Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova 2026/2027-ci tədris ili üzrə universitetə yüksək balla qəbul olunan tələbələr və onların valideynləri ilə görüşüb.
AzEdu.az xəbər verir ki, görüşdə İnşaat mühəndisliyi ixtisasına (tədris ingilis dilində) 681 balla qəbul olunan Qalib Qasımov, eyni ixtisasa 619,8 balla qəbul olunan Həsən Süleymanov, Memarlıq ixtisasına (tədris ingilis dilində) isə 608 balla qəbul olunan Nuray Qəmbərova, eləcə də onların valideynləri iştirak ediblər.
Rektor tələbələri yüksək nəticə münasibətilə təbrik edib, onların AzMİU-nu seçməsini universitetə göstərilən etimadın ifadəsi kimi dəyərləndirib. Professor Gülçöhrə Məmmədova bildirib ki, yüksək nəticə ilə universitetə daxil olmaq böyük uğur olmaqla yanaşı, tələbənin qarşısında yeni məsuliyyətlər də qoyur. O, gənclərə universitet illərindən səmərəli istifadə etməyi, yalnız ixtisas bilikləri ilə kifayətlənməməyi, xarici dil, rəqəmsal bacarıqlar və müasir texnologiyalar üzrə biliklərini davamlı inkişaf etdirməyi tövsiyə edib.
Söhbət zamanı memarlıq və inşaat mühəndisliyinin ölkənin inkişafındakı mühüm roluna toxunan rektor bildirib ki, müasir şəhərlərin formalaşdırılması, dayanıqlı və təhlükəsiz infrastrukturun qurulması, eləcə də ölkədə həyata keçirilən genişmiqyaslı tikinti və quruculuq layihələri bu sahələr üzrə yüksək ixtisaslı mütəxəssislərə tələbatı daha da artırır. İşğaldan azad edilmiş ərazilərdə aparılan böyük quruculuq işlərinin də gələcəyin memar və mühəndisləri üçün geniş peşə imkanları yaratdığı vurğulanıb.
Professor Gülçöhrə Məmmədova tələbələrə AzMİU-da yaradılmış imkanlardan maksimum yararlanmağı, elmi-tədqiqat fəaliyyətində, beynəlxalq proqram və mübadilə layihələrində, tələbə təşəbbüslərində fəal iştirak etməyi tövsiyə edib. Rektor onların gələcəkdə öz sahələrini dərindən bilən, yeniliklərə açıq və ölkənin inkişafına töhfə verən mütəxəssislər kimi yetişəcəklərinə əminliyini ifadə edib.
Valideynləri də övladlarının uğuru münasibətilə təbrik edən rektor yüksək nəticənin əldə olunmasında ailənin dəstəyinin və müəllim əməyinin xüsusi rol oynadığını qeyd edib. Valideynlər göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Görüşün sonunda yüksək nəticə göstərərək AzMİU tələbəsi adını qazanan Qalib Qasımov, Həsən Süleymanov və Nuray Qəmbərovaya universitet adından hədiyyələr təqdim olunub. Tələbələr və valideynlərlə xatirə fotoları çəkilib.
Qeyd edək ki, 2026/2027-ci tədris ili üzrə AzMİU-nun bakalavriat səviyyəsinə ümumilikdə 2565 plan yeri ayrılıb. Əsas qəbul mərhələsinin nəticələrinə görə, həmin yerlərdən 2537-si dolub, qəbul planı 98,91 faiz yerinə yetirilib.