Böyük Britaniyada məktəblərdə artan isti hava səbəbindən dərs saatlarının, tətil tarixlərinin və imtahanların keçirildiyi dövrün dəyişdirilməsi təklif olunur.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin ən böyük təhsil həmkarlar ittifaqı olan Milli Təhsil Həmkarlar İttifaqının (NEU) baş katibi Daniel Kebede məktəblərin iqlim dəyişikliklərinə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, yay aylarında qeydə alınan güclü istilər müəllimlərin və şagirdlərin fəaliyyətinə ciddi təsir göstərib. Bəzi məktəblərdə sinif otaqlarının temperaturu 40 dərəcəni keçib, nəticədə İngiltərə və Uelsdə yüz minlərlə şagird dərslərdən kənarda qalıb.
Kebede hesab edir ki, məktəblərin isti hava şəraitinə uyğunlaşdırılması üçün genişmiqyaslı yenilənmə proqramı həyata keçirilməlidir. Bununla yanaşı, dərslərin daha erkən başlaması və başa çatması, yay tətilinin uzadılması, eləcə də imtahanların ilin daha sərin dövrünə keçirilməsi kimi variantlar müzakirə oluna bilər.
Həmkarlar ittifaqının rəhbəri bildirib ki, mövcud məktəb binalarının bir çoxu indiki iqlim şəraitinə uyğun layihələndirilməyib. Buna görə də təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi zəruridir.
Məsələnin sosial tərəfinə də diqqət çəkən Kebede qeyd edib ki, həddindən artıq isti hava şəraiti aztəminatlı ailələrin uşaqlarına daha çox təsir göstərir. Belə ki, bəzi ailələrin evləri də yüksək temperaturdan qorunmaq üçün əlverişli deyil.
Onun fikrincə, iqlim dəyişiklikləri şəraitində təhsilin fasiləsizliyini təmin etmək üçün indidən tədbirlər görülməli və məktəblərin gələcəkdə daha ekstremal hava şəraitinə hazır olması təmin edilməlidir.