Azedu.az

Buraxılış imtahanlarında çətin suallar - Problem təkcə testlərdə DEYİL

AzEdu Təhsil Platforması

24 Oktyabr 2026, 09:25
Buraxılış imtahanlarında çətin suallar - Problem təkcə testlərdə DEYİL

“İmtahan suallarını qiymətləndirmək üçün tələsmək olmaz".

Bu sözləri “AzEdu podkast”ında təhsil tədqiqatçısı Elmin Nuri buraxılış imtahanlarında gözlənilən dəyişikliklər barədə danışarkən deyib.

O bildirib ki, imtahan suallarını qiymətləndirərkən tələsmək olmaz və bu proses statistik, elmi təhlillərə əsaslanmalıdır:

“İlk növbədə, buraxılış imtahanlarından dərhal sonra sosial şəbəkələrdə suallarla bağlı çoxsaylı narazılıqlar səsləndirilir. İnsanlar sualların çətinliyindən şikayət edir və müxtəlif fikirlər bildirirlər. Halbuki imtahan suallarını qiymətləndirmək üçün tələsmək olmaz.

Hər hansı sualın çətinlik səviyyəsini müəyyənləşdirmək üçün statistik və elmi təhlillərə əsaslanmaq lazımdır. Bu təhlillər, adətən, imtahanlar başa çatdıqdan sonra dərc olunur. Şəxsən mən həmin təhlillərlə tanış olanda görürəm ki, məsələlər kifayət qədər dərindən araşdırılır. Bu məlumatlarla tanış olmaq çox vacibdir.

Düzünü desəm, istər 9-cu, istərsə də 11-ci siniflər üzrə buraxılış imtahanlarından sonra sosial şəbəkələrdə həmişə sualların çətin olduğu ilə bağlı fikirlər səsləndirilir. Mən 35 yaşındayam və bu sahədə fəaliyyət göstərdiyim müddətdə imtahandan sonra sualların əla olduğunu deyən insanlara, demək olar ki, rast gəlməmişəm. Əksinə, hər dəfə sualların keyfiyyətsiz, çətin və ya qüsurlu olması ilə bağlı fikirlər eşidirik.

Əslində imtahanın çətin və ya asan olduğunu müəyyən qədər nəticələr əsasında qiymətləndirmək mümkündür. Məsələn, ötən il buraxılış imtahanlarında maksimal bal toplayan abituriyentlərin sayı daha çox idi. Səhv etmirəmsə, bu rəqəm 50-dən artıq olmuşdu. Bu il isə həmin göstərici xeyli aşağı idi".

Testologiyanın əsas prinsiplərindən biri sualların çətinlik dərəcəsinə görə düzgün bölüşdürülməsidir:

"Məsələn, imtahanda 30 sual varsa, onlar çətinlik səviyyəsinə görə asan, orta və çətin qruplara bölünməlidir. Sualların sayı 15, 30 və ya 60 olmasından asılı olmayaraq, onların çətinlik dərəcəsinə uyğun bölgüsü təmin edilməlidir. Bu, təkcə Azərbaycanda deyil, ümumilikdə testologiyada tətbiq olunan əsas yanaşmalardan biridir.

Mən Dövlət İmtahan Mərkəzinin, Elm və Təhsil Nazirliyinin və ya hər hansı digər qurumun mövqeyini müdafiə etmək məqsədilə danışmıram. Məqsədim məsələyə elmi və obyektiv yanaşmaqdır.Məsələnin mahiyyəti ondan ibarətdir ki, Dövlət İmtahan Mərkəzi testologiyanın əsas prinsiplərinə uyğun olaraq sualları çətinlik dərəcəsinə görə qruplaşdırır. Bu gün vahid təhsil proqramı mövcuddur. Həmin proqram çərçivəsində məzmun xətləri və məzmun standartları müəyyənləşdirilib. Dövlət İmtahan Mərkəzi də sualları bu standartlar əsasında hazırlayır.

Bu fikrimə şübhə ilə yanaşanlar Azərbaycan Respublikası Təhsil İnstitutunun rəsmi saytına daxil olaraq müvafiq kurikulumları və məzmun standartlarını araşdıra bilərlər. Beləliklə, Dövlət İmtahan Mərkəzinin sualları hansı standartlar əsasında hazırladığını özləri də yoxlaya bilərlər.Problem ondadır ki, buraxılış imtahanında iştirak edən şagirdlərin hazırlığı heç də həmişə həmin məzmun standartları əsasında qurulmur. Nəticədə zərər görən şagird və valideyn olur.

Təsəvvür edin, mən 9-cu və ya 11-ci sinif şagirdiyəm. Məzmun standartlarının nə olduğunu, sualların hansı meyarlar əsasında hazırlanmalı olduğunu, hansı məzmun xətlərinin nəzərə alındığını və tədrislə qiymətləndirmə arasında hansı uyğunluğun qorunmalı olduğunu bilmirəm.

Əgər şagird bu məsələlərdən xəbərsizdirsə və hazırlıq prosesi də müvafiq standartlara əsaslanmırsa, imtahanda çətinliklə üzləşməsi təəccüblü deyil. Belə olan halda isə yaranmış vəziyyətə yalnız imtahan suallarının çətinliyi prizmasından yanaşmaq düzgün olmaz. Tədris prosesinin, hazırlıq sisteminin və qiymətləndirmə meyarlarının bir-birinə uyğunluğu da diqqətlə araşdırılmalıdır”.

Moskvaya kütləvi hücum aeroportlar bağlandı
Son xəbərlərDaha çox