Cənubi Koreyanın Sogang Universiteti xarici tələbələr üçün yeni tam təqaüd proqramı elan edib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, SOGANG RISE SURPASS TRACK proqramı təbiət elmləri və mühəndislik istiqamətləri üzrə magistratura və doktorantura təhsili almaq istəyən beynəlxalq tələbələr üçün nəzərdə tutulub.
Proqram çərçivəsində tələbələrin təhsil haqqının 100 faizi qarşılanacaq. Maliyyələşmənin 50 faizi Seoul ANCHOR layihəsi, digər 50 faizi isə Sogang Global Scholarship tərəfindən təmin ediləcək. Qeydiyyat və digər məcburi ödənişlər isə təqaüdə daxil deyil.
Təqaüd proqramı yalnız maliyyə dəstəyi ilə məhdudlaşmır. İştirakçılara elmi araşdırmaların aparılması, məqalələrin hazırlanaraq nəşr etdirilməsi, koreya dilinin öyrənilməsi və təcrübə proqramlarında iştirakla bağlı da dəstək göstəriləcək.
Proqramın əsas məqsədlərindən biri elm və texnologiya sahəsində ixtisaslaşmış beynəlxalq mütəxəssisləri Cənubi Koreyaya cəlb etməkdir.
Qeyd edək ki, təqaüd bütün xarici tələbələr üçün nəzərdə tutulmayıb. Proqram müəyyən tələblərə cavab verən və təbiət elmləri və ya mühəndislik istiqamətləri üzrə magistratura və doktorantura proqramlarına qəbul olunan beynəlxalq tələbələrə şamil ediləcək.
Fidan Şahkərəmova