Artıq yeni tədris ilinin başlanmasına 1 həftədən az vaxt qalıb. 15 sentyabrdan etibarən şagirdlərin qarşılaşdığı əsas çətinliklərdən biri yuxu rejiminin pozulması və səhərlər erkən oyanmağa adaptasiya ola bilməmələridir.
Valideynlər uşaqlarının yuxu rejimini məktəb başlamazdan əvvəl tədricən qaydaya salmaq üçün hansı addımları atmalıdırlar?
AzEdu.az-a mövzu ilə bağlı tanınmış psixoloq Nizami Orucov danışıb.
Psixoloq qeyd edib ki, məktəbin ilk günü uşağı erkən yatmağa məcbur etmək yox, yuxu saatını hər gün 15-30 dəqiqə qabağa çəkmək daha effektivdir:

“Məktəb başlamazdan əvvəl ən vacib məsələlərdən biri uşağın yuxu rejimini birdən-birə deyil, tədricən dəyişməkdir. Yayda uşaq gec yatıb, gec oyanmağa öyrəşibsə, məktəbin ilk günü onu birdən-birə çox erkən yatmağa məcbur etmək adətən effektiv olmur. Yatmaq və oyanmaq saatını hər gün təxminən 15-30 dəqiqə əvvələ çəkmək daha rahat keçid yaradır. Məktəbə qədərki günlərdə səhər oyanma saatını da mümkün qədər sabit saxlamaq lazımdır.
Axşam saatlarında telefon, planşet və digər ekranlardan istifadənin azaldılması da vacibdir. Yatmazdan əvvəl uşağın daha sakit fəaliyyətlərə keçməsi, otağın rahat olması və hər gün eyni ardıcıllığın qorunması beynə artıq yuxu vaxtının gəldiyini göstərən bir rutin yaradır. Səhər isə gün işığı almaq və gün ərzində fiziki aktiv olmaq yuxu rejiminin tənzimlənməsinə kömək edə bilər”.
Müəllimin əsas vəzifəsi ilk günlərdə nəticə tələb etmək deyil, adaptasiyaya dəstək olmaqdır:
“Amma məktəbə qayıdış yalnız yuxu rejiminin dəyişməsi demək deyil. Uşaq bir neçə ay ərzində daha sərbəst rejimdə yaşadıqdan sonra yenidən dərs, ev tapşırığı, erkən oyanmaq və məktəb qaydalarına uyğunlaşmalıdır. Ona görə də bu keçidi uşaq üçün “indi istirahət bitdi, artıq ciddi rejim başlayır” şəklində təqdim etməkdənsə, tədricən qurmaq daha doğrudur.
Valideynlər uşağı məktəblə qorxutmamalıdırlar. “Bu il çox çətin olacaq”, “dərslərini oxumasan, pis olacaq”, “müəllimdən qorx” kimi ifadələr uşağın məktəbə başlamamışdan əvvəl narahatlıq yaşamasına səbəb ola bilər. Eyni zamanda uşağı başqa uşaqlarla müqayisə etmək, qiymətlərə görə həddindən artıq təzyiq göstərmək və ilk gündən yüksək nəticə gözləmək də düzgün yanaşma deyil.
Müəllimlərin də burada rolu böyükdür. İlk günlərdə uşaqlardan dərhal əvvəlki tempə qayıtmağı gözləmək əvəzinə, onların adaptasiya müddətini nəzərə almaq lazımdır. Xüsusilə birinci sinfə başlayan və ya yeni məktəbə keçən uşaqlarda narahatlıq daha çox ola bilər. Uşağın hisslərini kiçiltmək əvəzinə, onu dinləmək və təhlükəsiz mühit yaratmaq daha faydalıdır”.
Uşağın davranışındakı dəyişiklikləri vaxtında görmək və səbəbini araşdırmaq vacibdir:
“Valideyn üçün əsas məqsəd uşağın məktəbə qayıdışını problemsiz göstərmək deyil, onun özünü təhlükəsiz və hazırlıqlı hiss etməsinə kömək etməkdir. Uşaq ilk günlərdə yorula, səhər oyanmaqda çətinlik çəkə və məktəbə getmək istəmədiyini deyə bilər. Bu, hər zaman ciddi problem olduğu anlamına gəlmir. Əsas odur ki, valideyn uşağın davranışındakı dəyişiklikləri müşahidə etsin və adaptasiya üçün ona vaxt versin.
Əgər narahatlıq, yuxu problemləri, məktəbə getməkdən ciddi şəkildə imtina və ya əhval dəyişiklikləri uzun müddət davam edirsə və uşağın gündəlik həyatına təsir göstərirsə, bu halda məsələni sadəcə “məktəbə öyrəşəcək” deyə gözləməkdənsə, səbəbi araşdırmaq və lazım gəldikdə mütəxəssis dəstəyi almaq daha doğru olar”.