illərdə Türkiyənin ali təhsil müəssisələri azərbaycanlı tələbələr arasında həm coğrafi yaxınlıq, həm də akademik imkanlarına görə xüsusi maraq doğurur. Bu çərçivədə Türkiyədə təhsil almaq hüququ qazanan tələbələrin universitet seçimləri də diqqət çəkir.
AzEdu.az “2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Türkiyə Respublikasında təhsil almaq hüququ qazanan 177 tələbənin universitet seçimlərini təhlil edib.
Aparılan təhlilə əsasən, Azərbaycanlı tələbələrin Türkiyədə ali təhsil seçimlərində əsas üstünlük nüfuzlu və beynəlxalq səviyyədə tanınan universitetlərə verilib. 177 tələbənin universitet bölgüsündə ən çox seçilən ali təhsil müəssisəsi Bilkent Universiteti olub.
Belə ki, 65 tələbə Bilkent Universitetində təhsil almaq hüququ qazanıb. Siyahıda ikinci yerdə Koç Universiteti qərarlaşıb. Bu universiteti 47 tələbə seçib. Sabancı Universiteti isə 30 tələbə ilə üçüncü ən çox seçilən universitet olub.
Digər universitetlər üzrə göstəricilər belədir: Orta Şərq Texniki Universitetində 13 tələbə, İstanbul Universitetində 7 tələbə, İstanbul Texniki Universitetində 7 tələbə təhsil alacaq.
Bununla yanaşı, Ege Universiteti 3 tələbə, Boğaziçi Universiteti 2 tələbə ilə siyahıda yer alıb. Hacettepe Universiteti, Ankara Universiteti və Yıldız Texniki Universitetində isə hər biri üzrə 1 tələbə təhsil almaq hüququ qazanıb.
Ümumilikdə, nəticələr göstərir ki, 177 tələbənin böyük əksəriyyəti Türkiyənin aparıcı ali təhsil müəssisələrinə üstünlük verib. Belə ki, Bilkent Universiteti, Koç Universiteti və Sabancı Universiteti birlikdə 142 tələbənin seçimi olub. Bu göstərici ümumi tələbə sayının təxminən 80 faizini təşkil edir.