Ötən günlərdə verdiyimiz məlumata verdiyimiz kimi AzEdu Təhsil Platforması təhsillə bağlı yeni, innovativ layihələrini davam etdirir. Platforma daxilində bugündən etibarən “AzEdu Təhsil Mərkəzi”nin fəaliyyətinə start veriləcəkdir.
Təlim mərkəzi əsasən müəllim və namizədlər üçün bir çox istiqamətdə təlim, seminar, konfrans və forumlar təşkil etməklə təhsilverənlərin özünüinkişafı istiqamətində tam fərqli və faydalı proqramla fəaliyyət göstərəcəkdir.
Maraqlıdır ki, "AzEdu Təhsil Mərkəzi”nin fəaliyyətində hansı fərqlilik və yeniliklər nəzərdə tutulur?
Mövzu ilə bağlı AzEdu Təhsil Platformasının icraçı direktoru Elmin Nuri açıqlama verib.
O, qeyd edib ki, əsas özəlliyimiz digər təlimlərdən fərqli mövzuların və həmin mövzularla əlaqəli təlimçilərin, nüfuzlu mütəxəssislərin prosesə cəlbi olacaq:

“AzEdu Təlim Mərkəzi bir çox yenilik və orijinal təşəbbüsləri ilə fərqlənəcək. Bilirik ki, hazırda təhsil dünyasında istər müəllim, istər məktəb rəhbərliyi, üstəlik, tələbələr üçün də ayrı-ayrılıqda təlim mərkəzi, xüsusi öyrənmə, hazırlıq məkanları fəaliyyət göstərir. Bəs, bu məsələdə bizim fərqimiz nə olacaq? AzEdu Təlim Mərkəzi əsasən, müəllimlər üçün təlim və kurslar təşkil edəcək. Bir müəllim niyə məhz bizi seçməlidir? – Təlim mərkəzinin yaradılması ilə bağlı müzakirələr zamanı AzEdu Təhsil Platformasının rəhbərliyi arasında ən çox incələnən məsələ də məhz bu oldu. Amma əmin ola bilərsiniz ki, təlim mərkəzi öz fəaliyyəti ilə ən qısa zamanda “niyə məhz buranı seçməliyəm?” sualına cavab verə biləcək.
Əsas özəlliyimiz digər təlimlərdən fərqli mövzuların və həmin mövzularla əlaqəli təlimçilərin, nüfuzlu mütəxəssislərin prosesə cəlbi olacaqdır.
AzEdu Təhsil Mərkəzinin əsas üstünlüklərindən təlim və seminarların təkcə yerli yox, həm də xarici mütəxəssislər tərəfindən təşkili olacaqdır. Artıq bu istiqamətdə qardaş Türkiyə Cümhuriyyətinin bir neçə nüfuzlu universitetləri və təhsil adamları, tanınmış pedaqoq, psixoloqlar da əməkdaşlıqla bağlı razılıq əldə olunub.
Sözsüz ki, yerli mütəxəssislər arasında da işinin peşəkarları ilə işləməyə məmnuniyyətlə hazırıq. Lakin təlimlərdə müəllimlər üçün tam fərqli fikir mühitinin, fərqli yanaşmaların çatımlılığını təmin etmək üçün xarici mütəxəssislərə də üstünlük veriləcək.
Müəllimlər təlim mərkəzində qatılacağı mövzularla bağlı daha çox praktiki istiqamətdə bilgilənəcək və bu bilgilər onlara birbaşa iş prosesində çox faydalı olacaqdır.
Məsələn, iki detalı nümunə olaraq qeyd edək: müəllimlərə sosial şəbəkələrdən daha faydalı, praqmatik istifadəni öyrədən təlimlərdən sonra istənilən iştirakçı öz faydalılığını daha böyük kütləyə çatdıra biləcəkdir. Bugün yüzlərlə müəllim var ki, onlar uğurlu işlər görsələr də, dövrün əsas tələblərindən olan sosial şəbəkələrdə uğurlu paylaşımları, auditoriyanı daha yaxşı cəlb etməyi, alqoritmik tələbləri və s. bilmirlər. Təlimlərimiz müəllimlərdə bu kimi boşluqları aradan qaldıracaq.
Həmçinin, dövrün əsas tələbi olan süni intellekt alətləri ilə uğurlu iş mexanizmlərini öyrənmək hər müəllim üçün vacibdir. Təlimlərimizdə müəllim artıq süni intellektdən daha dolğun formada istifadə edəcəyi üçün o həmkarlarını bir neçə dəfə qabaqlayacaq. Bu kimi nümunələrdən çox çəkmək olar. Amma düşünürəm ki, təlimlərimizi izləyənlər vaxtaşırı anonslarımızda bütün yenilikləri görə biləcəklər.