Bu il III ixtisas qrupunun TC (Tarix-Coğrafiya) alt qrupu üzrə rəqabət daha güclü olub və xüsusilə regionşünaslıq ixtisası üzrə keçid ballarında ciddi artım müşahidə edilib. TC alt qrupuna maraq son illərdə artmaqdadır. Bunun əsas səbəblərindən biri DT (Dil-Tarix) alt qrupu üzrə ixtisaslara qəbul olmaq şansı aşağı olan bəzi abituriyentlərin TC alt qrupunu alternativ seçim kimi görməsidir. Halbuki TC alt qrupunda cəmi iki ixtisas - Regionşünaslıq və Beynəlxalq münasibətlər üzrə ixtisaslar mövcuddur və bu sahələrdə coğrafiya bilikləri mühüm əhəmiyyət daşıyır.
Lakin hazırkı qaydalara əsasən, coğrafiya fənni üzrə zəif nəticə göstərən abituriyentlər də həmin ixtisasları seçə bilirlər. Bu isə sonradan onların universitet təhsili zamanı müəyyən çətinliklərlə üzləşməsinə səbəb ola bilir.
Bu baxımdan sual yaranır: TC alt qrupu üzrə ixtisaslara qəbul zamanı coğrafiya fənnindən minimum bal limiti tətbiq olunmalıdırmı?
AzEdu.az-a mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis, riyaziyyat müəllimi Rəşad Cabbar açıqlama verib.
Onun sözlərinə görə, III ixtisas qrupunda 250-350 bal toplayan abituriyentlərin 90-95 faizi dövlət universitetlərinə qəbul ola bilmir:
"Deməli, hər il olduğu kimi, bu il də III ixtisas qrupunda rəqabət kifayət qədər kəskin olub. Lakin TC alt qrupu üzrə rəqabət daha yüksək səviyyədə müşahidə edilib və bunu keçid ballarındakı artımdan da görmək mümkündür.
Bəs bunun səbəbi nədir? III qrupu seçən abituriyentlərin əksəriyyəti filologiya, tərcümə, müəllimlik kimi humanitar yönümlü ixtisaslara üstünlük verir. Buna baxmayaraq, TC alt qrupunda beynəlxalq münasibətlər və regionşünaslıq ixtisaslarına maraq artıb.
Bunun əsas səbəblərindən biri 250-350 bal aralığında nəticə göstərən abituriyentlərdir. Bu nəticəni əldə edənlərin təxminən 90-95 faizi dövlət universitetlərinə qəbul ola bilmir. Xüsusilə təhsil haqqından azad olan məcburi köçkün, imtiyazlı və sosial həssas qruplara aid ailələrin övladları üçün dövlət universitetinə qəbul olmaq daha vacibdir. Belə abituriyentlər 260, 270, 280 kimi ballarla məcburi şəkildə TC alt qrupuna yönəlir və Regionşünaslıq ixtisasını seçirlər".
TC alt qrupunda coğrafiya fənni üzrə bal limiti mütləq tətbiq olunmalıdır:
"Bal limiti məsələsinə gəldikdə, bunun tətbiqi mütləqdir. III qrupa hazırlaşan abituriyent coğrafiyadan 3-4 bal toplasa belə, ixtisas seçiminə buraxılır. Əgər abituriyentin bu fənni nə qədər mənimsədiyi önəm daşımırsa, onda bu fənnin alt qrup kimi salınması da sual doğurur. Bir abituriyentin Regionşünaslıq və Beynəlxalq münasibətlər ixtisaslarını seçməsi üçün həmin fənni müəyyən qədər mənimsədiyini bilməliyik. Bunun üçün ən azı 10-15 ballıq limit tətbiq edilməlidir.
40 və ya 50 ballıq limit qoymaq isə düzgün deyil. Çünki III qrupa hazırlaşan abituriyentlərin 90%-i riyaziyyatdan, dəqiq elmlərdən zəif olan uşaqlardır. Coğrafiyanın özündə də ən azı 5-6 riyaziyyat sualı olur. Buna görə də 40-50 bal tələb qoyulması düzgün olmaz. Amma 10, 15 və ya 20 ballıq limit mütləq olmalıdır".
II ixtisas qrupunda 500-dən yuxarı bal toplayan oğlanlar belə özlərinə uyğun ixtisas tapa bilmədikləri üçün beynəlxalq münasibətlər ixtisasını seçirlər:
"TC alt qrupu üzrə balların artması yüksək bal toplayan abituriyentlərə də aiddir. Bu, əsasən oğlanlarla bağlı məsələdir. III qrupa hazırlaşan oğlanların əksəriyyəti Polis Akademiyası, dövlət və ictimai münasibətlər, hüquqşünaslıq kimi ixtisaslara meyil edir. Qızların isə İbtidai sinif müəllimliyi, məktəbəqədər təhsil, təhsildə psixoloji xidmət və digər ixtisaslar üzrə seçim imkanları daha çoxdur. Oğlanların əksəriyyəti isə bu ixtisaslara və ümumilikdə müəllimliyə meyil etmir.
Bu ixtisaslara qəbul ola bilməyən oğlanlar məcburi olaraq TC alt qrupundakı ixtisaslara yönəlirlər. Mən bu il 500-dən yuxarı balla Beynəlxalq münasibətlər ixtisasını yazan 3-4 nəfər tanıyıram. 330-350 bal aralığında da eyni vəziyyət müşahidə olunur: “Filologiya istəmirəm, məktəbəqədər təhsil istəmirəm, ibtidai sinif müəllimliyi istəmirəm, onda Regionşünaslığı yazım”.
Məhz bu yanaşmalara görə Regionşünaslıq və Beynəlxalq münasibətlər ixtisaslarının balı bu il artdı və getdikcə də artacaq. Buna görə də bu ixtisaslara 10, 15 və ya 20 ballıq limit tətbiq edilməlidir".