Bu il ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılmasının test imtahanı mərhələsi yekunlaşıb. Müəllimlər növbəti mərhələdə müsahibələrə cəlb olunacaqlar.
Müsahibə mərhələsinə isə çox az vaxt qalıb. Bəs müsahibədə müəllimlərə hansı suallar verilir və namizədlər nələrə hazırlaşmalıdırlar?
Qeyd edək ki, sertifikatlaşdırma iki - test və müsahibə mərhələsindən ibarətdir. Sertifikasiyanın test imtahanı zamanı müəllimlərə 120 dəqiqə vaxt verilir. Bu müddətdə onlar 60 suala (50 ixtisas, 10 metodika) cavab verməlidirlər. Bundan sonra isə müəllimləri sertifikatlaşdırılmanın müsahibə mərhələsi gözləyir.
Bəs sertifikasiyanın müsahibə mərhələsində hansı meyarlar əsas götürülür?
AzEdu.az xəbər verir ki, müsahibə mərhələsi aşağıdakı meyarlar əsasında maksimum 40 (qırx) balla qiymətləndirilir:
Proqram üzrə mövzunu təqdimetmə bacarığı;
Təhsilalanları qiymətləndirmə bacarığı;
Özünü təqdimetmə bacarığı;
Pedaqoji prosesi təşkiletmə bacarığı;
Ünsiyyət bacarığı.
Hər bir meyar 4 (dörd) ballıq şkala əsasında ölçülür. Müsahibə mərhələsində toplanıla biləcək maksimum 40 (qırx) bal meyarlar üzrə aşağıdakı qaydada hesablanır:
Proqram üzrə mövzunu təqdimetmə bacarığı üzrə toplanılan balların 3 (üç) misli;
Təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə və pedaqoji prosesi təşkiletmə bacarıqlarının hər biri üzrə toplanılan balların 2 (iki) misli;
Ünsiyyət bacarığı üzrə toplanılan balların 1 (bir) misli.
Sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 (iyirmi) bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər.
Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri proqram təminatına daxil edilir. Müsahibənin nəticələri onun keçirildiyi tarixdən 5 (beş) iş günü müddətində elan edilir və təhsilverənlərin sertifikatlaşdırma üzrə ümumi nəticələri onların “Şəxsi kabinet”inə göndərilir.