Azedu.az

"Bir-birimizi təbrik etməklə bu proses işləməyəcək"- Nazirdən VACİB REAKSİYA

İmtahanlar və qəbul məsələləri

11 Sentyabr 2026, 12:44
"Bir-birimizi təbrik etməklə bu proses işləməyəcək"- Nazirdən VACİB REAKSİYA

“PISA bizim üçün güzgüdür”.

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı bildirib.

“Yaxşı xəbər odur ki, biz nəticələrimizi artıq görməyə başlamışıq. Hamımız birlikdə görürük ki, prinsip etibarilə görülən işlərin nəticəsi var. Bu, hamımız üçün yaxşı xəbərdir.Amma məncə, burada bir balaca eyforiyaya getməməliyik. Bizim bir-birimizi təbrik etməyimizlə bu proses işləmir. 

Bunu başa düşmək lazımdır ki, bu, ölçmədir. PISA yarış deyil ki, orada gümüş və ya qızıl medal qazanaq. Biz sadəcə olaraq PISA-da nəticələrimizi görürük.
PISA bizim üçün güzgüdür. İnsan güzgüyə baxanda özünü təbrik etmir. Sadəcə çalışır ki, özünü daha yaxşı görsün və tanısın. PISA-ya da güzgü kimi baxmaq lazımdır. 

Bu, hər 4 ildən bir bizə tərəf çevrilən bir güzgüdür və biz həmin güzgüdə, prinsip etibarilə, özümüzü görürük.Orada özümüzü görəndə bunu bəyənirik, bəyənmirik, günahkar axtarırıq- bu, ayrı məsələdir. Amma bizim kifayət qədər vaxtımız var ki, növbəti PISA-da və ondan sonrakı PISA-da nəticələrimizi yaxşılaşdıraq.

Tam səmimi olaraq, məncə, hazırda gördüyümüz işlərin nəticələrini daha çox 2029-2033-cü illərdə görəcəyik. Müəyyən mənada, bəzi işlərin nəticələri həmin dövrdə ortaya çıxacaq. Ümid edirəm ki, bunu görəcəyik.


Bu mənada ardıcıllıq, yəni “consistency” dediyimiz, müəyyən mənada yoldan yayınmamaq çox vacibdir. Eyni zamanda, hər bir təhsil işçisinin öz məsuliyyətini başa düşməsi lazımdır. Müəllimdən başlayaraq yuxarıya doğru hər kəs öz məsuliyyətini anlamalıdır.

Müəllimimiz aşağıda oturub PISA haqqında düşünəndə başa düşməlidir ki, 2029-cu ilin PISA-da onun sinfi də qiymətləndirilə bilər və o, nəticəni aşağı salacaq, yoxsa yuxarı qaldıracaq. İdeal sistem belədir. Aşağıdan yuxarıya qədər hər kəs bu barədə düşünür.Amma söhbət təkcə PISA-dan getmir. Söhbət ümumiyyətlə uşaqların rifahından, gələcəyindən gedir.

Qarşıda, təbii ki, çox işimiz var. İşimiz çoxdur. Mən çox istərdim ki, ümumi konturları danışım. Məktəb direktorlarımızdan, xüsusilə sizdən, bizim üçün çox şey asılıdır. Sizin davranışınızdan, idarəetmə bacarığınızdan, məktəbdaxili mühiti düzgün təşkil etməyinizdən çox şey asılıdır.

Biz buna yalnız dəstək ola bilərik. Biz bunu tənzimləyirik, nəzarət edirik. Bunlar dövlətin roludur. Amma bu gün mənim üçün əsas vacib olan və çatdırmaq istədiyim mesaj ondan ibarətdir ki, həqiqətən də biz sistem olaraq işləməyi öyrənməliyik.

Bizim üçün fərdilik, fərdi arzular yox, ümumi müəyyən edilmiş qaydalar əsas olmalıdır. Bu qaydalar yerlərə, yerlərdən də məktəblərə çatdırılacaq. Onları ciddi qəbul edib məktəbdə müəllimlərə izah etmək lazımdır ki, bu proses belə işləyir. Siz bu kiçik məsələlərə fokuslanmaqla böyük nailiyyətlər əldə edə bilərsiniz”.

Rusiyaya dəhşətli hücum başladı - Ukrayna raketlərlə bombalayır
Son xəbərlərDaha çox