Türkiyə Təhsil Nazirliyi Ermənistan vətəndaşı olan uşaqların erməni azlıq məktəblərində təhsil almasına məhdudiyyət qoyub. İndiyədək valideynləri Türkiyədə yaşayan və ya işləyən uşaqlar İstanbulda “qonaq şagird” statusu ilə bu məktəblərdə təhsil ala bilirdilər.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, yeni qərara əsasən, həmin uşaqlar təhsillərini Türkiyənin dövlət məktəblərində davam etdirməlidirlər. Məlumata görə, İstanbulda erməni məktəblərində oxuyan təxminən 3 min şagirddən 70-i Ermənistan vətəndaşıdır.
Qərarın digər azlıq məktəblərinə də təsir etdiyi bildirilir. Məsələ ilə bağlı Türkiyədəki erməni icmasının nümayəndələrinin hökumət rəsmiləri ilə görüş keçirməsi gözlənilir.
Fidan Şahkərəmova