Azedu.az

Yunanıstanda 8 türk məktəbi bağlanıb - SƏBƏB AÇIQLANDI

Orta təhsil

17 Oktyabr 2026, 09:53
Yunanıstanda 8 türk məktəbi bağlanıb - SƏBƏB AÇIQLANDI

Yunanıstanda yaşayan türk azlığının 8 ibtidai məktəbi 2026-2027-ci tədris ilində fəaliyyətini dayandırıb.

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, məktəblərdən 5-i Rodopda, 2-si İskeçədə, 1-i isə Meriç bölgəsində yerləşir.

Qərbi Trakya Türk Azlığı Məşvərət Şurasının sədri Mustafa Trampanın sözlərinə görə, məktəblərin fəaliyyəti şagird sayının az olması səbəbindən dayandırılıb. Qərar müvəqqəti hesab edilsə də, məktəblər faktiki olaraq bağlanıb.

Mustafa Trampa bildirib ki, bu məktəblər uşaqların türk dilində təhsil alması və milli-mədəni dəyərlərini öyrənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun fikrincə, şagird sayının az olması məktəblərin bağlanması üçün əsas götürülməməli, azlıq məktəblərinin xüsusi statusu nəzərə alınmalıdır.

İskeçə Azlıq Orta Məktəbi və Liseyinin Himayəçilər Şurasının sədri Ozan Ahmetoğlu da məktəblərin bağlanmasının uşaqların təhsilinə təsir etdiyini bildirib. Onun sözlərinə görə, kəndlərdəki məktəblər bağlandıqda azyaşlı şagirdlər başqa yaşayış məntəqələrində yerləşən məktəblərə getməli olurlar. Bu isə uşaqlar və ailələri üçün əlavə çətinliklər yaradır.

Ahmetoğlu Yunanıstan Təhsil Nazirliyini məsələ ilə bağlı türk azlığının nümayəndələri ilə müzakirələr aparmağa çağırıb. O, uşaqların öz məktəblərində həm türk, həm də yunan dilində təhsil almaq hüququnun qorunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, Qərbi Trakya türk azlığının nümayəndələri məktəblərin bağlanmasının uşaqların ana dilində təhsil imkanlarını məhdudlaşdıracağından narahatdırlar.

 

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox