Azedu.az

"DİM artıq uzun illərdir ki, bunu edir" - Nazirliyin PİSA təklifinə cavab - ÖZƏL

Dövlət İmtahan Mərkəzi

8 Sentyabr 2026, 11:07
"DİM artıq uzun illərdir ki, bunu edir" - Nazirliyin PİSA təklifinə cavab - ÖZƏL

PISA beynəlxalq qiymətləndirməsi ilə bağlı məlumatlandırma görüşündə Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev bir sıra zəruri məsələlərə toxunub.

O, media nümayəndələrinin sualını cavablayarkən  DİM imtahanlarında PISA tipli tapşırıqların da  tətbiq edilə biləcəyini vurğulayıb.

Məsələ ilə bağlı, Dövlət İmtahan Mərkəzi tərəfindən AzEdu.az-ın sorğusuna verilən rəsmi cavabda isə  bu növ tapşırıqların tətbiqinin yeni olmadığı və DİM-in 2017-ci ildən etibarən imtahanlarda da istifadə edildiyi bildirilib:

"Təhsil sistemində tədrisin məzmununun elmi-metodiki baxımdan formalaşdırılması əsas amillərdəndir. 2008-ci ildən ölkənin təhsil sistemində fənn kurikulumları tətbiq olunur. Bununla da təhsilin məzmunu dəyişmiş, “yaddaş məktəbi”ndən “təfəkkür məktəbi”nə keçilmişdir. Həmin ildən başlayaraq fənn kurikulumlarının təlim nəticələri və məzmun standartlarının tələbləri nəzərə alınmaqla dərsliklər nəşr olunur. Aydındır ki, bununla əlaqədar olaraq ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış, eləcə də ali təhsil müəssisələrinə qəbul imtahanlarının məzmunu və modeli də dəyişməli idi".

2008-ci ildə birinci sinfə gedən şagirdlər 2017-ci ildə ümumi orta (9 illik), 2019-cu ildə isə tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanları verməli idilər. Həmin dövrdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında, 2016-cı ildən isə Dövlət İmtahan Mərkəzində bununla bağlı hazırlıq işlərinə başlanılmışdır. İlk olaraq qiymətləndirmədə istifadə olunacaq tapşırıq formaları təhlil edildi. Əsas etibarilə ölkə məktəblilərinin də iştirak etdiyi beynəlxalq  PISA qiymətləndirilməsində oxuyub-anlama, tətbiqetmə, nəticəçıxarma və yazı bacarıqlarının yoxlanılmasında istifadə olunan mətnlər və situasiya yönümlü tapşırıqlar araşdırıldı. İmtahanın məqsədindən asılı olaraq bu yönümlü  tapşırıqlar hazırlandı və 2010-cu ildən başlayaraq dərsliklər əsasında tərtib olunmuş “Test tapşırıqları” və “Qiymətləndirmə tapşırıqları” kitablarında dərc edilməyə başlandı. Həmin kitablar dərsliklərin yeni nəşrlərinə uyğun olaraq hər il təkmilləşdirilir.

Yəni, bu növ tapşırıqların tətbiqi yeni deyil və DİM faktiki olaraq 2017-ci ildən etibarən imtahanlarda da istifadə edir. Hazırda buraxılış və qəbul imtahanlarının test bloklarında da bilik və bacarıqların daha dərin və hərtərəfli yoxlanılması məqsədilə məntiqi düşünməyə əsaslanan, tətbiq yönümlü və səbəb-nəticə əlaqəsi üzərində qurulan klaster, Eyler-Venn diaqramı, cədvəl, qrafik, sxem və şəkil formalı, eləcə də qapalı, cavabı kodlaşdırıla bilən və cavabı yazı ilə ifadə olunan açıq tipli tapşırıqlardan istifadə olunur.

Həmçinin DİM-də 2017-ci ildən fəaliyyət göstərən imtahan fənləri üzrə hazırlıq kurslarında PISA qiymətləndirilməsinə uyğun tapşırıqların tərtibi və onların qiymətləndirmə meyarlarının hazırlanmasına verilən tələblər haqqında geniş məlumat verilir".

 

Zəngəzuru vuracağıq! - İrandan SƏRT ULTİMATUM
Son xəbərlərDaha çox