Sertifikasiya imtahanlarında iştirak edən ucqar kənd məktəblərinin və yaşı nisbətən yüksək olan müəllimlərin ən çox dilə gətirdikləri problemlərdən biri imtahanların kompüter vasitəsilə keçirilməsidir. Bu müəllimlərin bir qismi kompüterdən istifadə bacarıqlarının zəif olması səbəbindən biliklərini tam şəkildə nümayiş etdirə bilmədiklərini bildirirlər.
Nəticədə, kifayət qədər yüksək peşə hazırlığına malik olsalar belə, gözlədiklərindən aşağı nəticə əldə edir, bəzi hallarda isə minimum keçid balını toplaya bilmirlər.
Müşahidələr göstərir ki, bu zaman əsas problem bilik çatışmazlığı deyil, texniki çətinliklərdir. Məsələn, müəllimlər cavab variantını seçdiklərini düşünsələr də, seçim qeydə alınmır və ya digər texniki səhvlər onların yekun nəticəsinə mənfi təsir göstərir.
Bu baxımdan belə bir sual yaranır: texniki səbəblərdən yaranan bu kimi çətinliklərin qarşısını almaq üçün sertifikasiya imtahanlarının ənənəvi - kağız daşıyıcıları üzərində keçirilməsi daha məqsədəuyğun olardımı?
AzEdu.az-a mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Qoşqar Məhərrəmov danışıb.

Kağız daşıyıcılara keçməkdənsə, müəllimlər üçün dəstək mexanizmləri yaratmaq daha məqsədəuyğundur:
“Kompüter və texnologiyalardan istifadə etməyi bacarmamaq müəyyən bir məhdudiyyətdir. Həqiqətən də, müəyyən yaşdan sonra bu alətləri öyrənmək müəllimlər üçün olduqca çətin olur. Ona görə də hesab edirəm ki, məsələyə inklüzivlik prizmasından yanaşmalı və müəllimlərə bu problemi aradan qaldırmaq üçün dəstək göstərməliyik.
Məsələn, orta təhsildə elə şagirdlər var ki, mətni oxuyub anlamaqda çətinlik çəkirlər. Dünyanın müxtəlif ölkələrində bununla bağlı təcrübələr mövcuddur. Belə şagirdlərə qulaqlıq verilir və suallar xüsusi kompüter proqramı vasitəsilə səsləndirilir. Suallar səsləndirildikdə onları anlamaq daha asan olur.
Eyni qaydada, imtahan zallarında da həmin müəllimlərin suallara düzgün cavab verməsini təmin etmək üçün dəstək mexanizmi yaradıla bilər. Məsələn, nəzarətçi müəllimin seçdiyi cavab variantını onun göstərişi əsasında kompüterdə uyğun düymə vasitəsilə qeyd etməsinə texniki dəstək göstərə bilər.
Əlbəttə, kağız daşıyıcılara keçmək də mümkündür. Lakin bu halda cavab vərəqlərinin yoxlanılması və digər prosedurlar əlavə iş yükü və çətinliklər yaradacaq.
Bunun əvəzinə, həmin müəllimlər sertifikasiya imtahanına qeydiyyat zamanı kompüterdən istifadə ilə bağlı müəyyən məhdudiyyətlərinin olduğunu əvvəlcədən bildirə bilərlər. Bu halda imtahan zalındakı nəzarətçilər onlara texniki dəstək göstərərək seçdikləri cavabların kompüterdə düzgün şəkildə qeyd olunmasına kömək edə bilərlər”.
Sırf kompüterə görə müəllim imtahandan kəsilməməlidir:
“Hesab edirəm ki, belə bir dəstək mexanizminin tətbiqi məqsədəuyğundur. Çünki həqiqətən də elə müəllimlər var ki, kompüterdən və digər texnoloji vasitələrdən istifadə zamanı ciddi çətinlik yaşayırlar. Məhz bu səbəbdən həyəcanlanır, panikaya düşür və suallara düzgün cavab verə bilmirlər.
Halbuki onlar sualın cavabını bilirlər, sualı düzgün oxuyur, anlayır və doğru cavabı müəyyən edirlər. Sadəcə, cavabı kompüterdə düzgün şəkildə qeyd etməkdə çətinlik çəkirlər.
Düşünürəm ki, müəllimlərə bu təminatı verməliyik. Onsuz da imtahan prosesi kifayət qədər streslidir. Sırf kompüterdən istifadə bacarığının zəif olmasına görə müəllim imtahandan kəsilməməlidir”.