Azedu.az

Hamı başqa ixtisas gözləyirdi, o isə müəllimliyi seçdi - 637 bal toplayan Lera

AzEdu Təhsil Platforması

10 Oktyabr 2026, 12:12
Hamı başqa ixtisas gözləyirdi, o isə müəllimliyi seçdi - 637 bal toplayan Lera

Yüksək nəticə göstərərək müəllimlik ixtisasını seçən gənclərlə müsahibələrimiz davam edir. Növbəti həmsöhbətimiz 637.1  bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat və fizika müəllimliyi ixtisasına qəbul olan Lera Safiyevadır.  

L. Safiyeva Qusar rayon Piral kənd tam orta məktəbinin məzunudur. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat və fizika müəllimliyi ixtisasında təhsil alır. 

AzEdu.az Lera ilə əlaqə saxlayaraq yüksək bal toplamasına baxmayaraq məhz bu ixtisası və universiteti seçməsinin səbəblərini, uşaqlıq arzusunu və gələcək planlarını öyrənib.

Müsahibimiz  gələcəkdə xaricdə təhsil almağı planlaşdırdığını qeyd edib:

"Uşaqlıqdan müəllimlik peşəsinə böyük həvəsim olub. Düşünürəm ki, müəllim olmaq həm çox məsuliyyətli, həm də son dərəcədə gözəl bir peşədir. Ailəmdə bu peşəni seçən tək şəxs mənəm.

Qəbul imtahanında 637 bal topladığımı biləndə müəllimlik ixtisasını seçməyimə təəccüblənənlər çox oldu. Bəziləri elə düşünür ki, yüksək bal toplayan tələbə mütləq başqa ixtisasları seçməlidir. Lakin zənimcə, hər kəsin öz seçimi və öz səbəbləri var. Əsas məsələ insanın gələcəkdə öz işini sevərək görməsidir.

Təbii ki, hazırlıq dövründə bəzən yorulduğum anlar da oldu. Rejimim belə idi: səhər saat 6-7 radələrində durur, gecə saat 11-də yatırdım. Gün ərzində müəyyən fasilələr verməklə ancaq dərs oxuyurdum. Bu müddətdə telefondan və sosial şəbəkələrdən də istifadə edirdim. Çünki əsas məsələ vaxtı düzgün bölməkdirdir. Telefon diqqəti yayındıra bildiyi üçün dərs oxuyan zaman onu başqa otağa qoyurdum.

Məncə, uğurun sirri davamlı çalışmaq, səbirli olmaq və özünə inanmaqdır. Əlbəttə, bu yolda ailəmin dəstəyi də mənim üçün çox önəmli oldu. Xüsusilə atamın dəstəyi və mənə olan inamı bu nəticəni əldə etməyimdə böyük rol oynadı.

Bakalavr təhsilimi bitirdikdən sonra magistratura oxumaq istəyirəm. Hətta gələcəkdə xaricdə təhsil almaq da planlarım arasındadır. Bunun üçün indidən özümü inkişaf etdirmək, ingilis dilimi yaxşılaşdırmaq və paralell olaraq data analitikasını öyrənmək istəyirəm. Gələcəkdə tam olaraq hansı istiqamətdə davam edəcəyimə isə zamanla dəqiq qərar verəcəyəm.

Mənim üçün ən yaxşı müəllim dərsini yaxşı izah edən, səbirli olan və şagirdlərini başa düşən müəllimdir. Şagirdlər müəllimdən çəkinmədən sual verə bilməlidirlər. Mən də müəllim olsam, istəyərəm ki, şagirdlərim məni onları başa düşən və kömək edən biri kimi tanısınlar.

Abituriyentlərə ilk növbədə özlərinə inanmağı və ruhdan düşməməyi tövsiyə edirəm. Başa düşmədikləri mövzuları sonraya saxlamasınlar, səhvlərini araşdırsınlar və mütəmadi təkrar etsinlər. Yalnız çox test işləmək yox, səhvlərin səbəbini anlamaq vacibdir. Ən əsası isə ixtisas seçiminə ciddi yanaşsınlar. Təkcə yüksək bal toplamağı düşünməsinlər, gələcəkdə hansı sahədə işləmək istədiklərini nəzərə alsınlar. İnsan başqalarının fikrinə görə deyil, öz istəyini və gələcəyini düşünərək seçim etməlidir".

Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...
Son xəbərlərDaha çox